Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:40

Səhər yenə o söz kəndir kimi boynuna dolanar...


Günel Eminli
Günel Eminli

Günel Eminlinin essesi

-

Əsəbiləşərsən, əvvəl klavişlərin başından bir qapaz, sözün dalından dilinlə bir təpik vurub, bu günlük onu unudub yatmağa gedərsən...


Günel Eminli


ÇATIŞMAYAN PAZL


Bəzən bir söz düşər yatan yerdə başına, ya da yemək yediyin yerdə düz boşqabının ortasına, ya da danışdığın yerdə düz dilinin ucunda bitər, sən də əstəğfurullah deyib bir göyə baxarsan, bir yerə, bu sözün mənşəyi, hardan gəldiyini müəyyənləşdirməyə çalışarsan, əvvəl bir - iki dəfə tələffüz edərsən, dişinə vurarsan, sağa – sola çevirib, dadına baxarsan, sonra bir də, bir də cəhd edib, nəyəsə uyğunlaşdırmağa çalışarsan, ya danışdığın söhbətə, ya oxuduğun kitabın adına, ya da keçmiş sevgilinin adındakı hərflərə uymağına, heç biri uyğun gəlməsə başqa yollar, çarələr axtarmağa başlayarsan.

Bu bicbala çılpaq sözə ata - ana axtarmağa, ya da əyninə paltar seçməyə başlarsan, kompüterini açıb, köhnə qovluqlarını bir - bir 40 otaq kimi gəzib bu sözün hansı qovluqdan qaçıb gəldiyini bir xəfiyyə məntiqi ilə müəyyənləşdirməyə çalışarsan, hansısa yarımçıq yazımdakı sözmüdü, bəlkə yarımçıq şeirimin çatmayan qafiyəsi, yoxsa yazımın adı, bəlkə qeyd dəftərçəmdə unutduğum bir cümlə? Çaşıb qalarsan.

Heç biri olmayınca. Sonra bir də çək-çevir edərsən. Nəticə olmayınca tüstün təpəndən çıxar. Əsəbiləşərsən, əvvəl klavişlərin başından bir qapaz, sözün dalından dilinlə bir təpik vurub, bu günlük onu unudub yatmağa gedərsən.

Tərs kimi, səhər yenə o söz kəndir kimi boynuna dolanar, gün boyu səninlə gəzər, səninlə işə gedər, dolaşar əl-ayağına, dostlarınla görüşə, sonra marketə və sənlə evinə dönər.

Və dünyanın ən üzlü sözü elan edərsən onu, amma avtobusdan düşəndə yolun qırağında bir səfil qocanın yorğun gözlərinə baxıb, işıqlı oyuncaq vitrinində böyük maşına tamaşa edən dilənçi uşağın əlindəki tütəyi necə sıxdığını sezib, dünyanın kədərini özünlə qaranlıq otağına daşıyıb, rahatlanmaq üçün, çiynindəki bu batman yükünü, içindəki hamilə olduğun bu dərddən azad olmaq istəyi ilə gəlib yazıya başlarsan və bu dəfə möcüzə baş verər.

Sən yazını yazdıqca, qaranlıq otağın yazının işığına bələnər, kədərin qəlbindən sivişib, barmaqlarından düz yazına səpələnər.

Və elə bu zaman yazının ortasında səni neçə gün girinci-giriftar edən bu söz qələminə öz-özünə yazılar, sənin yazının çatışmayan hissəsi kimi, çatışmayan pazl kimi öz şərəfli yerini tutar. Bu sözü neçə gündü qulağından tutub sürüdüyünün əsli, mənşəyi, səbəbi sənə bəyan olar. Sözün yazıdan qabaq gəldiyi, səni niyə ağuşuna, həbsinə aldığı, səni niyə əsir götürdüyü səbəbi agah olar.

Nəhayət yazıya özünü çatdırdığı məqam yetişər və sən başqa sözlərin basqınına məruz qalana qədər bu sözlə müharibəni bitirib ən azı bu gecəlik, boşalmış, sustalmış, rahatca yatmağa gedərsən.
XS
SM
MD
LG