Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:16

Naxçıvan ombudsmanı hesabat verdi, hüquq müdafiəçiləri qiymət...


Naxçıvan Ali Məclisi

Naxçıvan Ali Məclisi

-
Ötən ilin son günlərində Ülkər Bayramova yenidən Naxçıvanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçildi. Bu qərar Vasif Talıbovun təqdimatı ilə Muxtar Respublika Ali Məclisində səsvermə ilə qəbul olunub.

Ülkər Bayramova çıxışında Ombudsman aparatının ötən illər ərzindəki fəaliyyətlərini yüksək qiymətləndirib. O bildirib ki, rəhbərlik etdiyi aparat 2013-cü ildə də Naxçıvanda insan hüquqlarının müdafiəsi işini davam etdirib. Ombudsmanın dediyinə görə, ötən il vətəndaşlar tərəfindən aparata 70 müraciət daxil olub. Həmin müraciətlərin 23-ü icraata götürülüb, 7-si təmin olunub. O, məhkumların hüquqlarının qorunması istiqamətində də tədbirlər gördüklərini vurğulayıb. Lakin ombudsman öz məruzəsində bu istiqamətdə konkret olaraq hansı addımlar atdıqlarına aydınlıq gətirməyib.

«YENİDƏN SEÇİLDİ YOX, YENİDƏN TƏYİN OLUNDU...»

Ülkər Bayramovanın fəaliyyətinə fərqli qiymət verənlər də az deyil. Hüquq müdafiəçisi Elman Abbasov deyir ki, Naxçıvanda Ombudsman Aparatı yaranan gündən fəaliyyətsiz bir quruma çevrilib:

«Yenidən seçildi yox, yenidən təyin olundu desək daha doğru olar. Çünki Naxçıvanda Ombudsman aparatı Ali Məclisin bir icra orqanı kimi fəaliyyət göstərir. Əhalinin 90 faizinin bu aparatın olub olmamasından xəbəri yoxdur. Elman Abbasov

Elman Abbasov

Ombudsman aparatının tək fəaliyyəti odur ki, ildə bir dəfə çıxıb hesabat versin. Ola bilsin ki, 1-2 nəfər hansısa məmurun qohumu işdən çıxarsınlar, o zaman aparat da yuxarıdan gələn tapşırıqla həmin şəxsin hüquqlarını qorusun. Bu aparat ona görə yaradılıb ki, beynəlxalq təşkilatlara göstərsinlər ki, guya bizdə də belə bir qurum var. Biz dəfələrlə insan haqları ilə bağlı monitorinq apararkən, Naxçıvanda işgəncəyə məruz qalanlarla bağlı müraciətlər etmişik, cavab verməyiblər. 2013-cü ildə Naxçıvanda həbs olunan işadamı Məmməd Qurbanovun ailə üzvləri işgəncə faktları ilə bağlı dəfələrlə müraciət etsələr də, heç bir cavab verilməmişdi. Hesab edirəm ki, növbəti 7 ili də bu cür yola verəcəklər».

«BİZİ OMBUDSMAN APARATINDA POLİSDƏN PİS QARŞILADILAR»

Hələ 2011-ci ildə bir qrup jurnalist və hüquq müdafiəçisi Naxçıvandakı insan haqları ilə bağlı vəziyyəti öyrənmək üçün bu muxtar respublikaya səfər etmişdi. Həmin qrupun tərkibində olan jurnalist Şahvələd Çobanoğlu deyir ki, elə həmin gün Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları onlardan muxtar respublikanı təcili tərk etmələrini tələb edib. Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu

Jurnalistin sözlərinə görə, həmin vaxt Naxçıvandan çıxarılmalarına etiraz etmək üçün yerli ombudsman aparatına müraciət etdikdə isə, ordan qovulublar:

«Bizi Ombudsman aparatında polisdən pis qarşıladılar, qapıdan içəri girməyə belə qoymadılar, çox sərt şəkildə davrandılar və bizi açıq şəkildə qovdular aparatdan. Daha sonra bizi izləməyə başladılar. Çoxları Naxçıvanda ombudsmanın olmasından xəbərsizdilər. Biz ora gedəndə təəccübləndik ki, doğrudanmı burada ombudsmanlıq fəaliyyət göstərir? Biz o vaxt Naxçıvana oradakı insan haqlarının vəziyyətinin ağırlığına görə getmişdik. Məqsəd oradakı duruma aydınlıq gətirmək, ölkənin diqqətini bu məsələyə yönləndirmək idi. Rəsmi qurumlar bizə çox sərt münasibət bəslədi. Naxçıvanda insan haqlarını pozuntusu ilə bağlı dəfələrlə məlumatlar səsləndirilib. Bu məlumatlara bir dəfə də olsun Naxçıvan ombudsmanı tərəfindən reaksiya verilməyib. Bu qurumun mövcudluğundan söhbət gedə bilməz. Bu aparat imitasiya üçün yaradılıb».

«NAXÇIVANDA HEÇ BİR İNSAN HAQLARI POZUNTUSU YOXDUR»

Bu deyilənlərə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Ombudsman Aparatına müraciət etdik. Aparatdan səslənən ittihamlara cavab vermək istəmədilər.

Naxçıvanın Bakıdakı nümayəndəliyinin rəhbəri Həsən Hacıyevin isə səslənən ittihamlara cavabı qısa oldu:

«Naxçıvanda heç bir insan haqları pozuntusu yoxdur».

Naxçıvanda ombudsman 7 ildən bir seçilir. Ülkər Bayramova muxtar respublikanın ilk Ombudsmanıdır. O bu vəzifəyə ilk dəfə 2006-cı ildə seçilmişdi.
XS
SM
MD
LG