Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59
-

Birinci


GİZLİ KAMERANI 90 İL ƏVVƏL İLK DƏFƏ O İSTİFADƏ EDİB...


Dziqa Vertov sənədli film janrının "babalarından" sayılır. Uzun müddət ona Sovet İttifaqında layiq olduğu sayqı göstərilməyib. Halbuki o dövrdə də, indi də Vertov kino sahəsində avtoritetlərdən sayılır.

Bu yenilikçi rejissor kinoda bəzi ilklərə də imza atıb.

Məsələn, indi məişətdə az qala addımbaşı insanları izləyən gizli kameradan ilk dəfə kinoda geniş şəkildə onun istifadə etdiyi deyilir.

Vertov kommunizm ideyalarına ürəkdən inanan adam idi, onun ötən əsrin 20-ci illərindən başlayaraq çəkdiyi təbliğat filmlərində də "şanlı sovet ölkəsinin uğurları, insanların həyatında baş verən dəyişikliklər" göstərilirdi. O belə kinoreportajlara "kinoqlaz" (kinogöz), "kinopravda" (kinohəqiqət) adı qoyurdu.

Kəndlilər torpağın sahibi olur, sənaye inkişaf edir, pionerlər bazarlarda qiymətləri qaldıran alverçilərə qarşı mübarizə aparır, kimsəsizlərə kömək edir və s.

Amma Vertov bu dəyişiklikləri kinonun "universal dili" ilə göstərməyə çalışırdı. Yəni sadəcə, reallığı çək göstər, qurama səhnələrdən istifadə etmə. (ardı aşağıda)

Vertovun Suxarevka bazarında çəkilişləri


Belə kadrlar Vertovun hazırladığı kinoreportajlarda çoxdur, amma onun bəzən qurama olduğu açıq-aydın hiss edilən səhnələri də "əl dəyilməmiş" gerçəklik kimi qələmə verməsi tənqidçiləri "cin atına mindirirdi".

Vertovun üslubunun Stalin dövründəki sənətə total nəzarət və onun hakim ideologiyanın vintciyinə çevrilməsi şəraitində çox tab gətirməsi mümkün deyildi.

Hətta 1927-ci ildə onu "Sovkino"dan qovmuşdular. Çünki filmləri üçün büdcə layihəsi hazırlamırdı. Sadəcə, məmurlara marşrutunu deyirdi və filmin neçəyə başa gələcəyinin çəkə biləcəyi "real həyat mənzərələri"ndən asılı olacağını bildirirdi.

Bir müddət sonra isə sovet senzurası "baltanı kökündən vurdu", Vertov gözdən düşdü. Sovet rejiminə repressiyalar dövründə yalan lazım idi. özü də ağından.

Ömrünün sonunda Vertov "xalqın atası" Stalin haqda sicilləmələri montaj etməklə çörək pulu qazanırdı...
XS
SM
MD
LG