Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

Xızıda "dövlət ehtiyacları" adı altında sökülən obyektlər - [Video]


-


“1 aydan çoxdur, mallarımız yağışın, qarın altında qalıb. Dekabrın əvvəli gəlib iki mağazamızı sökdülər. Malları daşımağa da macal vermədilər. Sənədli, qanuni mağazalarımızı yerlə-yeksan edib getdilər, adını da qoydular ki, Xızıda abadlaşma işləri aparırıq”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Xızı sakini Azər Ataxanzadə danışır. O, Xızıdakı Heydər Əliyev prospektində fəaliyyət göstərən, biri anasının, digəri qardaşının mülkiyyətində olan mağazaların sökülməsini pisləyir:

"BANKLARA, LOMBARDLARA OLAN BORCLARIMIZI NECƏ ÖDƏYƏK?"

“Xızı rayonunda yeni təyin olunmuş icra başçısı sahibkarların dükanlarını sökür. Tam sənədli iki dükanımızı hec bir əsas olmadan məhkəməyə verib sökdürdü. Qardaşımla anamın adına olan mağazalar bir-birinə bitişik idi. Arakəsmə ilə ayrılırdı. Həmin hissəni də dekabrın 10-da anamın adına olan hissəyə qatıb sökdülər.

Azər Ataxanzadənin sözlərinə görə, dükanları işlətmək üçün bir neçə bankdan götürdükləri kreditləri ödəyə bilmirlər:

“Hətta icra məmurları dükanın içərisində ola-ola ağır texnika qoyub dağıdıb tökdülər. Malları necə gəldi çıxarıb çölə atdıq. Dükanlardan aylıq gəlirimiz 2000-2500 manat idi. Hər ay bir neçə banka krediti həmin gəlirdən ödəyirdik. Qızıllarımız da lombardda batıb gedir. Nə edəcəyimizi bilmirik”.

Azər Ataxanzadə deyir, özü Xızı rayon icra hakimiyyətində sosial-iqtisadi şöbənin baş məsləhətçisi işləyib. Dükan mübahisəsinə görə keçən ilin may ayında iş yerini də itirib:

“İcra hakimiyyətində deyirdilər, yaxşılıqla razılıq verin, dükanları sökək. Mən də bildirirdim ki, heç biri mənim adıma deyil. Biri anamın, o biri qardaşımın adınadır. Razılaşmadığımı görüb hər dəfə bir bəhanə ilə töhmət verib axırda da işə gecikməyimlə şərləyib işdən çıxartdılar. Burda obyektləri olan başqa adamlar da var, hansı ki, onlar da dövlət işində işlədiklərinə görə işdən çıxarılmaqla hədələnirlər. İşlərini itirməmək üçün icra hakimiyyətinin dediyi ilə razılaşmalı olurlar”.

"NAZİRİN DƏ SÖZÜ KEÇƏRLİ OLMADI"

Ailə üzvləri keçən ilin may ayında Sumqayıtda vətəndaşların qəbulunu keçirən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da qəbulunda olublar:

“Anam nazirə şikayətləndi. Nazir də telefonu götürüb icra başçısını yığdı, məsələ ilə maraqlandı. Başçı da dedi ki, bu iş hələ məhkəmədədir. Dükanların sökülüb-sökülməyəcəyi bilinmir. Sonradan yerli məhkəmə qətnamə çıxartdı ki, sölüksün. Yuxarı məhkəmələr də qətnaməni qüvvədə saxladı”.

XIZI İCRA HAKİMİYYƏTİ NƏ DEYİR...

Xızı rayon icra hakimiyyəti 2 il əvvəl yerli məhkəmədə iddia qaldırıb ki, Heydər Əliyev prospekti 16-da yerləşən və Adilə Ataxanzadənin mülkiyyətində olan mağaza sökülsün. İcra hakimiyyətinin nümayəndəsi Şəhriyar Əliyev icra hakimiyyətinin bu iddiasını Xızıda abadlıq işləri aparılması ilə əlaqələndirib:

“Xızı şəhəri ətrafında yerləşən sahələr baş plana uyğun olaraq layihə əsasında dövlət ehtiyacları üçün nəzərdə tutulub. Buna görə də zəruri tədbirlər keçirilməsi üçün prospektin ətrafında abadlıq işləri aparılıb. Əvvəllər tikilmiş tikililərin sahiblərinə kompensasiya verməklə baş plana uyğun oalraq müəyyənləşdirilmiş başqa yerlərdə torpaq sahələri ayrlıb”.

İcra hakimiyyəti iddia ərizəsində kompensasiya ilə yanaşı kiçik sahibkarın dükan tikib fəaliyyətini davam etdirməsi üçün başqa yerdə torpaqla təmin edəcəyini də öhdəlik kimi götürüb. Ancaq məhkəmə sahibkara yalnız 9 min manat kompensasiya ödənilməsi ilə bağlı qərar çıxarıb.

İcra hakimiyyətindən dükanın ərazisinin dövlət ehtiyacları üçün sahibkardan alındığı bildirilsə də, ərazidə konkret hansı işlər görüləcəyi bildirilmir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG