Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:28
-

Oğlu Lev Qumilyov Anna Andreyevnanın günahlarını əfv eləmir, ictimaiyyət arasında onu “pis ana” adlandırır...


Anatoli Korolyov


ANNA AXMATOVA - ÜÇ KRALIN XANIMI


Rus mədəniyyətində Anna Axmatova təxəllüsü ilə tanınan şairənin əsl soyadı Qorenkodur və özünün ilk şeirlərini də bu xanım öz qızlıq soyadı ilə çap etdirib.

Lakin son dərəcə zabitəli bir adam olan atası öz soyadının ədəbi mühitdə hallanmasını yasaqladığı üçün Anna özünə başqa bir imza tapmağa məcbur qalır və bu məqsədlə ulu nənəsinin soyadını götürür. Beləliklə, “Anna Axmatova” imzası rus və dünya poeziya tarixinə düşür.

Onun ilk şeirlərində çarəsizlik notları diqqəti çəkməkdədir, çünki cavan yaşda öləcəyinə özünü inandırıbmış.

Doğma bacılarından ikisi vərəm xəstəliyinə tutulubmuş və ötən əsrin əvvəllərində bu xəstəliyin müalicəsi imkansız imiş. Həqiqətən də, qısa müddətdə Annanın bacıları bir-birinin ardınca vəfat edir. Lakin taleyin əli Axmatovanın qara brilyantını nəinki qırır, əksinə, görünməmiş sərtlik bəxş etməklə yanaşı, ona misilsiz cilalar vurur.

“Gümüşü əsr”in təmsilçisi olan şair Nikolay Qumilyovla evlənməsi Annanın nəhs taleyin pəncəsindən qurtulmasında növbəti işarət sayıla bilər. Bu gənc qız tanınmış şairin gözünü-könlünü əfsunlamışdı. Qumilyov bütün varlığıyla bağlandığı bu xanımın sevgisini qazanmaq üçün əsl cəngavər kimi davranırdı.

Üstəlik, həmin dövrdə o, ən sevilən şairlərdən biri olmaqla, artıq Blokun da rəqibi sayılırdı. Afrikada ov etməyi sevən, antilopların, şirlərin və çaqqalların qəniminə çevrilən Qumilyov Annanın ayaqlarına qapanmağı özü üçün əsla əskiklik saymadığından nikahdan az sonra öz xanımını Peterburqun kübar aləminə təqdim etmişdi.

Ancaq görün, sonra nələr oldu.
Anna Akhmatova-nın rəsmi, rəssam: Amadeo Modigliani

Anna Akhmatova-nın rəsmi, rəssam: Amadeo Modigliani


Az sonra Qumilyovu ikinci plana atan Axmatova şairlikdə Blokla özü yarışmağa başladı. Balerina fiqurasına və zadəgan davranışlarına malik bu Şərq gözəlinin təkrarsız obrazı o vaxtkı Peterburq ziyalılarının əksəriyyətini valeh eləmişdi.

Burnu xəfif donqar olan bu gözəlin portretini bir-birinin ardınca estet Altman, pravoslav kubisti Petrov-Vodkin, bir qadın kimi Annanın şöhrətinə qibtə edən Zinaida Serebryakova və formalizmin təmsilçisi Tışler kətana köçürmüşdü.

Axmatova isə bütün bunlara məhəl qoymadan sənət tacını başında gəzdirirdi. Annaya görə, söz-sənət mülkünün kraliçası, şairlər şairi, zövqlər kahini, kişilərin qəlbini ovlayan bir pəri olmaq sadəcə bir kişinin xanımı, bir ailənin anası, bir evin evdar qadını olmaqdan daha üstün idi. Odur ki, arvadını sitayiş obyektinə çevirən Qumilyov artıq özünü gülünc durumda hiss eləməkdəydi.

1910-cu ildə əriylə Parisə səfər edən Axmatova orada aşkar şəkildə rəssam Amadeo Modilyani ilə məhrəm münasibətlər qurur. Çox qısa sürən bu eşq macərasının izlərinə biz həmin rəssamın çevik əl hərəkətləriylə çəkdiyi və Annanın çılpaq halda təsvir olunduğu rəsmlərdə rast gəlirik.

Görünür, qadının hər cür qandaldan uzaq, sərbəst yaşamaq hüququnu dəstəklədiyi üçün Axmatova bilərəkdən öz nüfuzuna xələl gələ biləcəyindən zərrəcə ehtiyatlanmırdı. Həm də Ar-nuvo dönəmində bu cür davranışlar həm müasirliyin, həm də yüksək dəbin göstəricisi sayılırdı.

Təxminən əlli il sonra, Zoşşenko və Axmatovanın yaradıcılığı ilə bağlı partiyanın verəcəyi qərarda Annanın bioqrafiyasındakı bu macəraya istinad olunacaq, onun cəmiyyətdə özünü “gah rahibə, gah da fahişə” kimi aparması başına qaxılacaqdı.

1912-ci ildə oğlu Lev Qumilyovun dünyaya gəlməsi Anna üçün müəyyən problemlər yaradır. Sonralar oğlu (irsən elə anasından aldığı amansızlıqla) Anna Andreyevnanın günahlarını əfv eləmir, ictimaiyyət arasında onu “pis ana” adlandırır.

Qadının isə bununla razılaşmaqdan başqa çarəsi qalmır. Ruhu daim gərgin təbəddülatlar içində çırpınan bir şairin ömrünü gündəlik yaşantılara həsr eləməsi həmişə çətin olub. Elə buna görə də ömrünün sonlarına doğru Axmatova adi insanlara xas səmimi bağlara (nəvəsinin özünə bağlılığına, keçmiş rəfiqəsinin sədaqətinə və sair) yüksək dəyər verməyə başlayır.

1917-ci il inqilabı hər şeyi alt-üst eləyir.

Xaos şəraitində yaşayan Peterburq ziyalılarının əksəriyyəti ölkədən qaçmağı uyğun bilir. Onların arasında Axmatovanın yeni məşuqu, rəssam və zabit Boris Antrep də olur. Lakin Axmatova Rusiyada qalmaq qərarına gəlir, inanır ki, vətənin taleyi ilə yaşamaq – şairin həm borcu, həm də alın yazısıdır.

O, əsla xoş ümidlər, şirin xəyallar qurmurdu, çünki dünənə qədər siyasi fəaliyyətinə görə sürgünlərdə can çürüdənlərin fürsət tapan kimi başqalarına necə divan tutacağını aşkar təxmin edirdi. Ancaq o, öz seçimini anlayaraq, şüurlu şəkildə etmişdi və bu barədə fikirlərini B.Antrepə yazdığı məktubda necə təsirli qələmə almışdısa, rəssam İrlandiyadakı bir kilsə üçün yaratdığı freskada (divar rəsmində - A.Y.) xaçpərəstlərin müqəddəs əzabkeşi Anna obrazını yaradarkən A.Axmatovanın üz cizgilərindən yararlanmışdı.
Anna Axmatova, əri Nikolay Qumilyov və oğulları Lev, 1915

Anna Axmatova, əri Nikolay Qumilyov və oğulları Lev, 1915


Nəhs gözləntilər isə artıq gerçəkləşməyə başlamışdı.

1918-ci ildə şairənin əri Nikolay Qumilyov əksinqilabçı ağqvardiya ilə işbirliyində təqsirləndirilərək həbsə atılır. Həyatdan dördəlli yapışmağı öz ləyaqətinə sığışdırmayan Qumilyov Peterburq Fövqəladə Komitəsində özünü çox sərbəst aparır və elə buna görə də üç həftədən sonra, həm də yoldaş Leninin şəxsi göstərişinə əsasən güllələnir. İnqilab rəhbərinin bu məsələyə birbaşa dəxlinin olması faktı isə son dövrdə öz təsdiqini tapıb.

Beləcə, Annanın həyatındakı ilk kral qeybə qarışır.

Rusiyanın başının üstünü alan fəlakətin təsiriylə şairə iki misilsiz şeir kitabını (“Podorojnik” və “Anna Domini”) yazıb, tamamlayır. Əvvəlki üç kitabı (“Axşam”, “Təsbeh” və “Ağ sürü”) ilə birlikdə bu beş şeir kitabı ilə Anna rus poeziyasının səmasında özünəməxsus bir kəhkəşan yaradır.

O dönəmdə Axmatovanın qəlbinə yeni eşqin cınqısı düşmüşdü. Qumilyovun güllələndiyi il o, görünməmiş istedad sahibi, 27 yaşlı peterburqlu şərqşünas və şair Vladimir Şileykoya ərə gedir.

Bugünkü geniş oxucu kütləsinə bu şəxsiyyətin adı-soyadı, təəssüf ki, tanış deyil. Halbuki hələ yeniyetməlik çağında V.Şileykonun assurologiya sahəsindəki tapıntıları İngiltərə və Fransanın nüfuzlu şərqşünaslarını heyrətə gətirirmiş.

Hələ 7 yaşında qədim yəhudi dilini öyrənməyə başlayan Şileyko öz qısa ömrünün sonuna doğru düz 62 dildə danışa bilirmiş!!! Yaşca Axmatovadan cavan olsa da, o, tezliklə xanımının mənəvi bələdçisinə çevrilir, hətta poetik ustalıqda da ondan üstün olduğunu sübuta yetirir.
Axmatovanın əl yazısı

Axmatovanın əl yazısı


Bizcə, Şileykonun şeirləri tamamilə bənzərsizdir. Əlimizdə olan tarixi sənədlərdən birində Axmatova ərindən israrla xahiş edir ki, karandaşla uğurlu şeirlərini işarətləsin, çünki çap əsnasında adətən Şileykonun zövqünü əsas götürürmüş. Halbuki Axmatova bənzər xahişlə vaxtilə nə Qumilyova, nə də Bloka müraciət etmişdi.

Şileyko qədim Şumerin araşdırılmasıyla yanaşı, praktik magiya ilə də məşğul olurmuş. Mühacirətə gedən Georgi İvanov öz memuarlarında yazır ki, 1915-ci ilin qışında o, qaranlıq düşəndən sonra Şileykoya qoşulub, Peterburqda yaşayan xarrat və falçı Vennikovun yanına gedibmiş. Şileykonun onu özüylə aparmasının tək səbəbi – aparılacaq eksperimenti qeydə almaq imiş, çünki gənc alim özü hipnoz altına düşməkdən yamanca qorxurmuş. Təcrübə əsnasında Şileyko muzey kolleksiyasına aid və şüşə qabda saxlanılan Misir fironunun mumiyasına məxsus əlin necə canlanacağının şahidi olmağı umurmuş.

Lampa işığını söndürən xarrat çılğıncasına dualar oxumağa başlayıb. İvanov xatirələrində dəhşət və çiyrinmə hissiylə yazır ki, magik seans baş tutub: şüalara bürünən əl qəfil canlanıb və hətta barmaqlarını da tərpədib...

Şileykonun mənzili Qış sarayının yaxınlığındakı Mərmər sarayda idi. O dövrdə Şərqşünaslıq İnstitutu da həmin binada fəaliyyət göstərirdi. Anna Axmatova da ömrünün dörd ilini əriylə həmin mənzildə keçiribmiş.

Bolşeviklərin iqtidarda olduğu dövrdə Şileyko çox parlaq elmi karyera qazanır, akademik seçilir və heç 40 yaşına dolmamış Moskvada vərəmdən vəfat edir. Onun qəfil ölümünü Fransanın və Böyük Britaniyanın elm aləmi ağır itki kimi dəyərləndirir.

Axmatovanın üçüncü əri isə daha bir parlaq istedad sahibi, sənətşünas Nikolay Punin olub. Yeni hakimiyyət dövründə o da karyera pillələrini uğurla fəth edir, incəsənət sahəsinə rəhbərlik edir. Təhsil üzrə Xalq Komissarı təyin olunur, Rus Muzeyinin və Ermitajın fəaliyyətindən məsul şəxs (komissar) seçilir, pedaqoji fəaliyyətlə məşğul olur.

Bir müddət sonra Anna Axmatovanın oğlu Lev Qumilyov və universitetin daha iki tələbəsiylə birlikdə Punin həbs olunur. Bu hadisə 24 oktyabr 1935-ci ildə baş verir. Onlara qarşı irəli sürülən ittihama - əksinqilaba dəstək suçuna - görə o vaxtlar ölüm hökmü qaçılmaz sayılırdı.
Axmatova rus şairi Nayman ilə,1965

Axmatova rus şairi Nayman ilə,1965


Axmatova başılovlu halda Moskvaya, Mixail Bulqakovun yanına yollanır: həmin illərdə ədəbi mühitdə Stalinə necə yol tapmaq üzrə Bulqakov əsl mütəxəssis sayılırmış. Axmatovanın Kremlə ünvanladığı məktubun mətnini oxuyan Bulqakov fikrə gedir və ona məsləhət görür ki, mətni makinada yox, əl xəttiylə yazsın.

O, deyir: “Axı, sən – şairsən. Sənin üçün bu, yolveriləndir”. Axmatova məktubun üzünü köçürsə də, bundan nə isə çıxacağına heç bir ümid bəsləmir. Ancaq bu iş öz bəhrəsini verir, şairənin Stalinə əllə yazdığı məktub təsirsiz qalmır. Hər hansı rəsmi açıqlama verilmədən şairənin yaxınları bir həftə sonra sərbəst buraxılır.

Beləliklə, A.Axmatovanın həyatında dürdüncü və gizli ər kimi şəxsən İosif Vissarionoviç Stalin peyda olur. Bunun da qəribə səbəbi var: zalım Stalinin qızı Svetlana - Axmatova poeziyasının vurğunu imiş və rəhbər qızının hisslərinə böyük önəm verirmiş. Həyat yoldaşı ərinə etiraz əlaməti olaraq canına qıyandan sonra mənəvi əzablar Stalinin yaxasını buraxmırdı. Bunu ört-basdır eləməkdən ötrü o, qızını hədsiz dərəcədə ərköyün böyüdürmüş və həm də bunun pis bitəcəyindən ehtiyatlanırmış.
Iosif Stalin

Iosif Stalin


Gözdən salınmış bir şairəyə qızının bəslədiyi rəğbət bu dul və zalım kişinin qəlbində qısqanclıq hissi də oyadırdı. Bu həsəd hissi Svetlananın mərhum anasının yerini tutan, həm də buna sırf sənətkar nüfuzu ilə nail olan qadına qarşı yönəlmişdi. Bu səbəbdən Axmatova heç gözlənilmədən Stalin ailəsinin bir üzvünə çevrilir.

Həbsdəki ərinə və oğluna nümayişkaranə şəkildə azadlıq bəxş edən Stalin Axmatovaya göstərmək istəyirdi ki, o, öz taleyinin kimdən asılı olduğunu və əgər indiyədək ona dəyib-dolaşmayıblarsa, bunun üçün şəxsən kimə şükür edəcəyini dəqiq anlasın.

Bundan bir müddət sonra Kremldə hökumət mükafatlarının təqdimat mərasimində Stalin qəfildən ətrafındakılara nəzər salıb, saxta bir təbəssümlə soruşur: “Bəs Axmatova haradadır? O, niyə heç nə yazmır?”

Bu eyhamdan sonra şairənin “Altı kitabdan seçmələr” adlı kitabı və “Seçilmiş əsərləri” nəşr olunur. Halbuki ondan əvvəlki 7 il boyu ölkədə onun əsərlərinin çapına, demək olar ki, yasaq qoyulmuşdu.

Axmatova özü də bu iki kitab barədə zarafatla: “Bunlar atanın qızına hədiyyəsidir” deyirmiş.

Stalin isə zarafat eləmirdi. 1941-ci ildə o, Axmatovanın mühasirədəki Leninqraddan Daşkəndə evakuasiyası barədə xüsusi göstəriş verir. Onun “Şücaət saatı gəldi, yetişdi...” adlı şeiri əvvəlcə “Pravda” qəzetində, daha sonra isə dəfələrlə ölkə mətbuatında çap edilir. Şairə “Leninqradın müdafiəsinə görə” medalı ilə təltif olunur.

Müharibədən sonra, 1946-cı ilin yazında Axmatova böyük Qələbənin növbəti ildönümünə həsr edilmiş təntənəli iclasa dəvət alır. Bir vaxtlar gözdən salınan şairə əvvəlki kimi, yəni poeziya kralıçası kimi, əda ilə İttifaqlar Evinin Sütunlu zalının səhnəsinə çıxanda tədbirin bütün iştirakçıları ayağa qalxıb, onu düz 15 dəqiqə fasiləsiz alqışlayırlar.

O vaxta qədər ölkədə yalnız bir nəfəri bu cür təntənəyə layiq görürdülər. İndi isə onların sayı ikiyə yüksəlmişdi.

Stalin bu fakta birtəhər dözür, təhəmmül eləyir.

Lakin az sonra Axmatova öz mənzilində ingilis filosofu və yazarı İsayya Berlin ilə birlikdə Uinston Çörçillin nəvəsini qonaq kimi qəbul edəndə Stalinin qısqanclığı təpəsinə vurur. Axmatovanın mənzili o vaxt onsuz da dinlənilirdi və xarici qonaqlarla baş-başa keçən gecənin lent yazılarını şəxsən dinləyən Stalin öz əlaltılarına iradlarını bildirərkən demişdi: “Deməli, bizim rahibə belə yaşayırmış?!”

Qapıldığı isterikanın təsiri altında o, Leninqradda çıxan “Zvezda” və “Leninqrad” jurnallarının işiylə bağlı Mərkəzi Komitənin amansız qərarını gündəmə gətirir. Axmatova özü də sonralar həmişə təkrarlayırdı ki, bu qərarla onun İ.Berlini və Çörçillin nəvəsini öz mənzilində ağırlaması arasında birbaşa, həm də nəhs bir bağlantı var.

Az sonra Axmatova SSRİ Yazıçılar İttifaqı üzvlüyündən xaric olunur. Əfv olunacağını uman şairə öz əyilməz qürurunu bir kənara qoyub, Stalini mədh edən bəzi şeirlər yazır. Lakin rəhbər bütün bunları görməzlikdən gəlir və göstəriş verir ki, Annanın keçmiş (onlar hələ müharibədən əvvəl boşanmışdılar) əri Punini və oğlu Lev Qumilyovu təkrar həbsə atsınlar. Bu zaman gənc Levin müharibədə igidliklə döyüşməsi və ta Berlinə qədər şərəfli döyüş yolu keçməsi faktı da nəzərə alınmır.

Bir müddət sonra hirsi soyuyan Kreml hökmdarı Axmatovanın Yazıçılar İttifaqına təkrar bərpası barədə təlimat verir.

Şairənin oğlu 1956-cı ildə həbsdən buraxılır, keçmiş əri Punin isə həbs düşərgəsində canını tapşırır.

Ömrünün son illərində Axmatova şair kimi dünya şöhrəti qazanır. 1964-cü ildə İtaliyada ona nüfuzlu “Etna-Taormina” ödülü verilir, 1965-ci ildə isə o, Oksford (İngiltərə) Universitetinin fəxri professoru seçilir.

Şair İ.Brodskinin dəqiq ifadəsinə görə, Axmatova ömrünün son illərini “ölkənin köhnə və yeni paytaxtları arasında gedib-gələn, evsiz-eşiksiz kraliça kimi keçirmişdi”.

Anna Axmatova 5 mart 1966-cı ildə, 77 yaşında Moskvada vəfat etsə də, Leninqradın ətrafındakı Komarovo şəhərində torpağa tapşırılıb.

Bugünkü Peterburq şəhərində şairənin xatirəsinə dörd heykəl ucaldılıb.

ria.ru
Azərbaycan dilinə çevirdi – Azad Yaşar

Axmatovanın Stalinə yazdığı şeirlər burda

Günün bütün mövzuları

XS
SM
MD
LG