Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:01

Ədalət mühakiməsi? [Video]


Hüquq müdafiəçiləri Rəsul Cəfərov, Rəşid Hacılı və Oktay Gülalıyev siyasi məhkəmə prosesləri haqda fikirlərini bölüşürlər.

-


«İşdən Sonra» verilişində hüquq müdafiəçiləri Rəsul Cəfərov, Rəşid Hacılı və Oktay Gülalıyev siyasi məhkəmə prosesləri haqda fikirlərini bölüşüblər.

Rəsul Cəfərov Müsavat başqanının müşaviri Yadigar Sadıqova verilən cəzanın siyasi sifariş olduğunu düşünür:

«Bu qərar Yadigar Sadıqovun tənqidi fikirlərinə görə siyasi motivlə verilmiş cəza tədbiridir. Azərbaycanda artıq heç kim sığortalanmayıb ki, bir nəfərin şikayəti əsasında 6 il həbs cəzası alsın. Siyasi hakimiyyət repressiyaları davam etdirir. Cinayət Məcəlləsinin maddələrindən sui-istifadə olunur».

Hüquq müdafiəçisi hakimlərin cəzasızlıq mühitindən istifadə etdiklərini deyir:

«Yekun hökm mötəbər sübutlar əsasında çıxarılmalıdır. Dəlillər, əsaslandırma olmadan 6 il həbs hökmü çıxardığına görə hakimlər qınanmalıdırlar. Bütün bunlar cəzasızlığın nəticəsidir. Hakimlər sifarişi yerinə yetirirlər və əmindirlər ki, Avropa Məhkəməsi tələb etsə belə, cəzalandırılmayacaqlar. Bunu praktika göstərir. Siyasi işlər üzrə tam cəzasızlıq mühiti olduğundan onlar istədikləri hökmü çıxarırlar».

Oqtay Gülalıyev məhkəmələrin müstəqil olmadığını deyir:

«Yadigar Sadıqov haqqında çıxarılan qərar məhkəmələrin nə qədər qeyri-müstəqil olduğunu göstərdi. Bu qərar absurd və gülüncdür. Hökumət fərqli düşünən insanları şərləyib, böhtan atıb, qondarma iddialarla həbs etməklə sıradan çıxarmaq istəyir. Azərbaycanda siyasi məhbusların sayı digər ölkələrlə müqayisədə qat-qat çoxdur. Hakimiyyətin yürütdüyü siyasət insanlara qənim siyasətidir, azad sözü, fərqli düşüncəni pozmaq cəhdidir».

Oqtay Gülalıyev hesab edir ki, qərara imza atanlar da sifarişçilər qədər məsuliyyət daşıyırlar:

«Məhkəmə sistemi müstəqil deyilsə, hansı ədalətdən söhbət gedə bilər?! Azərbaycanda ictimai-siyasi fəaliyyətlə məşğul olan insanların məhkəmə prosesində çıxarılan qərarlar sifariş əsasında həyata keçirilir. Ancaq bütün günahları da yuxarı instansiyaların üstünə atmaqla hakimlərə bəraət qazandırmaq olmaz. Hər bir insan atdığı addıma görə gec-tez məsuliyyət daşıyacaq. Hakimlər, müstəntiqlər, prokurorlar sifarişdən kənara çıxa bilmirlərsə, özlərinə başqa iş tapsınlar. Qərara imza atan şəxslər sifarişçilər də qədər məsuliyyət daşıyırlar. Onlar, bu gün də olmasa, bu qərarlarına görə gec-tez məsuliyyət daşıyacaqlar».

Rəşid Hacılı problemin kökünü bir-sıra səbəblərlə bağlayır:

«Hakimiyyətin maraqlı olduğu bütün siyasi məhkəmə prosesləri normal hüquq çərçivəsində həll olunmur. Əvvəlcədə ssenari necə qurulubsa, o cür də həyata keçirilir. Təyin olunmuş hakimlər sadəcə siyasi tapşırıqları yerinə yetirirlər. Problem keyfiyyətli dövlət strukturlarına sahib olmamaqdır. Siyasi avtoritarizm bir çox təşkilatlara, hətta müxalif siyasi təşkilatlara belə təsir edə bilir, nəinki təyin olunan hakimlərə. Cəmiyyətdə dəyərlər, vicdan, peşə şərəfi böhranı var, qanunlara hörmət yoxdur».

Şərhləri göstər

XS
SM
MD
LG