Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:01

Naxçıvanda müxalifətçi baytar tapmır


Heyvan şişir, sonra ölür.
Heyvan şişir, sonra ölür.
-
Naxçıvanlı fermer Zeynal Bağırzadə kütləvi xəstəliyə yoluxmuş heyvanlarına baytarlıq xidməti göstərilmədiyindən şikayətçidir.

Fermer deyir ki, heyvanları iki həftə öncə yoluxucu xəstəliyə tutulsa da, baytarlıqdan onun müraciətinə cavab verən yoxdur.

AXCP fəalı olan Zeynal Bağırzadə yardım olunmamasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirir:

«500 başdan çox xırdabuynuzlu heyvanım var. Onlardan bir neçəsi xəstəlikdən qırılıb. Qəribə xəstəlik yayılır heyvanlar arasında. Heyvan şişir, sonra ölür. İki həftədir gəlib iynə vuran yoxdur. Bir az da belə davam etsə, bütün heyvanlar qırılacaq. Yaşadığım Nehrəm kənd Baytarlıq şöbəsindən dedilər ki, sən müxalifətçisən deyə, heyvanlara yardım etməyəcəyik. Dərmanları öz pulumla almışam, iynə vurmağa baytar tapa bilmirəm. Bundan sonra muxtar respublikanın baytarlıq idarəsinə müraciət etdim. Onlar da məndən iynə vurmaq üçün pul istədilər. Dedim axı, iynə vurmaq pulsuzdur. Bir də zəng vurdum, rəis dedi ki, sən 1-2 həftə öncə Nehrəmdəki problemlə bağlı mətbuata danışmısan, ona görə yardım edə bilməyəcəyik».

«İYNƏ VURARIQ, HAMISI QIRILAR»

Naxçıvan Muxtar Respublika Baytarlıq İdarəsindən suallarımıza cavab vermək istəmədilər.

Nehrəm kənd Baytarlıq Şöbəsindən isə Zeynal Bağırzadənin iddialarının əsassız olduğunu bildirdilər. Şöbə müdiri Cəlil Əhmədəliyev xəstə heyvanlara yardım olunmamasını havanın şaxtalı keçməsi ilə əlaqələndirdi:

«Bizim üçün fərqi yoxdur o, cəbhəçidir, ya başqa birisi. Sadəcə, hələlik hava şaxtalıdır deyə, heyvanlara iynə vura bilmirik. İynə vurarıq, hamısı qırılar. Naxçıvanda 15-20 dərəcə şaxta var. Havalar düzəlsin, iynə vurarıq. Yaxud da bir də müraciət etsin, bir şey fikirləşərik».
XS
SM
MD
LG