Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17
-

Sizin ürəyiniz daşdan-dəmirdəndi? Necə dözürsüz bu qədər göz yaşına?


Xuraman Hüseynzadə


AĞLAŞMA PROQRAMLARI


Resept yazdıqan, tövsiyələrini verdikdən sonra elə beləcə də dedi: “Ağlaşma tipli proqramlara qətiyyən baxmaq olmaz.” Həkimin bu məsləhəti şifahi resept idi...

Deməli, kiminsə ailə dramı, faciəsi haqda çəkilən verilişlər artıq “ağlaşma tipli” statusu qazanıb.

Daha doğrusu, bu statusu həmin verilişlərə qazandırıblar.

Niyə bizdə insanlar neqativ enerjiylə yüklənməyi bu qədər sevirlər? Üstəlik başqalarını da bu enerjiyə kökləyirlər...

Baxırsan ki, gəncəcik bir şairdi, hələ həyatın bərkindən-boşundan çıxmayıb. “Göz yaşlarım selə döndü” kimi misralar yazır, ah-naləsi ərşə dirənir...

Bizim bəzi televiziya aparıcısının bu sahədə əxz etdiyi bacarığı heç şimali koreyalılar da bacarmaz. Problemi olduğu kimi qabartmaq, tamaşaçıya, oxucuya çatdırmaq olar. Heç bir emosiya-filan istifadə etmədən...

Hər kəsin özünə görə dərdi, qayğısı var. Bütün gün problemlərlə əlləşən Azərbaycan adamı axşam evində televizoru açır ki, dünyadan xəbərdar olsun. Görür ki, burda da problemdi, ağlaşmadı, ah-nalədi. Binəva indi gəlsin, gözünü yumub rahat yatsın. Adam efirdə gördüklərini az qala yuxusunda da görür...

TV aparıcılarımız inciməsin. Amma etiraf etsinlər ki, onlara konkret göz yaşı və emosiyaların gətirdiyi reytinq lazımdı. Elə bil “kim daha yaxşı ağladır” yarışmasıdır. Xitab: nə olub, əfəndilər? İraq olsun, hüzr məclisi aparırsınız? Yetərincə sosial problemlər içərisində boğulan tamaşaçını bir də göz yaşı içərisində boğmağa lüzum varmı? İnsaf da yaxşı şeydi axı... İnsanların altşüuruna bu cür təsir mexanizmi işləyib hazırlamaq peşəkarlıq deyil. Və dərdli insanları milyonların gözü qarşısında hönkür-hönkür ağlatmaq da humanizm, peşəkarlıq prinsiplərinə ziddir. Sizin ürəyiniz daşdan-dəmirdəndi? Necə dözürsüz bu qədər göz yaşına? Yəni doğrudanmı reytinq sizə əsəbinizdən, ürəyinizdən daha vacibdi?

Təbii ki, bu qədər saxta kədərin fonunda təbiilik görə bilmərik. Başa düşürük, savab qazanırlar-itkin düşmüş, yoxa çıxmış adamları tapıb doğmalarına qovuşdurmaq savabdır, ailə dramları ilə tamaşaçıları tanış etmək, polemika aparmaq vacibdir. Bəlkə hansısa məşhur adamın şəxsi həyatındakı ağrılı məqam da kim üçünsə maraqlıdı. Bir söz demirik. Amma niyə bunu dramatikləşdirib tamaşaçıya gərginlik, stress yaşadırlar axı? Problemsiz adam varmı? Bəlkə bir az da rəngli düşünsünlər, pozitiv layihələr işləyib hazırlasınlar?!

Kriminal xəbərlərə seçilən tükürpədən başlıqları yumşaltmaq, ağlaşma proqramlarının göz yaşlarını kəsmək lazımdı. Adamlara yazığınız gəlsin, əfəndilər. Barı arada əsəb, ürək xəstələrinin qəbul etdiyi dava-dərmanın qiyməti ilə maraqlanın...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG