Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 15:00

Gəncə-Şəmkir kartofçuları qazanc əldə etməyə həsrət qalıblar


arxiv foto
arxiv foto
-
Azərbaycanda benzinin qiymətinin artmasının kənd təsərrüfatına təsiri artıq açıq şəkildə hiss olunmaqdadır. Hər halda Gəncə-Şəmkir yolu boyunca bir sıra təsərrüfat sahiblərinin malları indi bir növ əllərində qalıb. Halbuki, yaz-yay aylarında, qızmar günəş altında torpaq şumlayan, tərəvəz becərən kəndlilər bir xeyli ümidli idilər. Əkdikləri kartofları satıb qış boyunca dolanacaqlarını, qazandıqları pulla sobalarına odun alıb evlərini qızdıracaqlarını düşünürdülər. Artıq əkin də bitib, yığım da. Di gəl ki, məhsul qalıb yüklü iri arabalarda.

Koroğlu
Koroğlu
20 sot torpaq sahəsini becərib, 4 ton kartof məhsulu əldə edən Şəmkirin Çinarlı kənd sakini Koroğlu Məmmədov deyir ki, məhsulun heç 1 tonunu sata bilməyib. Benzin qiymətinin artması durumlarını daha da ağırlaşdırıb:

ALVERÇİNİN 70 QƏPİYƏ SATDIĞI KARTOFU KƏNDLİ 50 QƏPİYƏ SATIR...

“Benzin qalxdı, təsiri oldu. Əvvəl 5 manata getdiyimiz yerə indi 15 manata gedirik. Qabaq sahəni 40 manata əkdirirdik, indi 70 manata əkirlər. Stabil qiymət olsun, 50 qəpikdən öz əkdiyimizi sata bilək. Bir təşkilat ola aparıb ora verərdik. Bazara gedirsən, yerlər hamısı tutulub, sata bilmirik. Alverçi 60-70 qəpiyə satmaqdansa, biz 50 qəpikdən verərik. Dəfələrlə getmişik, sata bilməmişik. Bazardakılar imkan vermirlər”.

Yol kənarında dayanmış alıcı gözləyən digər satıcılar da kartofu sata bilməməkdən gileylənirlər. Rövşən Alıyev deyir ki, təsərrüfata verilən azotun qiyməti də 4 manat bahalaşıb:

“HEÇ ƏKİNƏ SƏRF ETDİYİMİZ XƏRCİ ÇIXARA BİLMİRİK”

kartof satanlar
kartof satanlar
Rövşən Alıyev:

“Hərə öz yerini öz pulu ilə götürüb, əkirik. Hərənin 25-30 sot yeri var. Nə azot verirlər, nə kübrə. Azotun kisəsini 30 manata alırıq. Kartofa azot, böcəyə qarşı dərmanlar vurulur. Bu il 30 sota yaxın kartof əkmişəm, 2 ton kartof almışam. Məhsuldarlıq az olub. Azotu, kübrəsi az olub, imkan yoxdur. Elə olur heç qoyduğun mayanı çıxarmaq olmur”.

Soyuq havada üşüyən, əllərini ovuşduran kəndlilərin gileyi bitmirdi:

“İndi kartofun hektarının əkilməsi 70 manata başa gəlir. Necə sərf edə bilər ki? Biz bu məhsuldan nə əldə edə bilərik? Qabaqlar 10-15 manat qazanc olurdu, hər kisədə”.

“BAZARDA ALVERÇİLƏR, YOLDA POLİSLƏR MANE OLUR”

“Burda durmağımıza yol polisi, nəqliyyat departamenti imkan vermir ki sataq. Dərdimizi kimə deyək? Gedirik bazarda alverçilər qoymur ki, sataq. Burda da polislər imkan vermirlər. O gün 102-yə zəng elədim, 8 nəfər məni maşına qoyub aparır, özünü təqdim etmir, zorakılıq edirlər”.

“Burdan bazara aparmaq üçün kisənin biri 1 manata başa gəlir. Kisədə 20 kilodur, bunu neçəyə sataq ki, həm yol pulu verək, həm bazar pulu, özümüzə heç nə qalmır. Kartofu əkib becərməyə dəyməz”.

Gəncə bazarlarında kartofun kilosunun qiyməti 80 qəpikdən ucuz deyil. Bəzi yerlərdə isə Gədəbəy kartofu 1 manata satılır. Məhsulunu 50 qəpiyə satan Koroğlu Məmmədov kimi fermerlərin isə malı əllərində qalıb.
XS
SM
MD
LG