Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19

Qərb kəşfiyyatı cihadçılara qarşı Assadı dəstəkləyir?


Foto (Arxiv)

Foto (Arxiv)

Britaniya qəzetləri və BBC-nin yaydığı xəbərlərdə deyilir ki, bir sıra Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin nümayəndələri təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Dəməşqdə olublar.

-
Britaniya qəzetləri və BBC-nin yaydığı xəbərlərdə deyilir ki, bir sıra Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin nümayəndələri Cenevrə-2 konfransı ərəfəsində təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Dəməşqdə olublar.

Qəzetlər yazır ki, Britaniya və Avropa kəşfiyyatlarının Bashar al-Assad rejimi ilə təhlükəsizlik danışqılarına Birləşmiş Krallığın MI6 hərbi kəşfiyyatının “təqaüddə olan zabiti” başlayıb.

Bu barədə məlumatlarda deyilir ki, danışıqlar Qərbin rəsmi mövqeyinin Assada qarşı olduğu bir vaxtda gedir.

Xəbər verilir ki, Avropa kəşfiyyatçıları prezident Assad-ın təhlükəsizlik üzrə müşaviri ilə görüşüblər, hərçənd bu müşavir Avropa sanksiyalarının qara siyahısındadır.

“The Guardian” yazır ki, bir sıra başqa məlumatlar da belə bir görüş barədə xəbərlərin mötəbərliyinə inanmağa əsas verir. Beləki, BBC-yə müsahibəsində Suriya xarici işlər nazirinin müavini Faisal al-Mokdad informasiyanı təsdiq etmiş, lakin konkret ölkə adları çəkməkdən boyun qaçırmışdı.

Assad hakimiyyətdə qala bilər

Şərhçilər bildirirlər ki, Assad rejiminin 40 illik hakimiyyətinə qarşı mübarizə dünyəvi fəalların və yerli yaraqlıların kollektiv aksiyası kimi başlansa da, sonradan münaqişə üçtərəfli məzhəb toqquşmasına çevrilib.

İndi bu münaqişədə əl-Qaeda özünün ən qəddar bölüklərindən olan “İraqın və Şamın İslam Dövləti” (Islamic State of Iraq and al-Shams - ISIS) təşkilatının vasitəsilə iştirak edir.

Bu təşkilata aid silahlı birləşmələrdə əksərən xarici ölkələrdən gəlmiş cihadçılar döyüşürlər.

“Wall Street Journal” qəzeti bir sıra Qərb rəsmilərinə istinadən bildirib ki, Suriya ilə danışıqlarda “cihadçılar və əl-Qaedanın münaqişədə getdikcə artan rolu” məsələsi müzakirə olunub, lakin bu, Dəməşqlə diplomatik danışıqların bərpası hesab olunmamalıdır.

Bununla, belə bu cür xəbərlər Suriya müxalifətini narahat etməyə bilməz. Onların çıxardıqları nəticə budur ki, ABŞ, Britaniya və başqa Avropa ölkələri Assadın yaxın gələcəkdə ölkə başçısı olaraq qalması ilə razılaşıb.

Britaniyanın da daxil olduğu “Suriyanın dostları” qrupu Suriya Milli Koalisiyasının Cenevrə danışıqalarında iştirakını təmin etməyə çalışır.

Suriya müxalifəti isə inadla bildirir ki, Suriya barədə istənilən danışıqlar nəticə etibarilə Bashar al-Assad-ın hakimiyyətdən getməsi ilə nəticələnməlidir.

Bundan əlavə, bir sıra ekspertlərin fikrincə, Qərbin Cenevrə danışıqlarında Suriya xarici işlər naziri müavinin iştirakını qəbul etməsi bu münaqişədə Dəməşq rejiminin hazırda müvəffəqiyyətli olduğunu göstərir.

MI6 agentinin adı açıqlanmır

Mətbuat xəbər verir ki, adı çəkilməyən “MI6 təqaüdçüsü” Dəməşqdə ötən yay olub, onun ardınca, ötən ilin axırında Suriya paytaxtına Almaniya, Fransa və İspaniya təhlükəsizlik rəsmiləri baş çəkiblər. Amerikalıların bu prosesə hələlik qoşulmadıqları söylənir.

Avropa kəşfiyyat orqanlarının emissarları Assad-ın təhlükəsizlik xidmətinin rəhbəri Ali Mamlouk-lə görüşüblər.

Cənab Mamlouk münaqişədən əvvəl də Avropanın cihadçılıqla mübarizəsində əlaqələndirici olub. Lakin o hazırda ABŞ və Avropa sanksiyalarının qara siyahısındadır.

Əl-Qaedaya daxil olmayan qiyamçı qruplaşmalar bildiriblər ki, Bashar al-Assad bilərəkdən əsas hərbi qüvvəsini onlara qarşı yönəldib. Suriya prezidenti bununla cihadçıların əl-qolunun açılmasına və Qərbin narahatlığının artmasına şərait yaradır.

Onların fikrincə, bu yaxınlarda hökumət qoşunlarının Hələbin mülki əhali yaşayan hissələrini bombardman etməsi də əl-Qaeda qüvvələrinin xeyrinə olub.

Belə görünür ki, Bashar al-Assad-ın bu taktikasi indilik yaxşı işləyir. Amerika diplomatı Ryan Crocker bu yaxınlarda bildirib ki, indi Suriyada vuruşan qüvvələrin “ən az pis” olanı Assad rejimidir.

Siyasətçilər xəbərsizdirlər

Lakin Britaniyanın başqa bir aparıcı qəzeti – “The Daily Telegraph” bildirir ki, rəsmi London Assad rejimi ilə hər hansı əməkdaşlıq barədə iddiaları danıb, ABŞ və Fransa diplomatları isə bildiriblər ki, iddia olunan danışıqlardan xəbərsizdirlər.

Qəzet yazır ki, ABŞ dövlət katibi John Kerry də bu cür əlaqələrdən xəbərsiz olduğunu bildirib.

Fransanın xarici işlər naziri Laurent Fabius gizli danışıqlar barədə şərh verməkdən imtina edib.

Fransanın “Le Figaro” qəzeti az əvvəl yazmışdı ki, ölkənin DGSE xarici kəşfiyyat idarəsi Dəməşqlə terrorçulara qarşı mübarizə məsələsini müzakirə edib. Guya Dəməşq bildirib ki, belə bir əməkdaşlığa razıdır, lakin əvvəlcə Fransa Suriyadakı səfirliyinin işini bərpa etməldir.

Suriya xarici işlər nazirinin müavini isə ziddiyyətli şərhləri Qərb ölkələrinin siyasi və təhlükəsizlik orqanları arasında olan mümkün fikir ixtilafı ilə izah edib.

Bu arada Avropa ölkələri Suriya cihadında, necə deyərlər, “ezamiyyətdə” olub geri qayıdan vətəndaşları barədə narahatlıq ifadə ediblər.

Bu yaxınlarda onlardan bir neçəsi Londonun Hitrou hava limanında həbs olunub və sonradan onların Britaniya vətəndaşlıqları ləğv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG