Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:33

İcra Hakmiyyətinin mənzil siyahısı İmişlidə narazılıq doğurub...


Şəhid və əlil ailələri üçün dövlət hesabına İmişlidə tikilən bina
Şəhid və əlil ailələri üçün dövlət hesabına İmişlidə tikilən bina
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə dayanan Qarabağ əlilləri, şəhid ailələrinin növbəlilik siyahısı açıqlanıb. İmişli Rayon İcra Hakimiyyətinin 2013-cü il mayın 1-də təqdim etdiyi siyahıya bu kateqoriyaya aid edilən ümumilikdə 91 nəfərin adı düşüb.

“6 İL ƏRZİNDƏ ADIM SİYAHIYA SALINMAYIB”

Tariel Şirinli
Tariel Şirinli
İmişli şəhərində yaşayan II qrup Qarabağ əlili Tariel Şirinli mənzil növbəsində dayandığı halda, adını siyahıda tapa bilmədiyini deyir:

“Mən torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş, “Küdrü qartalları” dəstəsinin komandiri olmuşam. 2008-ci ilin dekabrında sənədlərimi İmişli Rayon İcra Hakimiyyətindəki mənzil komissiyasına təqdim etmişəm. Amma indi baxıram ki, mənim adım mənzil növbəsində dayananlar arasısında yoxdur.”

“SİYAHINI ONA GÖRƏ GİZLİ SAXLAYIBLAR Kİ...”

Həmsöhbətim bildirir ki, dəfələrlə İmişli RİH başçısına yazılı surətdə müraciət edərək, mənzil növbəsində dayananların siyahısının və bu barədə verilmiş sərəcamların açıqlanmasını istəyib. Lakin onun sorğusu cavablandırılmayıb. İnsan Hüquqları üzrə müvəkkilə etdiyi şikayətin də nəticə vermədiyini deyən əlil, indiyədək siyahının gizlədilməsini, mənzil növbəsinə bəzi imtiyazlı şəxslərin adının daxil edilməməsi, əvəzində bu kateqoriyadan olmayanların növbəyə götürülməsi ilə əlaqələndirir:

“Küdrü qartalları” dəstəsinin komandiri Tariel Şirinov
“Küdrü qartalları” dəstəsinin komandiri Tariel Şirinov
“Şəhid və əlil ailələri üçün dövlət hesabına İmişlidə iki bina tikilib. Hər iki binadakı mənzillər paylanılarkən narazılıq olub. Bəzi şəxslərin rüşvətlə mənzilə yiyələnməsi barədə söz-söhbət gəzib. Sənədlərin it-bata salınması, daha çox otağı olan mənzilə yiyələnmək üçün ailə üzvlərinin sayının süni surətdə artırılması və digər neqativ hallar olub.

2-ci binadan mənzil alanların əksəriyyəti kəndlərdə yaşayanlar olub, onların bir çoxu mənzilini ya satıb, ya da kirayəyə verib. Bu onu göstərir ki, həmin adamların mənzilə ehtiyacı olmayıb.

Yaxşı ki, bu dəfə mənzillər paylanılmamış siyahı ortaya çıxdı. Orada mənzil almaq hüququ olmayan xeyli sayda adamın adı var. Əvəzində mənim kimi bəzi imtiyazlı şəxslər siyahıdan kənarda qalıb.”

“BU, SIRF TEXNİKİ SƏHVDİR”

İmişli Rayon İcra Hakimiyyətindəki mənzil komissiyasının katibi Rahim Zahidov siyahının tərtibi zamanı texniki səhvə yol verildiyini bildirir:

“İmtiyazlı şəxslərdən başqa da mənzil növbəsinə götürülənlər var. Bu siyahı hazırlanarkən iki şəxsin adı ümumi siyahıda qalıb. Bu, sırf texniki məsələdir. Həmin şəxslər, o cümlədən Tariel Şirinli mənzil növbəsinə İmişli RİH başçısının sərəncamı ilə qəbul edilib. Artıq siyahı dəqiqləşdirilib və göndərilib. Onsuz da saytda yerləşdirilən 7 ay əvvəlki məlumatdır. Bu müddətdə daha bir neçə nəfər mənzil növbəsinə götürülüb ki, yeni siyahıya onların da adı əlavə edilib. Mənzillər paylananadək bu siyahı bəlkə 10 dəfə dəyişdirilə bilər, dönə-dönə ələyib ələkdən keçirəcəklər.”

“İCRA HAKİMİYYƏTİNİN SİYAHISINA XÜSUSİ KOMİSSİYADA BAXILIR”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) açıqlamasına görə, nazirlik tərəfindən inşa etdirilmiş yaşayış evlərindəki mənzillərin bölgüsü rayon (şəhər) icra hakimiyyətlərindən məktubla təqdim olunmuş növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılmış müvafiq Xüsusi Komissiya tərəfindən həyata keçirilir.

“Şəffaflığın daha da artırılması məqsədilə komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib”- məlumatda belə deyilir.

AzadlıqRadiosunun sorğusunu cavablandıran ƏƏSMN-in Xüsusi Komissiyasının üzvlərindən biri, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli də təsdiqləyir ki, icra hakimiyyətlərinin təqdim etdiyi siyahılarda olan bəzi şəxslərin həmin binalardan mənzil almaq hüququ yoxdur:

“Çoxmərtəbəli binalardan mənzillər Əfqanıstan, Çernobıl, “20 yanvar” və Qarabağ əlilləri, şəhid ailələri üçün nəzərdə tutulub. Bu kateqoriyadan olan vətəndaşlar yaşadıqları ərazi üzrə yerli icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülür. Komissiya müvafiq icra hakimiyyətinin təqdim etdiyi siyahıya baxır, iclasa onların nümayəndələri də dəvət olunur. İlkin olaraq mənzil almaq hüququ olmayan şəxslərin adları siyahıdan çıxarılır. Məsələn, hərbi xidmət, əmək əlili, Qarabağ savaşında həlak olanın qardaşı, bacısı, nəvəsi və digər qohumu bu imtiyaza malik deyil. İcra hakimiyyətlərinin siyahısında belə şəxslərin adlarının olmağı o demək deyil ki, həmin binadan onlara da mənzil veriləcək”.
XS
SM
MD
LG