Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:36

İlham Əliyev Azərbaycana qarşı qüvvələrin iflasa uğradığını bildirir


İlham Əliyev
İlham Əliyev
-
«2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təşkil etdiyi kampaniya iflasa uğrayıb». - Bunu yanvarın 9-da Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev deyib.

Prezident çıxışında ötən illə bağlı bu məqamları vurğulayıb:

- İlin sonunda Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda müəyyən canlanma yaranıb.

- 20 min məcburi köçkün mənzillərlə təmin edilib. Bu il də təxminən bir o qədər məcburi köçkün üçün yeni mənzillərin inşa ediləcək.

- Ümumi Daxili Məhsul (ÜDM) 6%, qeyri-neft sektoru 9.8%, əhalinin pul gəlirləri 8% artıb. İnflyasiya 2.4% təşkil edib.

- Azərbaycan iqtisadiyyatına rekord miqdarda - 28 milyard dollar investisiya qoyulub. Azərbaycanın strateji valyuta ehtiyatı 50 milyard dollara çatıb.

- Ölkədə 80 mini daimi olmaqla, 110 min yeni iş yeri yaradılıb. İşsizlik 5% təşkil edib.

Keçən ilin hadisələrini sadalayrkən İlham Əliyev onu yenidən dövlət başçısı seçdiyinə görə xalqa minnətdarlığını bildirib. İlham Əliyevin fikrincə, bütün mötəbər qurumlar bu seçkinin azad, şəffaf və ədalətli keçirildiyini rəsmi qaydada təsdiqləyiblər.

İlham Əliyev, həmçinin, 2014-cü ili Bakıda ilk dəfə keçiriləcək Avropa olimpiadasına hazırlıq baxımından həlledici zaman kimi səciyyələndirib.

Prezident 2014-cü ili Azərbaycanda «Sənaye İli» elan edib.

Bunlar Azərbaycan prezidentinin yanvarın 9-da Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərdir.

İlham Əliyev çıxışında Azərbaycana qarşı olan konkret hansı kampaniyanın iflasa uğradığını bildirməyib. Amma 2013-cü ilin əvvəlində Avropa Şurasında Azərbaycanla bağlı baş verən ən böyük hadisə siyasi məhbuslarla bağlı hesabatın qəbul edilməməsi idi. Yanvarın 23-də AŞPA-nın qış sessiyasında Azərbaycanda siyasi məhbusların vəziyyətinə haqqında müzakirə olsa da, həmməruzəçilərin hazırladıqları hesabat qəbul edilməmişdi.

Ötən il oktyabrın 9-da keçirilmiş prezident seçkisi haqqında da Azərbaycanda fərqli fikirlər var. ATƏT-in seçkiləri müşahidə missiyasının yekun rəyinə görə, bu seçki beynəlxalq demokratik standartlarına uyğun olmayıb.

Müxalifət bloku olan Demokratik Qüvvələrin Milli Şurası da seçkilərin saxtalaşdırıldığını deyərək onun nəticələrini tanımadığını bəyan edib.
XS
SM
MD
LG