Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35
-
“Qaz idarəsinin rəisinin yanına getdim. Dedi, niyə imkan vermirsən işçilər qaz sayğacını quraşdırsın? İzah etdim ki, qaz xətlərini elə çəkiblər, hər an qəza ola bilər. Dedi, bir halda ki, belədir, nə qədər mən burda rəisəm, sənin evinə gedən qaz xəttinə sayğac qoyulmayacaq. Mən etirazımı bildirəndə ayağa qalxıb qolumdan yapışdı, kobudluqla məni kabinetdən çölə atdı”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Sabirabad rayon sakini Naibə Fətullayeva danışır. Deyir, yaşadığı yeni yaşayış massivinə keçən ilin yayında qaz xətti çəkilməyə başlayanda yerli qaz idarəsinin işçiləri onun da həyətinə gətirib qaz xətləri yığıb gediblər. İki ay gözləyib ki, gəlib qaz xətlərini quraşdıracaqlar. Bir də xəbər tutub ki, ətrafdakı evlərə gedən xətlər çoxdan quraşdırılıb və başlayıb şikayətlənməyə:

“BAŞIMIZI ƏYİB QAZ XƏTLƏRİNİN ALTINDAN KEÇİRİK”

“Gördüm hamının həyətinə gedən qaz xətləri quraşdırılıb, mənim həyətimə gətirib atdıqları borular elə də qalıb. Ora-bura şikayət edəndən sonra gəlib xətləri birləşdirdilər. Ancaq şikayət etdiyimə görə qəsdən elə birləşdirdilər ki, istifadəyə yararsız oldu. Xətləri elə çəkmişdilər ki, həyətə çıxanda başımızı qaz xətlərinin altından əyib keçirdik. Mən tələb etdim ki, bu xətləri belə qoyub getmək olmaz, qəza baş verə bilər, söküb təzədən çəksinlər. Ancaq qulaq asmadılar, çıxıb getdilər. Bir neçə gündən sonra sayğac gətirdilər. Quraşdırmağa imkan vermədim, dedim əvvəl xətləri söküb yenidən düzəldin, sonra sayğac qoyun. Sağyacı da götürüb çıxıb getdilər”.

RƏİSİN QƏBULUNDA...

Naibə Fətullayevanın sözlərinə görə, dəfələrlə qaz idarəsinin “104” “qaynar xətt”inə zəng vuraraq vəziyyəti danışıb. Nəhayət, “qaynar xətt”dən ona məsləhət görüblər ki, rəis Qənimət Səmədovun qəbuluna gəlsin. O da gedib:

“Kabinetə girdim, dedi, niyə imkan vermirsən sayğac quraşdırsınlar? Mən də izah etməyə çalışdım ki, çəkdikləri xətlər hər an qəza törədə bilər. Əvvəl dəyişsinlər, sonra sayğac qoyulsun. O da ayağa qalxıb üstümə qışqırdı, qolumdan tutub məni çölə atdı”.

Naibə Fətullayeva deyir, DİN “102” xidmətinə zəng vuraraq qaz idarəsinin rəisinin hərəkətlərindən şikayət edib. Ancaq polisdən reaksiya olmayıb.

Sabirabad rayon qaz istismar idarəsinin rəisi Qənimət Səmədov isə deyilənləri yalanlayıb. O bildirib ki, əgər abonentin ondan narazılığı varsa, müvafiq orqanlara şikayət etsin.

Sabirabad rayon polis şöbəsindən isə “Qaynar xətt”ə bildiriblər ki, Naibə Fətullayeva tərəfindən yerli qaz idarəsinin rəisi ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG