Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24

Mən o qələti eləyə bilmərəm...


-

O zaman uşaq olduğumdan çoxu yadımda deyil. Rayona əməlli-başlı çaxnaşma düşmüşdü. “Satqın kim olar” sualı uşaqdan böyüyə hamını təşvişə salmışdı...


Xuraman Hüseynzadə


QATIR QULAM


Ağ “Prado” sağa keçib qarşımızda dayandı. İçindən qara, yekəpər, qızıldiş kişi düşüb uzun qollarını yana açaraq atamın üstünə yeridi:
- Booy! Kimi görürəm, ə mən?!

“Març!”-Atamın sağ yanağından elə bil bel bankası çəkdilər. Xoş-beşdən sonra gözü ilə məni göstərdi:

- Bu, o qara qızın varıydı e, odu? Həncəri yekəliv ə, bu? Hı-hı-hı...

Ağzı timsah ağzı kimi aralanıb məsafəni qulağının dibinə kimi uzatdı. Atamın üzündən sanki kəlbətinlə təbəssüm qopartdılar... Kişi dayanmadan danışır, mülklərini, varidatını sayırdı. İki daşın arasında şairlik təbini, aldığı ədəbi mükafatları da gözümüzə üfürdü. Dəhşətə-zada gəlmədim. Həyatın bu cür “kinder-sürpriz”ləri ilə çox qarşılaşmışıq. Atam bir ayağını qaçaq qoyub bu idbardan yaxa qurtarmağa çalışarkən mən onu xatırlamağa cəhd edirəm...

***

Qatır Qulamın oxuması, yazması yox idi. Evlərdə həyət-bacalarda iş görərək çörək qazanırdı. Məsələn, görsəydi ki, sahə müvəkkili Sadığın evinin qarşısında çoxlu maşın dayanıb, bilirdi ki, orda olmaq lazımdı. Əl-ayaqda buyurulur, axırda da kəsilmiş qoyunun qarın-bağırsağını, baş-ayağını götürüb evinə aparırdı. Qulama səyyar iş qüvvəsi kimi baxırdılar. Bəzən məhlənin cayıllarının “mırt” damarı tutanda başlayırdılar onu ələ salıb dolamağa. Axırda da qəpik-quruş verib arvadına söyürdülər.

Qulama “Qatır” ayaması elə-belə verilməmişdi. Con Steyenbekin“Adamlar və siçanlar”ındakı Lenni kimi kobudluğu, mədəniyyətdən, tərbiyədən, sivilizasiyadan məsafələrlə uzaqda dayanması ona bu adı qazandırmışdı.

***

Bir gün tədarükçü Mahalın Ələt yolunda saxlanması, Bakıya apardığı tonlarla ətin sənədsiz olması ucbatından iyləndirilib atılması xəbəri yayıldı. Mahal ev-eşiyini satıb cəriməni ödədi. Ardınca molla Cavanşirin həyətindən yerə basdırılmış heroin tapıldı. Molla yaşının ağsaqqal vaxtında türməyə düşdü. Bir ildən sonra elə orda da dünyasını dəyişdi. Daha sonra dükançı Bəhmən yeyinti üstündə həbs olundu. Bu kimi hadisələr çox oldu. O zaman uşaq olduğumdan çoxu yadımda deyil. Rayona əməlli-başlı çaxnaşma düşmüşdü. “Satqın kim olar” sualı uşaqdan böyüyə hamını təşvişə salmışdı. Az qala illərin gor qonşuları, qohum-əqrəbalar bir-birindən şübhələnirdi. Adamlar doğmalarının belə yanında öz sirlərini açmır, bir-biri ilə çox da ünsiyyətdə olmamağa çalışırdılar. Çox keçmir ki, şübhələr özünü doğruldur. Qulamın yanında yalandan rüşvət alınması haqda söhbət edilir və o, tələyə düşür: Haqverdiyevin “Kərbəlayi Zal”ı kimi rüsvay olur. Bu hadisədən sonra Qatır Qulamı görən olmur.

***

...Üzünə vəzifəli adam ifadəsi verib “qonaqpərvərlik” etdi:

- Gedək, 9-cu mikrorayonda bir restoranım var, ora, sizə yaxşı bir kavaf qonaxlığı verim.

- Sağ ol, Qulam, tələsirik.

Üzünə ciddiyyət verib, əllərini belinə qoydu. Qarnını qabağa verib guya əsəbləşdi:

- Əəə, Qulam nədi? Məllimnən-zaddan de. Ayıfdı, eşidiv-eliyən olar.

Atamın öldürücü istehzasını illərdən sonra yenə gördüm:

- Yox ay Qulam, mən o qələti eləyə bilmərəm...

Qulam qalstukunu bir az boşaltdı. Udqundu. Timsah ağzına oxşayan ağzını marçıldatdı. Cibindən dəsmal çıxarıb alnının tərini sildi. Və biz uzaqlaşdıq. Tini burulanda geri boylandım. Qatır Qulam ağ “Prado”suna söykənib siqaret çəkirdi...

Günün bütün mövzuları

XS
SM
MD
LG