Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Nehrəm sakini: "Deyirlər sığortan yoxdursa, sənə arayış verməyəcəyik"


arxiv foto

arxiv foto

-
Naxçıvanda icbari sığorta qaydalarına əməl etməyənlərə yaşayış yeri haqqında arayış verilmədiyi bildirilir. Bu haqda AzadlıqRadiosuna bir qrup yerli sakin məlumat verib. Onların sözlərinə görə, bu qayda vətəndaşlara mənzil istismar idarələri və yerli icra nümayəndəliklərində tətbiq edilir. Bəzi şikayətçilər deyir ki, bəzən adına daşınmaz əmlak olmayan vətəndaşlardan da məcburi sığorta tələb olunur. Şikayətçi Rövşən Bağırov deyir ki, Babək rayonunun Nehrəm kəndindəki atasının adına olan evdə qeydiyyatdadır. Rövşən Bağırov bildirir ki, yeni doğulan uşağına südpulu almaq üçün ondan yaşayış yeri haqqında arayış istəyiblər. Kəndin icra nümayəndəliyində arayış üçün ondan 36 manat icbari sığorta pulu tələb edilib:

“DEDİLƏR Kİ, GET EV, TORPAQ SIĞORTASINI GƏTİR, YAXUD DA 36 MANAT PUL...”

“Mənim adıma nə ev, nə də torpaq sahəsi var. Buna baxmayaraq, kəndimizin icra nümayəndəliyində məndən sığorta tələb etdilər. Dedilər ki, get ev, torpaq sığortasını gətir, yaxud da 36 manat pul gətir, biz sığorta etdirək. Deyirlər sığortan yoxdursa, arayış verməyəcəyik. Mən də deyirəm kimin sığortasını gətirim? Axı mənim adıma nə torpaq, nə də ev var. Başa sala bilmirəm onları. Mən özüm atamın yanında yaşayıram, ev də onun adınadır. Bunun mənə nə aidiyyəti var? 60-70 manat südpulu verəcəklər, onu da burnumuzdan gətirirlər. Baxıb görürlər vətəndaş haradan 5-10 manat alacaq, tez bir bəhanə ilə həmin pulu ondan qoparmaq istəyirlər”.

İCRA NÜMAYƏNDƏSI: “MƏNİM YANIMA BELƏ ADAM GƏLMƏYİB”

Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov iddialara qısa cavab verərək bildirdi ki, ona bu cür şikayətlə müraciət edən olmayıb:

“Mənim yanıma belə adam gəlməyib”.

Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Agentliyinin əməkdaşı Əli Hacıyev bildirdi ki, Naxçıvanda məcburi sığorta qanunun tələbləri çərçivəsində toplanır:

“İcra nümayəndəlikləri məcburi sığorta tələb edə bilməz. Belə bir şey yoxdur. Bu mümkün deyil axı”.

“ÖZBAŞINALIQ OLAN YERDƏ...”

Hüquqşünas Müzəffər Baxışov da deyir ki, icbari sığortanı ödəmədiyinə görə vətəndaş yalnız inzibati məsuliyyətə cəlb oluna bilər:

“Qanuna görə, daşınmaz əmlakların sığortalanması məcburidir. Bunu etmədikdə həmin şəxsləri inzibati məsuliyyətə cəlb etmək olar. Ancaq sığorta etdirmədiyinə görə arayış verməmək, uşağını bağçaya qoymamaq, bunlar özbaşınalıqdır. Buna başqa ad qoymaq mümkün deyil. Naxçıvan normal bir yer deyil, burada qanunlar işləmir. Burada qanunlar hansısa şəxsin göstərişi ilə işləyir. Ona görə də yerdəki məmurlar da bu cinayəti edirlər. Özbaşınalıq olan yerdə məmurlar qanunla yox, göstərişlə işləyirlər. Həmin məmur cinayət məsuliyyəti daşıyır. Belə getsə, bu özbaşınalıqlar davam edəcək. Yəqin ki, gələcəkdə sığortasını ödəməsələr, insanların suyunu, elektrikini, qazını da kəsəcəklər. Qaldı ki, bir evə görə bir neçə nəfərdən sığorta istəmək, bu da tamam qanunsuzluqdur. Əmlak kimin adındadırsa, sığorta da yalnız həmin şəxsdən tələb oluna bilər”.

Şərhləri göstər

XS
SM
MD
LG