Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:04

Dünya Bankı Azərbaycanda 5 faiz artım gözləyir, iqtisadçı isə 10 faiz bahalanma


Dünya bankı 2014-cü ilə dünyada iqtisadi artım proqnozunu 3,2 faizə qaldırıb. Keçən il artım 2,4 faiz idi.

Dünya Bankının Qlobal İqtisadi Perspektivlər adlı yeni hesabatına görə, dünyada bu ilə proqnozlaşdırılan iqtisadi artıma səbəb ABŞ iqtisadiyyatının güclənməsi olmalıdır. Ancaq inkişaf etməkdə olan ölkələr bank faizlərinin artmasına həssas ola bilərlər.

Hesabata görə, bu il ABŞ iqtisadiyyatı 2,8 faiz artmalıdır. Avrozonada iqtisadi artım isə cəmi 0,2 faiz olacaq.

Çin iqtisadiyyatı 7,7 faiz, Hindistan iqtisadiyyatı 6,2 faiz artmalıdır.

AZƏRBAYCAN

Hesabatda deyilir ki, Azərbaycanda və Qazaxıstanda bu il neft istehsalı və ixracı güclənməkdə davam edəcək və bunun nəticəsində bu ölkələrdə artım region üzrə orta artımdan böyük olacaq.

Ümumiyyətlə, hesabata görə, MDB-nin Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi neft və qaz ölkələrinin iqtisadiyyatları sabit şəkildə genişlənəcək.

Azərbaycanda Daxili Məhsul bazar qiymətləri ilə götürəndə bu il 5,3 faiz artacaq. Bu sürət gələn il bir qədər azalaraq 4,5 faizə, 2016-cı ildə isə 3,9 faizə düşəcək.

Maraqlıdır ki, Azərbaycanda inflyasiya və işsizlik haqda məlumatlar və proqnozlar hesabatda yoxdur.

Azərbaycanda bu il inflyasiya nə qədər ola bilər?
Azər Mehtiyev
Azər Mehtiyev
İqtisadçı ekspert Azər Mehtiyev:

Dünya bankının sənədində inflyasiya ilə bağlı yerin boş qalması onunla bağlı ola bilər ki, hökumət inflyasiyadan rəsmi açıqlama verəndə bu il inflyasiyanın 4-5 faizdən çox olmayacağını deyir və bu zaman baza inflyasiyasına əsaslanır, dövlətin tənzimlədiyi qiymətlərin qiymət artımına təsiri nəzərə alınmır. Halbuki dekabrın 2-də yanacağın qiyməti qalxdı. Kommunal xidmətlərin qiymətinin də artacağı gözlənilir. Yanacağın qiymətinin qalxmağı digər malların və məhsulların da qiymətinin artmasına gətirəcək.Bu baxımdan bu il infılyasiyanın ikirəqəmli olacağını, yəni azı 10 faiz olacağını gözləmək olar.

Bəs bu il işsizliklə bağlı nəyi gözləmək olar?

İqtisadçı ekspert Azər Mehtiyev: İndiyə kimi neft gəlirləri hesabına yeni iş yerləri yaradılırdı, ancaq Azərbaycan neft gəlirlərinin azalması ilinə qədəm qoyub. Keçən ilin sonundan ixtisarlar başlanıb. Bu baxımdan bu il işsizliklə bağlı vəziyyətin keçən illərə nisbətən pisləşəcəyi gözlənilir, ancaq böyük dəyişiklik gözlənilmir.

Dünyada neftin qiyməti isə yaxın 3 ildə Dünya Bankınıən fikrincə, demək olar ki, dəyişməyəcək. 2014-cü ildə neftin qiyməti 103,5 dollar olacaq. 2015-ci ildə 99,8 dollar, 2016-cı ildə 98,6 dollar.

RİSKLƏR

Dünya Bankının hesabatında deyilir ki, ABŞ-ın mərkəzi bankı olan Federal Reserv Sistemin hökumət istiqrazlarını, bondları alması dünya iqtisadiyyatını dirçəltdi, ancaq bu ilin birinci yarısında bu bond alma dayansa, bank faizləri 1 faiz arta bilər. Bu da inkişaf etməkdə olan ölkələrə kapital axınını azalda bilər və nəticədə həmin iqtisadiyyatlar yenə problemlərlə üzləşə bilər.

Dünya Bankının fikrincə, digər təhlükə Çindən gələ bilər. Çində potensial maliyyə böhranı dünyanın ikinci böyük iqtisadiyyatının iqtisadi artımını kəskin azalda bilər.
Çində maliyyə böhranına səbəb isə Çin banklarının verdikləri nəhəng kreditləri geri ala bilməməsi ola bilər.

Azərbaycan iqtisadiyyatına hansı risklər ola bilər?

İqtisadçı ekspert Azər Mehtiyev: Azərbaycan iqtisadiyyatı neftin qiymətindən asılıdır. Bu baxımdan ən böyük risk dünya bazarında neftin qiymətinin kəskin düşməyi ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG