Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:51

Saatlı sakini: «Oğlumu xilas edin»


Hüseyn Məmmədov
Hüseyn Məmmədov
-
“Doğulanda gözaydınlıq verdilər ki, oğlun olub. Amma bircə gün də olsun buna sevinə bilmədik. 3 ildir ki, uşaq qucağımızda xəstəxana qapılarında qalmışıq, neçə dəfə onu İrana aparmışıq, amma dərdinə əlac tapa bilmirik.”

“ÖZ HESABINA DƏRMAN AL, MÜALİCƏ EDƏK”

Saatlı, Qara Nuru kəndi
Saatlı, Qara Nuru kəndi
Saatlı rayonunun Qara Nuru kəndində yaşayan Samir Məmmədov yeganə övladları olan Hüseyni xilas etmək üçün çəkdikləri cəfanı elə ürək yanğısı ilə danışır ki, adam təsirlənməyə bilmir. Uşaq serebrial iflicdən əziyyət çəkir. 3 yaşa çatsa da, hələ də otura, yeriyə, aktiv hərəkətlər edə bilmir, əlləri, ayaqları daim qıc olmuş vəziyyətdə qalır.

Ata ölkənin səhiyyə təşkilatları və tibb müəssisələrindən gileylənir:

“Uşaq ağır vəziyətdə olanda çox böyük çətinliklə onu ixtisaslaşmış xəstəxanalarda müayinə etdirə bildik. Əvəlcə Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda, sonra isə Uşaq Nevroloji Xəstəxanasında müayinə və müalicə olundu.

Fərqli diaqnozlar qoyulurdu: biri deyirdi doğuş zamanı boğulma olub, digəri isə beyninə qan sızdığını bildirirdi. Nevroloji Xəstəxanada 11 gün ərzində uşağın müalicəsi üçün cəmi 3 manat 50 qəpiklik dərman pereparatından istifadə edilib. Mənə açıqca bildirildi ki, öz hesabına dərman al, müalicə edək.”

MÜALİCƏ TƏDBİRLƏRİ YERLİ İCRA HAKİMİYYƏTİNƏ TAPŞIRILIB?!

Hüseynin atası Samir Məmmədov
Hüseynin atası Samir Məmmədov
Hüseynin müalicəsinə köməklik göstərilməsi xahişilə həm atası Samir Məmmədov, həm də onun atası, Qara Nuru kəndində müəllim işləyən Xanoğlan Məmmədov prezidentə, səhiyyə nazirinə dəfələrlə yazılı müraciət edib. Nə qədər qəribə olsa da, müraciətlərə baxılması və tədbir görülməsi işi Saatlı Rayon İcra Hakimiyyətinə tapşırılıb.

Sonuncunun köməkliyi sayəsində Hüseyn Məmmədli Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyinin tabeliyində olan Uşaq Bərpa Mərkəzinə göndərilib. Lakin burada cəmi 9 gün saxlanılıb və “nisbi yaxşılaşma” nəticəsi, massajın və müalicə bədən tərbiyəsinin davam etdirilməsi tövsiyəsi ilə evə buraxılıb.

“İCRA BAŞÇINIZA DEYƏRSƏN Kİ...”

Samir deyir ki, Saatlı RİH başçısı Sıraqəddin Cabbarov öz adından Səhiyyə Nazirliyindəki vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının sədri Nəsib Quliyevə müraciət edib:

“Tələb olunan sənədləri toplayıb böyük ümidlə Bakıya getdim. Amma məni qəbul edən Nəsib Quliyev dedi ki, hazırkı vaxtda bizim belə bir imkanımız yoxdur, qayıdıb icra başçınıza deyərsən ki, əgər uşağa bu qədər canı yanırsa, onu öz hesabına xaricə göndərsin.”

“BANKLARA BORCUM 5 MİN MANATI KEÇİR”

Xəstəliklə bağlı müraciətlər
Xəstəliklə bağlı müraciətlər
Samir Məmmədov əllərini Azərbaycaycandakı tibb müəssisələrindən üzdükdən sonra xəstəni İrana apardıqlarını deyir:

“Hər iki ayda bir dəfə İrana gedirik. Orada Kanadadan olan bir həkim var, onun təyin etdiyi müalicəni aparırıq. İranda da bizə deyirlər ki, 6 yaşa çatanadək Almaniya, İsrail və başqa ölkələrdəki bərpa mərkəzlərində müalicə olunsa, Hüseyni sağlam həyata qaytarmaq olar. Amma buna xeyli vəsait tələb olunur. Hər dəfə İrana getmək üçün 300 manat pulu güclə tapırıq. Banklara borcum 5 min manatı keçir.”
XS
SM
MD
LG