Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:16
-
2013-DƏ İLHAM ƏLİYEV 7 DƏFƏ «İLİN ADAMI» ELAN EDİLİB

«Azərbaycan» qəzeti 2013-cü ildə İlham Əliyevin 7 dəfə «ilin adamı» elan olunduğunu yazır. Qəzet VIOAS («Hind okeanının və Ərəb dənizinin səsi») jurnalının prezident İlham Əliyevi «İlin adamı» elan etməsini daha çox diqqətəlayiq hadisə sayır:

«...nüfuzlu VIOAS jurnalının prezident İlham Əliyevi «İlin adamı» elan etməsi Azərbaycanın son illərdə daxili və xarici siyasətdə qazandığı uğurların müəllifi olan dövlət başçısına beynəlxalq aləmdə verilən yüksək qiymətin, habelə ölkəmizin dünyadakı nüfuzunun durmadan artmasının təsdiqidir».

«İLHAM ƏLİYEV XALQA YOX, MSK-YA MİNNƏTDAR OLMALIDIR»

Bunu «Azadlıq» qəzetinə Milli Şura sədri Cəmil Həsənli deyib:

«Çünki bu qurum seçkinin nəticələrini onun xeyrinə rəsmiləşdirib. İlham Əliyev xalqdan səs almayıb, hakimiyyəti mənimsəyib. Əgər cüzi demokratik seçki prosesi olsaydı, ATƏT seçki pozuntularının səviyyəsini 58 faiz qiymətləndirməzdi. Normal ölkədə belə bir qiymətləndirmə olsaydı, həmin gün seçkinin nəticələrindən imtina olunardı».

«BİR AZDAN ƏJDAHA MÜXALİFƏTİ UDACAQ»

«Ayna» qəzeti yazır ki, Milli Şuranın zəifləməsi, xüsusən Müsavat və AXCP arasında heç vaxt möhkəm olmayan körpülərin yandırılması, ittihamların artması onsuz da gücsüz olan müxalifət düşərgəsini heydən salır:

«Həm də bütün bunlar uzaqdan əjdahanın ağzında olan və xilas olmaq haqqında deyil, bir-birilərini məhv etmək haqqında düşünüb şavaşan adamları xatırladır. Rəsul Quliyev

Rəsul Quliyev

Bir azdan əjdaha onları udacaq, bunlarsa bir-birilərinə zərbə vurmaq üçün fürsət axtarırlar. Deməli, vuruşanların təhlükəni duymaq və ondan qorumaq instinkti korşalıb».

«MƏQSƏDİM «ƏJDAHALAR»IN SİYASƏTDƏN GETMƏSİNƏ NAİL OLMAQDIR»

Sabiq spiker, ABŞ-da mühacirətdə olan Rəsul Quliyev apa-ya qarşıdakı məqsədlərindən danışıb:

«Mən siyasi proseslərdə özümün hansı formada iştirak edəcəyimi müəyyənləşdirməmişəm. Hələ ki, mənim məqsədim qismən cavanların qarşısını kəsən, siyasət meydanına daxil olmağa imkan verməyən «əjdahalar»ın - Müsavat Partiyası və AXCP liderlərinin siyasətdən getməsi və yeni qurumların yaranmasına nail olmaqdır. Buna nail olmaq istəyirəm. Bu adamlar meydanı boşaltmalıdırlar ki, gənclərin timsalında ora yeni qüvvələr daxil olsun. Sözsüz ki, o gənclərə həmişə siyasi dəstək verəcəyəm».

«2008-Cİ İLLƏ MÜQAYİSƏDƏ CİDDİ NƏTİCƏLƏRƏ NAİL OLDUQ»

«Müsavat Partiyası öz ideoloji siyasi xəttinə uyğun olaraq 2014-cü ildə Azərbaycanda avtoritar rejimə qarşı real və səmimi mübarizənin təşkil edilməsinə nail olacaq».
Arif Hacılı

Arif Hacılı


Bunu Media forum saytına Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı deyib:

«Bəziləri iddia edir ki, Müsavat Partiyası Milli Şura məsələsinə əvvəldən könülsüz yanaşıb. Bu, qətiyyən belə deyil. 2013-cü ilin prezident seçkisində Azərbaycan müxalifətinin iştirak etməsini zəruri saydığımızı əsas götürərək hesab etmişik ki, Milli Şura ideyasının həyata keçirilməsi müxalifətin seçki prosesində iştirak etməsinə və müxalifətdə kifayət qədər ciddi sayılan partiyaları seçkini boykot taktikasından yayındırmaqda bir vasitə ola bilər. Bizim bu istiqamətdə olan təxminlərimiz özünü doğrultdu və bu istiqamətdəki fəaliyyətimiz effekt verdi. Biz Azərbaycan müxalifətini prezident seçkisindən kənarda saxlamaq istəyən qüvvələrə qalib gələ bildik. Nəticədə Azərbaycan müxalifəti 2013-cü ilin prezident seçkisində iştirak etdi…
Ölkədə azad və ədalətli seçki yolu ilə hakimiyyət dəyişikliyi baş verməsə də, hər halda ən azı 2008-ci illə müqayisədə ciddi nəticələrə nail olduq».

«2015-DƏ DƏ YAP QALİB GƏLƏCƏK»

«Müxalifətin radikal qanadı 2015-ci ilə qədər siyasi səhnədən tədricən silinəcək».

Bunu Gün.az-a müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib:
Mübariz Qurbanlı, Əli Əhmədov və Siyavuş Novruzov

Mübariz Qurbanlı, Əli Əhmədov və Siyavuş Novruzov


«2015-ci ilə qədər siyasi həyatımızda hansısa başqa yeniliklər ola bilər. Azərbaycanda əldə olunan uğurlar onu deməyə əsas verir ki, 2014-cü ildə də, 2015-ci ildə də, sonrakı mərhələdə də Prezident İlham Əliyevin siyasəti əksəriyyət tərəfindən müdafiə olunacaq...

Hesab edirəm ki, həm bələdiyyə seçkilərində, həm də növbəti parlament seçkilərində Yeni Azərbaycan Partiyası yenə aparıcı partiya rolunu oynayacaq. O ki qaldı müxalifət düşərgəsinə, burada müxtəlif istiqamətləri müşahidə edirik. Radikal qanad iflasa uğrayıb, artıq tam reqress vəziyyətindədir. Digər konstruktiv qanad içərisində isə müxtəlif istiqamətlər var. Bunların da xüsusi çəkisində, yəni, öz daxillərində hansısa yerdəyişmələr, hansısa qüvvələr nisbətində fərqlər yarana bilər. Amma radikal qanad, hesab edirəm ki, 2015-ci ilə qədər siyasi səhnədən tədricən silinəcək. Ola bilər ki, radikal qanad qrup şəklində gələcək seçkilərdə hansısa formada iştirak etsin. Lakin etsə də, onun uğur qazanma şansı çox aşağıdır».

DEPUTATLARIN MOBİL TELEFON NARAHATLIĞI

Qafqazinfo yazır ki, Milli Məclisə bəzi mobil telefonların keçirilməsinə qoyulan qadağa deputatları narahat edib.

«Bu gedişlə Milli Məclisə ağıllı adamların da daxil olmasını qadağan edəcəklər» - deputat Fazil Mustafa facebook profilində yazır.

Yanvarın 9-da Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olunub. Bu qərarın təhlükəsizlik məqsədilə verildiyini deyirlər.

Deputat İqbal Ağazadə hansı təhlükəsizlikdən söhbət getdiyini anlaya bilmədiyini deyir:

«Məclisin yaz sessiyasında bu məsələ, yəqin ki, müzakirə ediləcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG