Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:55

-

"OxuZalı"nda ən çox oxunan



Nənəm bir dəfə başını anama tərəf əyib xısın-xısın dedi: “az, görəsən bunun əri evdən çölə çıxmırmı, işə getmirmi, elə səhər-axşam... ” ... Sonra qəfil dayanıb içini çəkdi. Ağlına gələn fikirdən özü dəhşətə gəldi...


Sevinc Elsevər


ÇARPAYI CIRILTISI

(hekayə)


Damını yağışların döyəcləmədiyi evə köçdüyümüz cəmi-cümlətanı bir ay olardı. Əməlli-başlı darıxırdıq damı döyəcləyən yağış səsi üçün...

Nənəm rayondan şəhərə gəlib çatanadək yol boyu der-der deyinmişdi. Erməninin qarasına söyür, qarğış edir, asıb-kəsirdi:

- Qoymadılar oturaq gül kimi yerimizdə-yurdumuzda... nədi ey, gedib indi qutu-qutu evlərdə yaşayacağıq?

Qardaşım Cəfər dözməyib soruşdu: - doğrudan evlər qutudandı?

-Hə bala, o sənin əlifba kitabında taxta quş yuvalarının şəkli var ha, lap onlar kimidi. Bir var, quş özü dimdiyində saman gətirə, palçıq daşıya, yuva qura, bir də var taxtayla mismarla quraşdıralar, deyələr yuvadı...

Adamin öz əlinin dəymədiyi evdə bin-bərəkət olmaz, ay bala. Bir şey ki, tualetlə mətbəx ağız-ağızadı, orda bişən yeməklərin nə dadı, nə duzu olacaq?

Nənəm danışsa da çarəsi nəydi, gəlib girdi qutu evə.

Ev Rusiyada işləyən əmimin idi. Əmim əsgərliyə gedəndən sonra dava-şava başladı. Sonra bir də eşitdik ki, əmim əsgərliyi çəkib qurtarmamış qayıdıb kəndə gəlmək istəyir. Nənəmlə atam and-aman verib qoymadılar kəndə gələ. Əmim orda qaldı...

İşi-gücü yaxşı gedirdi. Əvvəl atama pul göndərdi, Bakıda bizim içinə yığışdığımız həmin bu evi aldırdı. “Səlim bu evi almaqla ağıllı iş gördü” - atamla anam dönə-dönə deyirdilər.

Əmim kəndimizdə də ev tikdirirdi. Yarımçıq qaldı. Evin üstünü də götürmüşdülər. Nənəm ustalara bir həvəslə qulluq edirdi, gəl görəsən. O üz-bu üzlərinə keçirdi ki, evi tez tikib qurtarsınlar. “Səlimin evidi”... –nənəm fəxrlə göstərirdi evi qonşulara. “Müharibə qurtarsın, bir toy çaldıracam ki, balama. Səsi yeddi obaya yayılacaq... ”... Sonra kələğayısının ucunu hələ yaş çıxmağa fürsət tapmamış gözlərinə aparar, sanki göz yaşlarını görəcəkləri qəbahətmiş kimi tez silərdi: -“deməsinlər atasızdı” ...

Təzə evimizdə əşya yox idi... Yükümüzü, bir az qab-qacaq, pal-paltar gətirmişdik. Nənəm süfrə salıb yerdə yeməyin tərəfdarıydı... Amma anam nə illah elədisə, yerdə otura bilmədi. Qab-qacağı yığıb gətirdiyimiz qutuları yan-yana qoyub qıyıqla bir-birinə tikdi, stol düzəltdi. Yenə yerdə otururduq, amma boşqabları heç olmasa yerdən bir az aralı qoyurduq....

Nənəm qorxduğu kimi təpik altda qalmamışdıq: başımızın üstündə uşaqlar qaçmır, tullanıb-düşmürdü.

“Bura bina evidi ha, qaçmaq, tullanmaq, bərk danışmaq olmaz”, –deyən anam bizi də oynamağa qoymurdu evin içində. Nənəm də boynumuzu burub bir kənarda sakit-sakit baxmağımıza kövrəlir, yenə deyinməyə başlayırdı:

“Allah erməninin bəlasını versin... Bizi didərgin saldılar. Yüzlərlə toyuğum , ördəyim, qazım qaldı. Sanki anam bilmirmiş kimi üzünü anama tutub danışırdı: “quş damına hər dəfə girəndə dolu vedrəylə bir yumurta çıxarırdım. Qoyunlarım, buzovlarım örüşdə qaldı, –ağlamsınırdı.

Atam hirslənirdi: “ – Ay ana bəsdi də! Gəldin, qızına yaxın oldun, ta nə istəyirsən? Sumqayıtla Bakının arası budu buradı. Biz gələndən Suqra iki dəfə gəlib gedib”.

“Elə Suqragilə gələndə də mən otura bilmirdim bu qutu evlərdə, ev dustağı olurdum, kənddə mən yatandan yatana evə girirdim, turp kimiydim”.

Əslində bizi narahat eləyən bir şey vardı. O da üst qonşumuzun çarpayılarının cırıldamağı idi. Günün istənilən vaxtı taqqa –taraq, cırıltı səsi götürürdü evi başına.

Bir dəfə nənəm özünü saxlaya bilmədi, əllərini dizlərinə çırparaq dedi:

-Daş düşsün elə başınıza ... günün günorta vaxtı nə hay gəlib, dözmürlər e, gecəyə səbrləri çatmır.

Anam göz ağartdı: - Uşağın yanında elə danışma, Suğra xala... Günay hər şeyi başa düşür, ta on altı yaşındadı.

-Mən də elə onu deyirəm ki, uşaqdan böyükdən ayıbdı.

Anam hirslənsə də səbrini basdı:

-Neyləyək indi ay xala, gedək qapılarını döyək, deyək bizi narahat eləyirsiz?!

Nənəmlə anamın danışıqlarından yuxarıda tez-tez nə baş verdiyini anlamışdım. İç-içə iki otaq ev idi. Hara gedirdin o səs gəlirdi. Tualetə, hamama girəndə də eşidirdin.

Bir də görürdün anamın əldəqayırma süfrəsinin üstündə çörək yediyimiz yerdə başladı : cır-cır-cır-cır. Arabir də taqqıldayırdı. Televizor da yox idi ki, səsini verək. Süfrənin üstündə hamı pərt halda, bir-birinə baxmamağa çalışırdı. Atam qəsdən səsini qaldırıb həmişə də eyni cür nənəmin kürəyinə şappıldadaraq deyirdi: “yaxşı olacaq, ay ana!”

Atam səsini qaldırmaqla, sanki yuxarıdakılara demək istəyirdi ki, ayıbdı, qonum-qonşu var, biz varıq, bizə hörmət edin. Sonra qardaşımı çağırıb ucadan şeir deməyi əmr edərdi. Qardaşım səsi yetdikcə qışqırardı: “El bilir ki, sən mənimsən....”

Qazanları, nimçələri mətbəxdə anam elə hirslə bir-birinə vurardı ki, deyərdin ay tutulub, gün tutulub. Mən utandığımdan səsimi çıxarmazdım, o biri otaga kecərdim. Hətta o biri otağa keçməyimin səbəbini atamgilin bilməyindən utanardım. Utanmağımdan utanırdım.

Nənəm bir dəfə başını anama tərəf əyib xısın-xısın dedi: “az, görəsən bunun əri evdən çölə çıxmırmı, işə getmirmi, elə səhər-axşam... ” ... Sonra qəfil dayanıb içini çəkdi. Ağlına gələn fikirdən özü dəhşətə gəldi:

-Boooyyy... az Sitara, birdən bu canıyanmış onlardan olar e... Vaxsey, Allah erməninin başına daş salsın, gör gətirib bizi kimin altına saldı?!

-Yaxşı ey, ay arvad... lap elədi, ondan bizə nə?

-Qızı çölə-zada buaxma!

***

Günlərin bir günü yenə çörək yediyimiz yerdə yuxarıdan gələn səsi ört-basdır eləməkdən ötrü evdə hamımız səsimizi başımıza atmışdıq. Qardaşım ucadan şeir deyir, anam qazanları bir-birinə çırpır, nənəm deyinir, atam hönkürürdü.

Qapımız bərkdən döyüldü. Hamı səsini kəsib bir-birinə baxdı. Atam durub qapıya getdi.

Biz də atamın dalınca.

Nənəm arxadan qışqırdı:

- Soruş kimdi, sonra qapını aç, a bala. Nabələdə qapı açma.

Nənəm gecikmişdi. Atam qapını açmışdı. Qapının ağzında gənc, gözəl bir qadın dayanmışdı. Qadın əsəbi idi, güclə cilovladığı jaketinin ətəyini ovuclarında əzişdirməsindən bilinirdi. Öz –özümə düşündüm ki, bu da yəqin bizim alt qonşumuzdu, qazanların səsindən narahat olub, yuxarı mərtəbəyə çıxıb. Amma gələnin üst qonşu olduğunu biləndə matımız-qutumuz qurudu.
“Ay balam, neçə dəfə eyni şey təkrarlanır, dedim dinməyəm, day dözmədim. Kənddən köçübsüz bilirəm, bərk danışmağa öyrəncəlisiz. Amma bu qədər də olmaz axı. Tərs kimi də elə bil vaxtı bilirsiz. Haçan ki beşik sallayıb uşaq yatızdırıram, aşağıda bir vurhavur başlayır, gəl görəsən. Tay deyirik, iraq olsun erməni gəldi. Belə şey olmaz, axı”.

Qurbağa gölünə elə bil daş atdın. Atam ağzını açıb üzr istəyə də bilmədi.

“Tay olmaz, a bala”- nənəm hökmlə dilləndi. Qadın çəkingən baxışlarla nənəmə baxdı, baxdı, üzr istəyib getdi.

Yuxarıdan gələn səs daha bizi narahat eləmirdi. Amma yenə pərt olurduq. Yenə hərə çalışırdı ki, birtəhər başını qatsın.

Nənəmi qutu evə alışdırana qədər ta bizimki bizə gəldi. Allah erməninin tifağın dağıtsın!

Günün bütün mövzuları

XS
SM
MD
LG