Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

Bir dəfə biri “Məğlub xalqın yazarı niyə “Qazi” soyadını götürür” deyə mənə sual yollamışdı. Ona cavab vermişdim ki, Türkiyəyə-filana ağlın getməsin, bizdə bu söz başqa məna verir...

-

Vahid Qazi


Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov


İnanmıram hər dürlü zülmə dözən camaatımızın çox böyük əksəriyyətində Andrey Tarkovski kimi rejissorların “darıxdırıcı” filmlərinə baxmağa səbr çata.

Nəinki iki saatlıq filmə sonacan baxarıq, heç beş-on dəqiqəsinə hövsələmiz yetməz. Bu da çayxanada domino çırpmaq, Rafael-Coşğun şousuna qəşş eləmək, şadlıq evlərində qol qaldırmaq deyil ki, ömürdən səxavətlə pay ayırasan.

Yazını sonacan oxumağa hövsələsi çatanı Tarkovskinin “Nostalgiya” filminə baxmağa dəvət edirəm. Yox, demirəm, iki saat beş dəqiqəlik flmin hamısına baxın, buna vaxt yoxdu, başa düşərəm! Son iyirmi dəqiqəsinə baxsanız bəsdi, qəsdimi biləcəksiniz.

Film haqda qısaca bunları yazım ki, düz 30 il əvvəl, 1983-cü ildə İtaliyada çəkilib. Tarkovskini dünyanı heyran qoyan filmlərinə görə dahi hesab edirlər. Bundan danışmıram. Mənə onun öncəgörmə qabiliyyəti maraqlı gəlir.

Filmdə belə yerlər çoxdur, məsələn, tərcüməçi italyan xanım rus yazıçısına Rusiyada (yəni, SSRİ-də) azadlığın olmadığından danışır. Ardınca azadlıqdan xəbərsiz adamların azad olandan sonra üzləşəcəkləri əsas problem haqda belə deyir: “Azadlıqla nə edəcəklərini bilməyəcəklər”. Ruslar da, biz də, başqaları da azadlıqla nə elədik, göz qabağındadı.
Andrei Tarkovsky

Andrei Tarkovsky


İlaxırı baş verən dəhşətli faciə filmdəki başqa öncəgörməni xatırlatdı. Buna öncəçəkmə də demək olar. Tarkovski bu olayı 30 il qabaq çəkibmiş. İnanmayan filmə 102-ci dəqiqəsindən baxsın (Burda bax - Oxu zalı).

Deməli, filmin qəhrəmanlarından biri, hamının dəli deyib gen gəzdiyi, faşist rejiminin stressini yaşamış Domeniko ailəsini qiyamət gününün atəşindən qorumaq üçün yeddi il qaranlıq zirzəmidə saxlayandan sonra təklikdə azad olmanın mümkünsüzlüyünü dərk edir və dünyanı bütünlüklə xilas eləmək haqda düşünür. Görünür dünyanın xilası fərdlərin özünü qurban verməsindən keçir.

Domeniko Romanın atlı heykəllərindən birinə çıxıb özünü yandırmağa hazırlaşır. Bu vaxt filmin başqa qəhrəmanı, yazıçı Andrey ayrı bir yerdə onun vəsiyyətini yerinə yetirməyə çalışır – yanan şamı suyu qurumuş çarhovuzun o başına aparmağa cəhd edir. Domenikonun inamına görə şam yana-yana hövuzu keçərsə dünya xilas olacaq.

Nitqinə qulaq asan xalq sonda üstünə nöyüt tökən Domenikonun çaxmağı çəkməsini gözləyir. Heykəlin dibini kəsdirən biri xüsusi canfəşanlıqla əl havasına onu çaxmağı çəkməyə çağırır, “Hə, tez ol, yandır!” deyirmiş kimi.

Domenikonun nitq söylədiyi vaxt Andrey şamı başacan apara bilmir, hər dəfə yarıyolda sönür. Qəlbi şamın yanmasına yetəcək qədər təmiz deyil!

Nəhayət, insanları ədalətə, birliyə çağırış nitqini bitirən Domeniko özünü yandırır. Yana-yana heykəldən yıxılıb yerə sərilir. Xalq mənzərəni maraqla seyr edir. Yekə bir it qəfil hürküb dikəlir, baxır və hürür. Polislər tökülüşüb gəlir. Bütün bunlar Bethovenin 9-cu simfoniyası sədaları altında baş verir.

Yalnız Domeniko öləndən sonra Andrey yanan şamı lazım olan yerə çatdıra bilir.

***
Zaur Həsənov özünü yandırandan sonra xəstəxanada ağır vəziyyətdə

Zaur Həsənov özünü yandırandan sonra xəstəxanada ağır vəziyyətdə


Bir dəfə biri “Məğlub xalqın yazarı niyə “Qazi” soyadını götürür” deyə mənə sual yollamışdı. Ona cavab vermişdim ki, Türkiyəyə-filana ağlın getməsin, bizdə bu söz başqa məna verir. Bizdə “qazi” müharibədə qalib gələnə yox, əlil olana deyirlər. Məni başa düşmüşdümü, bilmədim!

Beş uşaqlı Qarabağ qazisi, vətən yolunda əlil olan Zaur Həsənov vətəndəki haqsızlığa, ədalətsizliyə, zülmə tab gətirmədi. Dekabrın 25-də, Allahın oğlu iddia olunan İsa Məsihin mövludu günündə, Allahsızlığa etirazını özünü yandırmaqla nümayiş elədi.

Mən də baxdım o özünüyandırma prosesinə. Amma ölüm xəbərini oxuyanda sarsıldım. Kim necə sarsırdı, bilmirəm, mən başqa cür sarsıldım – bəhs etdiyim filmi xatırladım, Bethovenin simfoniyası sədaları altında özünü yandıran Domenikonun yerinə “Qarabağ şikəstəsi”ylə özünü yandıran Qarabağ qazisini gördüm…

Neçə gündü ölkə saytlarında izlədiyim xəbər və videosüjetlər Tarkovskinin filmindəki qəhrəmanların prototipləriylə doludu. Özünü yandıran da var, küt baxışlı seyrçilər də, əl-ayağa düşən hökumət də, haray salan müxalifət də, hələ desən, hürən it də.

Bircə, “xilas şamını sönmədən suyuqurumuş çarhovuzdan keçirə bilən” yoxdu!

Qaziləri fərarilərinə nökər olan xalqın “xilas şamı” yarıyolda sönər, mənzil başına çatmaz!

31 dekabr 2013
vahidqazi.wordpress.com

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG