Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

İlham Əliyev: «Biz bilirik yaralı yerlərimiz haradadır»


İlham Əliyev
İlham Əliyev
-
Yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İlham Əliyevin iclasdakı yekun nitqindən bəzi hissələri ixtisarla təqdim edirik.

Prezident bildirib ki, Azərbaycana 2014-cü ildə qoyulacaq investisiyalar keçən ildə qoyulan investisiyaların səviyyəsində olacaqdır:

“BİRRƏQƏMLİ İNFLYASİYA OLMALIDIR”

“Belə olan halda əlbəttə ki, makroiqtisadi vəziyyətin sabitliyi əsas şərtdir. Azərbaycanda iqtisadi islahatların aparılmasında böyük təcrübə toplanıb. Hətta maaşların qaldırılması, əmanətlərin verilməsi və milyardlarla dollar həcmində qoyulan sərmayə makroiqtisadi sabitliyə mənfi təsir göstərmir. Keçən il inflyasiyanın cəmi 2,4 faiz səviyyəsində olması bunu göstərir. Bu, çox müsbət göstəricidir... Çalışmalıyıq ki, bu il də inflyasiya lazımi səviyyədə olsun.

Biz həmişə deyirik ki, birrəqəmli inflyasiya olmalıdır. Ancaq doqquz da birrəqəmli ədəddir. Ancaq keçən il ölkədə inflyasiyanın 2,4 faiz səviyyəsi əlbəttə ki, bizi çox sevindirir. Çalışmalıyıq ki, təxminən bu səviyyə bu il də saxlanılsın. Belə olan halda əlbəttə ki, insanların rifahının yaxşılaşması üçün daha da gözəl imkanlar olacaqdır. Beləliklə, investisiya proqramının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik, onun qorunması - bütün bu amillər ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Əminəm ki, 2014-cü ildə bizim statistik göstəricilərimiz də, ümumi daxili məhsul da, qeyri-neft sektorunun inkişafı da yüksək səviyyədə olacaqdır”.

BAKI VƏ QƏSƏBƏLƏRİ ÜZRƏ YENİ PROQRAM

“Bu il - yəqin ki, yaxın günlərdə Bakı və onun ətraf qəsəbələrinin inkişafı ilə bağlı yeni proqram qəbul ediləcək. 2013-cü ildə bu proqram başa çatmışdır və yeni proqram hazırlanır. Hesab edirəm ki, növbəti üç illik Proqramın icrası nəticəsində Bakı qəsəbələrində mövcud olan bütün problemlər öz həllini tapmalıdır. İnfrastruktur, sosial infrastruktur, məktəblər, tibb məntəqələri, yollar, su xətləri, kanalizasiya, qaz, işıq - yəni, bütün əsas məsələlərin həlli, o cümlədən iş yerlərinin yaradılması nəzərdə tutulur”.

“Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu göstəriciyə görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artacaqdır. Əhalinin artımı birbaşa iqtisadi inkişafla bağlıdır. Ona görə, ərzaq təhlükəsizliyimizlə bağlı məsələlər indiki əhaliyə hesablanmamalıdır, gələcəyə hesablanmalıdır. Əlbəttə ki, kənd təsərrüfatının intensiv inkişafı prioritetdir”.

BÖYÜK ELEKTRİK STANSİYASI TİKİLƏCƏK

“Elektrik enerjisi ilə bağlı əsas məsələlər öz həllini tapıb. Burada qeyd edildi ki, biz keçən il “Cənub” Elektrik Stansiyasının istifadəyə verilməsini qeyd etdik. Təxminən 800 meqavata yaxın gücü olan elektrik stansiyası bütün cənub zonasının tələbatını təmin edəcəkdir. Hazırda Bakıda “Şimal-2” Elektrik Stansiyasının tikintisi davam etdirilir, yəqin ki, bu il istifadəyə veriləcəkdir. Orada da təqribən 400 meqavata yaxın elektrik gücü yaranacaqdır.

Son illərdə biz öz enerji potensialımızı böyük dərəcədə möhkəmləndirə bilmişik, ancaq tələbat artır. Biz iqtisadiyyatın və sənayenin inkişafını, gələcək inkişafı nəzərə alaraq bundan sonra da generasiya layihələrinə investisiya cəlb etməliyik. Yəqin ki, Bakıda yeni böyük elektrik stansiyasının tikintisi məsələsi öz həllini tapacaqdır. Buna ehtiyac vardır. Bizim enerji potensialımız bütün dövrlərdə tələbatdan artıq olmalıdır. Bu gün bu, belədir və gələcəkdə də belə olmalıdır”.

BAKIDA QAZLAŞDIRMA 96 FAİZƏ ÇATIB

“Qazlaşdırma ilə bağlı olan layihələr davam etdirilir. Mənə mütəmadi qaydada məlumatlar verilir. Demək olar ki, hər ay bir neçə kənddə qazlaşdırma işləri başa çatır, Bakıda 96 faizə çatmışdır. Yaxın aylarda əminəm ki, yüz faiz olacaqdır. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmalıyıq və biz növbəti illərdə buna nail olacağıq.

Kənd yollarının tikintisi keçən il xüsusilə geniş vüsət almışdır. Prezidentin ehtiyat fondundan, dövlət büdcəsindən böyük vəsait ayrılmışdır. Bu il də o sahəyə xüsusi diqqət göstəriləcəkdir. Bunun çox böyük mənası, faydası vardır. Kəndlərdə yaşayan vətəndaşlar üçün biz gözəl imkanlar yaradırıq və bu il də bu məqsədlər üçün vəsait nəzərdə tutulur. İlk növbədə, başlanan layihələr sona çatmalıdır, çünki bəzi layihələrin icrası yarımçıqdır. Yeni layihələr vardır. İndi yerlərdən təkliflər gəlir. Yerli icra orqanları və mənim bölgələrə səfərlərim zamanı vətəndaşların müraciətləri əsasında biz bu işləri görürük və əminəm ki, bu il də yaxşı nəticələr olacaqdır”.

“KANALİZASİYA XƏTLƏRİ KÖHNƏLİB”

“İnfrastruktur layihələrinin içində deyə bilərəm ki, hazırda ən böyük önəm daşıyan layihələr içməli su, kanalizasiya layihələridir. Keçən il mən bir neçə şəhərdə içməli su layihələrinin açılışında iştirak etmişəm və bu il də bu proses davam etdiriləcəkdir. Bütövlükdə respublika üzrə əhalinin 55 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Əlbəttə ki, bu, çox aşağı bir göstəricidir. O da həqiqətdir ki, içməli su, kanalizasiya məsələləri bütün dövrlərdə çox kəskin problem olmuşdur. Bölgələrimizdə kanalizasiya xətləri ümumiyyətlə olmamışdır. Bakının kanalizasiya xətləri köhnəlmişdir, bugünkü standartlara uyğun deyildir. Ona görə, bu, böyük maliyyə və texniki resurslar tələb edən layihələrdir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla gedir”.

“Hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır. Bakıda və bizim bütün şəhər və qəsəbələrimizdə əhaliyə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su verilməlidir”.

BAKI-ASTARA YOLUNDA İŞLƏR LƏNG GEDİR

“Avtomobil yollarının tikintisi davam etdirilir. Mən hesab edirəm ki, biz Bakı-Astara yolunun tikintisinə xüsusi diqqət yetirməliyik, orada işlər bir az ləng gedir. Bakı-Qazax-Gürcüstan sərhədi, ondan sonra Bakı-Rusiya sərhədi yollarında işlər daha sürətlə gedir. Ancaq biz Bakı-Astara-İran sərhədi yolunun tikintisində lazımi tempi əldə edə bilməmişik. Ona görə, bu il bu layihəyə üstünlük daha çox verilməlidir”.

“Qeyd etdiyim kimi, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsi bu il icra edilməlidir. Beləliklə, hesab edirəm ki, bu il biz şəhərin mərkəzində yerləşən Bakı Ticarət Limanının köçürülməsinə nail ola bilərik. Beləliklə, şəhər sakinləri üçün yeni gözəl ictimai zonalar yaranacaqdır. O ərazilərdə ictimai yerlər, parklar, bağçalar, gəzinti yerləri salınacaqdır. Bulvar uzadılacaq, Dəniz vağzalından sonra “Ağ şəhər” istiqamətində tikilən bulvarla birləşəcək və beləliklə, gəzinti üçün bir neçə kilometri əhatə edən gözəl bulvar yaranacaqdır”.

QEYRİ-NEFT SƏNAYESİNİN İNKİŞAFI

“Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdır”.

“2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir”.

EKOLOGİYANI ÇİRKLƏNDİRƏN MAŞINLAR ÖLKƏYƏ BURAXILMASIN

“...havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılmalıdır. Mənə verilən məlumata görə, əsas amil minik maşınlarıdır. Keçən il Azərbaycana yüz mindən çox avtomobil idxal edilibdir. Bu, əlbəttə ki, vətəndaşların rifah halının yaxşılaşmasını təsdiqləyən bir faktdır. Ancaq, eyni zamanda, bizim yol infrastrukturumuza nə qədər böyük yükdür. Biz yollar çəkirik, qovşaqlar, tunellər tikirik. Bəlkə də Bakıda, Azərbaycanda olan bu layihələr heç bir başqa ölkədə yoxdur. Nə qədər yollar, tunellər tikilib və tikilir. Nə qədər vəsait ayrılır.

Ancaq yüz min maşının – onların da böyük hissəsinin Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini yaradır, ekoloji vəziyyəti pisləşdirir. Ona görə, vaxtilə biz ekoloji standartlara, yaxud da ki, texniki şərtlərə uyğun olmayan maşınların idxalını dayandırmışıq. Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək”.

YA TƏMİZLƏYİCİ QURĞULAR OLSUN, YA MÜƏSSİSƏ BAĞLANSIN

“Havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyildir. Deyə bilərəm ki, cərimələr burada işləmir. Çünki cərimələrin tutulması prosesi çox mürəkkəbdir.

Bir də ki, indi cərimələrin məbləği də o qədər böyük deyil ki, bu cərimələrə görə kimsə öz fəaliyyətini dayandırsın. Ona görə, ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcəkdir. Biz milyonlarla ağac əkirik, ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik. Ancaq havanı çirkləndirən müəssisələr bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir”.

DİGƏR GÖLLƏRLƏ DƏ MƏŞĞUL OLAQ

“Digər ekoloji tədbirlər də görüləcəkdir. Böyükşor gölünün təmizlənməsi layihəsi bu il başlanacaq və gələn il onun birinci mərhələsi başa çatmalıdır. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi mənə bu barədə məlumat veribdir. İşlər bu il başlayacaq və Böyükşor gölünün üçdəbir hissəsi bəndlə ayrılacaq, orada ekoloji tədbirlər görüləcəkdir. Əminəm ki, bu təcrübə uğurlu olacaqdır. Ondan sonra qalan hissə təmizlənəcəkdir. Böyükşor gölünün ümumi ərazisi min hektardan çoxdur. Çox böyük bir göldür. Şəhərin mərkəzində yerləşir və bilirsiniz ki, o gölə axıdılan çirkab suları, lay suları, neftlə çirklənmiş sular Bakının ekoloji vəziyyətini böyük dərəcədə pisləşdirir.

Ona görə, bu layihələr də icra edilməlidir və digər göllərlə bağlı vaxt gəlib çatıb ki, biz ciddi məşğul olaq. Mən bir neçə il bundan əvvəl bu barədə öz fikirlərimi bildirmişəm. Hətta o göllərin hamısının adlarını da sadalamışam. Ona görə, vaxt gəlib çatıb. Bütün göllərin təmizlənməsi, haradakı bu, mümkün deyil, onların qurudulması, yəni, kompleks tədbirlər planı olmalıdır. Biz xüsusi proqram da qəbul edə bilərik və edəcəyik”.

KORRUPSİYAYA BULAŞMIŞ ŞƏXSLƏR...

“Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi.... Ancaq korrupsiyaya qarşı mübarizə “ASAN xidmət”in fəaliyyəti ilə bitmir. Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır.

Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG