Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:03

Azərbaycan qazı Avropaya Rusiya üzərinə təzyiq üçün lazımmış


Şahdəniz-2 ilə bağlı razilaşmanın imzalanma mərasimi

Şahdəniz-2 ilə bağlı razilaşmanın imzalanma mərasimi

-
“Financial Times” qəzetinin müxbiri Guy Chazan təbii qazı Xəzər dənizindən Avropaya nəql etməli boru kəmərini bu səbəbdən “absurdcasına ambisiyalı” layihə adlandırır.

Müəllif yazır ki, Avropa İttifaqının onillik ərzində yetişdirdiyi bu layihə nəhayət dekabr ayında xeyir-duasını alanda onun “aldanmış ümidlər” olduğu bəlli olub.

Məqalədə xatırladılır ki, Bakıda imzalanmış 28 milyard dollarlıq sazişə əsasən BP, Xəzərin Azərbaycan sektorunda konsorsiumun rəhbəri kimi Şahdəniz-2 üzərində işə başlayacaq.

İstehsal olunmuş qazı Avropaya iki nəhəng boru kəməri çıxaracaq. Bunlardan biri – Türkiyə boyunca keçəcək kəmər – Tanap adlanır. Yunanıstandan keçərək İtaliyaya uzanan ikinci kəmərin adı TAP-dır. “Financial Times” yazır ki, bu layihəyə daxil qaz yataqları və kəmərlərinin ümumi dəyərinin 45 milyard dollar olacağı gözlənilir.

KABABLIQ QAZ

“Bununla belə, Avropa İttifaqına vurulacaq qazın həcmi kifayət qədər kiçikdir: ildə 10 milyard kubmetr, - yazır Guy Chazan – bu, ildə 500 milyard kubmetr qaz istehlak edən Avropa üçün ona lazım olan qazın yalnız 2 faizini təşkil edəcək. Rusiyanın Gazprom şirkəti Avropaya bundan 15 dəfə çox qaz nəql edir. Məhz bu səbəbdəndir ki, Gazpromun menecerləri zarafatla Azərbaycan qazının yalnız “kabab bişirməyə” kifayət edəcəyini deyirlər”.

“Lakin layihənin dəstəkçiləri həcmlərin heç də hər şeyi həll etmədiyini deyirlər” – yazır müəllif.

“Bu həm marşrutların, həm də ehtiyatların diversifikasiyasında böyük məşqdir” - deyib Avropa Yenidənqurma və İnkişaf Bankının enerji və təbii ehtiyatlar üzrə direktoru Riccardo Puliti.

Cənab Puliti deyir ki, əsas fənd Azərbaycan qazı üçün İtaliyadan başqa istehlakçıların tapılmasıdır.

Bank meneceri xatırladır ki, indiyədək Avropa bazarında sovet dövründən qalma Şərq-Qərb kəmərlərinin Sibir mədənlərindən gətirdiyi qaz hegemon mövqeyə malik olub. İndi isə Tanap və TAP kəmərləri ilə “cənub enerji dəhlizinin” yaradılması bu oturuşmuş vəziyyəti dəyişəcək.

Riccardo Puliti inanır ki, “cənub dəhlizi” hazırda tamamilə Rusiyadan asılı olan ölkələrə yeni üstünlüklər verəcək.

“Məsələn, hər il Bolqarıstana 1 milyard kubmetr Azərbaycan qazı satılacaq, - yazır Guy Chazan, - eyni zamanda hazırda tikilməkdə olan və Albaniyada TAP kəmərinə birləşdiriləcək İoniya-Adriatika Kəməri, qazı Çernoqoriya və Bosniyadan keçərək Xorvatiyaya gətirəcək. Bu, xüsusilə Çernoqoriya üçün sərfəli olacaq. Bu ölkənin ümumiyyətlə, qaz şəbəkəsi ilə əlaqəsi yoxdur”.

ALLAH KƏRİMDİR

Məqalədə deyilir ki, yeni dəhlizin başqa bir üstün cəhəti onun təkcə Azərbaycana yox, başqa mənbələrə tuşlanmasıdır.

“TAP və Tanap kəmərlərinə vurulacaq qaz həcmlərinin Azərbaycanın başqa yataqlarından, habelə Türkmənistan, Kipr, hətta Şimali İraqdan gələn qaz hesabına artırılması üçün çoxlu variantlar var” – deyir Eurasia Group risk məsləhəti şirkətinin qlobal qaz təhliçisi Leslie Palti-Guzman.

Müəllif yazır ki, Şahdəniz ilk dəfə müzakirə olunandan bəri təchizatın mənzərəsi xeyli dəyişib.

Aralıq dənizi hövzəsində və İraq Kürdüstanında iri qaz ehtiyatları aşkar edilib. İsrail sahillərində 2010-cu ildə aşkar edilmiş qaz da son məqamda Tanapa axa bilər.
Azərbaycanın özündə də Fransanın Total şirkəti tərəfindən inkişaf etdirilən Abşeron yatağı var.

RUSİYAYA QİYMƏT TƏZYİQİ

“Financial Times” yazır ki, cənub dəhlizinin başqa bir kritik aspekti BP-nin və onun partnyorlarının qaz satışı kontraktlarının təbiəti ilə bağlıdır.

Bu satış kontraktları Rusiyanın Gazprom şirkətinin satış kontraktlarından köklü şəkildə fərqlənir.

Qəzet yazır ki, Gazprom ənənəvi olaraq qazın qiymətlərini neftin qiymətləri ilə indeksləyir.

Şahdəniz kontraktlarının da bəziləri belə indekslənib, lakin digər kontraktlar Avropanın qaz qovşaqlarının qiymətləri ilə hesablanıb.

“Wood Mackenzie” enerji məsləhəti şirkətinin təhlilçisi Massimo di Odoardo deyir ki, bu, Gazproma, onun qiymətlərin qovşaqlarla indeksasiyasına keçməsi üçün təzyiq elementi yaradacaq.

Gazprom onsuz da qiymət məsələsində təzyiq altındadır. Avropa Komissiyası şirkətin Şərqi Avropa bazarındakı dominant rolundan sui-istifadə etməsi, öz qazının təkrar satışına məhdudiyyətlər qoyması, müştəriləri qədərindən artıq pul ödəməyə vadar etməsi və rəqiblərinin təchizat yollarını kəsməsi barədə iddiaları araşdırıb.

Qəzet yazır ki, Avropa Komissiyasının antimonopoliya cərimələrinin elan edilməsi ərəfəsində Gazprom geri çəkilərək, kompromis varianta razı olduğunu bəyan edib.
Lakin bu üzüyolalığa baxmayaraq, ələxüsus da Qərbi Avropadakı müştərilərin Gazpromdan qiymətlərin neftə bağlanmasına son qoymasını tələb edəcəkləri gözlənilir.

“Financial Times” yazır ki, Şahdəniz sazişlərinin təntənə ilə imzalanmasına baxmayaraq, qeyri-müəyyənliklər qalır.

“Bəzi ekspertlər Avropanın Azərbaycan qazına ümumiyyətlə, ehtiyacı olacağını şübhə altına alırlar” – yazır qəzet.

ŞAHDƏNİZİN BƏXTİ AÇILACAQ

Avropa qitəsində qaza ehtiyac kəskin şəkildə azalıb. Bunun bir səbəbi qitənin iqtisadi zəifliyidirsə, digər səbəb ucuz Amerika kömürünün ABŞ sift qazı tərəfindən bazardan sıxışdırılıb çıxarılmasıdır.

Bununla belə “Financial Times” qəzetinin məqaləsində deyilir ki, Avropanın qaza tələbatı elə qarşıdan gələn onillikdə zirvə həddinə çata bilər.

Bu isə həmin vaxtdır ki, Şahdəniz qazı bazara axmağa başlamalıdır.

Qəzet yazır ki, Avropa İttifaqının karbon emissiyaları ilə mübarizə apardığı bir vaxtda təbii qaz, kömürdən daha cazibədar olaraq qalacaq.

“Biz aşağı karbonlu iqtisadiyyata doğru hərəkət edirik, - deyir cənab Puliti, - və bu istiqamətdə Azərbaycan qazı böyük rol oynayacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG