Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:25
-

Gənc yazar Dilqəm Əhmədin şeirlər kitabı Türkiyədə çap olunub. “Kabilden Baküye sevgi metamorfozu” adlanan toplu Türkiyənin “Şiir vakti”
yayımlarında dərc edilib.

Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri yer alıb. Şeirləri türk dilinə İmdat Avşar çevirib.

Türkiyə türkcəsinə çevrilib kitaba daxil edilən şeirlərdən


Kabildən-Bakıya sevgi metamorfozu


(Xalid Hüseyninin “Min möhtəşəm günəş altında” romanını oxuyarkən)


“Min möhtəşəm günəş altında”
əfqan qadınların bir kərə olsun
görmədiyi günəşin
həsrəti doğur
Sən Bakı, heç Kabil qədər olmadın
Kabildə bir üzü var işgəncənin,
Səndə hər gün yalan şərbəti doğur
Kişi bədənində, kişi evində, kişi burkası içində
həbs olunur qadınlar.
Hər gün dua edir, bir ana, bir qız,
Tanrı qorusun onları daha betərindən
Bir qadın boylanmaq istəyir
Kabilin uçuq bir evinin pəncərəsindən
Taxtalar mismarlanıb pəncərəyə,
içəri pis qoxuyur, qəddar kişi tərindən
Hər gün bir sevgi ölür,
üzünü qapayaraq ağlayan qadının kədərindən
Yorğun buludlar kəsir qarşısını,
fərqlənmir qüssəli gecəsi səhərindən.
Hər gün bir qadın intihar edir,
ilan kimi qıvrılan kəndirin zəhərindən.
Mən bunları oxuduqca, sevgilim,
Bakı gəlir gözümün qabağına
Bakının üzünə taxdığı maska necə də
köhnəlib,
“kapilkam”da qalan sovet qəpikləri kimi
Kabil daha səmimidir,
Kabil kişisi daha mədəni,
üzündə iki insan gizlənməyib
On üçündə əllisində olan kişilərin
altında inləyən,
mükafat kimi qazandıqları təpikləri kimi
Daha evlilik yaşına çatmadan, ölür qadınlar,
ölüm yaşına çatan kişilərin bəhərindən.
Kabil rüzgarları kimi
səksəkə içindəyəm, sevgilim
Əlimdə tutduğu bütün ümidlərini
bir anda itirən insanlar kimi karıxıram
Bir ayağı əlil olan Tarıkı sevən,
İki ayağı olan Raşitin
qorxunc tərində həbs olunan
Leyla kimi qadınların olduğu
Kabil üçün darıxıram
Sığınıb Kabilin gerçəkliklərinə,
Qaçmaq istəyirəm Bakının şərindən.
Bakının ucalan göydələnlərindəki,
saxta meqapolis sevişməsindənsə
Kabilin bir xarabasına çöküb,
qadağaları büküb, iki gəncin öpüşməsi
Daha safdır, daha günahsızdır
Bakı daha allahsızdır
Kabil dağında vuruşan allah əsgərlərindən.
Hər gün bir qadın boğulur,
ölüm yaşında olan kişi tərindən
Hər gün bir qadın boğulur,
hər gün bir məzar qazılır daha dərindən.
Sevgilim,
Kabildə tənhalığın ömrü daha qısadır
Sevgiyə qovuşmasan da,
bir güllənin qığılcımına qovuşursan
Bakıda tənhalığın adı səbir dolu kasadır
Nə sevgiyə, nə gülləyə qovuşmasan da,
zamanla yaşama yovuşursan
Daha ağlamırsan, nə sevgilinin həsrətindən,
nə sevgi kədərindən.
Amma qorxunc oluram gecələr,
əfqan çocuğun yuxusuna girən
talib əsgəri kimi
Bütün divləri saçından asıb,
özü divə dönən düşmənin qalib əsgəri kimi
Hər gün bir qadın öldürüb,
hər gün bir ocaq söndürüb, sərsəri kimi
Bakı küçələrinə qəddar şeirlər qoşub,
kriminal xəbəri kimi
Başlıq yazılır: “Usandı, Kabildə doğub
Bakıda ölən sevgilərindən”
XS
SM
MD
LG