Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

«Kimlərəsə xoş gəlməsə də, cəbhəçilər Milli Şuranı müdafiə edir»


Əli Kərimli

Əli Kərimli

-
Yanvarın 4-də AXCP Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiya sədri Əli Kərimli çıxışında dekabrın ilk günlərində benzinin qiymətinin qaldırılması və bununla növbəti bahalaşma dalğasının başlaması haqda danışıb.

AXCP sədri bahalaşmaya qarşı Milli Şuranın mitinq keçirdiyini xatırladaraq deyib: «Bu bahalaşma epizodik hal deyil, davam edəcək. Çünki bu proses neft gəlirlərinin azalması ilə bağlıdır. Üstəlik qarşıda neftin qiymətinin də aşağı düşməsi gözlənilir».

AVROPAYA İNTEQRASİYA DOĞRU YOLDUR

AXCP sədri bildirib ki, bu mənada xalqın sosial vəziyyəti ağırlaşmaqda davam edəcək. Buna görə də vətəndaşların sosial problemlərinə diqqət partiyanın əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır.

Əli Kərimli ötən dövrün mühüm hadisələrindən biri kimi Ukraynada Avrointerqasiya tələbilə keçirilən davamlı mitinqləri qeyd edib.

«İlk baxışdan bu hadisənin Azərbaycana birbaşa aidiyyatı yoxdur. Lakin tarixən hansısa mütərəqqi bəşəri nümunələri ayrı-ayrı xalqlar yaradır. Məsələn, 1980-ci illərin sonunda dünyaya belə nümunəni bizim xalq verdi. Hazırda da belə nümunəni Ukrayna xalqı yaradır. Ukrayna xalqı bu ağır qış günlərində növbəti dəfə şücaət göstərməklə, həm bizi ruhlandırır, həm də onsuz da seçdiyimiz Avropaya inteqrasiya siyasətinin doğruluğunu təsdiqləyir», - deyə Əli Kərimli bildirib.

“MÜSAVATIN DA QALMASINI İSTƏYİRİK”

AXCP sədri sonra Milli Şurada yaşanan son proseslərlə bağlı fikirlərini bölüşüb. «Ötən il baş verən daha bir hadisə xalqın gələcəyə ümidlərini artıran Milli Şurada müəyyən söz-söhbətlərin yaranması oldu. Çox təəssüf ki, bəzi dostlarımız Milli Şuranın taleyi ilə bağlı sual yaranmasına səbəb olan addımlar atdılar. Milli Şura yaranan kimi hakimiyyətin əsas hədəfinə çevrildi. Çünki hakimiyyət Milli Şurada onun hegemonluğuna son qoyacaq qüvvəni, xalqı səfərbər edəcək gücü gördü. İndi ürək ağrıdıcıdır ki, müxalifət daxilindən də Milli Şuranı gözdən salan addımlar atılır. Kimlərəsə xoş gəlməsə də, cəbhəçilər Milli Şuranı müdafiə edir və bundan sonra da müdafiə edəcək.

Məgər, Milli Şura yarananda biz hamımız bir yerdə demədikmi ki, bu, xalqımızın mənafeyinə uyğundur. Məgər bir yerdə bəyan etmədikmi ki, Milli Şura 2013-də qeyri-bərabər şəraitdə İlham Əliyev üzərində mənəvi qələbə qazandı. İndi nə baş verdi ki, Milli Şuranı müdafiə edirik deyə, bizə təşəkkür əvəzinə qınaq və ittiham səsləndirirlər?
Milli Şuranı qoruyub-saxlamaq qarşıdakı dövrdə də əsas prioritetimiz olmalıdır. Biz ikitərəfli görüşümüzdə Müsavat rəhbərliyinin də nəzərinə çatdırdıq ki, Milli Şura formatında birliyə israrlıyıq və Müsavatın da bu birlikdə qalmasını istəyirik».

“İLHAM ƏLİYEV MƏSULİYYƏT DAŞIYIR”

Əli Kərimli Qarabağ müharibəsi veteranı Zaur Həsənovun intiharı hadisəsindən də danışıb:

Zaur Həsənovun dəfn mərasimi

Zaur Həsənovun dəfn mərasimi

«Zaur Həsənov dəfələrlə, iyun ayından etibarən bəyan edirdi ki, yaşamaq imkanları tükənib, özünü öldürməkdən başqa çarəsi qalmayıb. Amma Azərbaycan hakimiyyəti kar oldu, kor oldu, onun harayını eşitmədi, görmədi...»

Əli Kərimli vurğulayıb ki, Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin ucbatından özünü yandırsa da, məsuliyyəti təkcə Mehbalıyev daşımır: «Səttar Mehbalıyev buna görə əlbəttə ki, mütləq cavab verməlidir. Amma təkcə o yox. Zaur Həsənovla bağlı ədalətsiz məhkəmə qərarları çıxaran hakimlər də, Qurana and içib bütün vətəndaşların prezidenti olacağına söz verən İlham Əliyev də məsuliyyət daşıyır».

2014 VƏ 2015-İN HƏDƏFLƏRİ

AXCP sədri daha sonra bildirib ki, partiyanın hədəfi dəyişməyib, rejim dəyişikliyi baş verməyincə bu hədəf dəyişməməlidir. “Demokratiyanın bərqərar olması və rejim dəyişikliyi başlıca hədəfimizdir. Xalqda dəyişikliyə inam yaratmaq, müxalifətin böyük birliyini qoruyub-saxlamaq fəaliyyət proqramımıza daxildir.

2014-cü ildə bələdiyyə seçkiləridir. İştirak qərarı veriləcəyi təqdirdə, bu seçkiyə ciddi hazırlıq fəaliyyət istiqamətimiz olmalıdır.

2015-ci ildə mühüm hadisələr baş varəcək. Avropa Birliyinin Şərq Tətrəfdaşlığı üzrə növbəti sammiti keçiriləcək və güman edirəm ki, Azərbaycan məsələsi bu sammitin başlıca mövzusu olacaq. Biz də Azərbaycan məsələsini bu sammitin gündəminə salmaq üçün əlimizdən gələni etməliyik.

2015-ci ildə həm də növbəti parlament seçkiləridir. Əlbəttə, nöbədənkənar prezident seçkilərini tələb etmək gündəliyimizdən çıxmayacaq. Lakin parlament seçkilərinə hazırlığın da özülü bu gündən qoyulmalıdır. Seçki qanunvericiliyi, seçki komissiyalarını dəyişməyə nəyin bahasına olur-olsun nail olmalıyıq. Bütövlükdə il ərzində qarşımızda bu istiqamətdə fəaliyyət durur”.

AXCP sədri deyib ki, partiya qarşısına qoyduğu işləri görmək üçün daha böyük gücə çevrilməlidir. Buna görə də təşkilatlanma başlıca prioritet olmalıdır. “Qarşısı alınmaz gücə çevrilməliyik”, - deyə AXCP sədri vurğulayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG