Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 06:55

Qlobal təbabətin uğur və uğursuzluqları


Foto: Arxiv
Foto: Arxiv
-
Təbabət baxımından 2013-cü il enişli-yoxuşlu keçib. Məsələn, bir yandan HIV virusuna qarşı mübarizə aparılıb, o biri yandan yeni ölümcül viruslar yayılıb.
Uğurlar sırasında yeni protez texnologiyalarını, ağrıkəsici vasitələrin əldə edilməsinə imkan verən yeni sistemin yaradılmasını və s.-in adını çəkmək olar.

2013-cü ildə HIV virusuna və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizədə önəmli irəliləyişlər var. İl başlar-başlamaz, Kvinslend Tibb Araşdırmaları İnstitutu elan HIV-in proteinini dəyişdiklərini bildirmişdi. Bu, ümumi infeksiyaların qarşısının alınmasında əvəzsiz vasitə ola bilər. İnstitutun dosenti David Harrich klinik sınaqların uğurundan və yeni müalicə üsulunun QİÇS-i zərərsizləşdirməkdəki rolundan söz açmışdı:

«Bu müalicə üsulu potensial olaraq QİÇS-in çarəsidir. Daha doğrusu, HİV infeksiyasının çarəsi olmasa da, potensial baxımdan xəstəliyi sağalda bilər. İmmunitet hüceyrələrində olan bu protein sağlam immun sisteminin saxlanmasına kömək edəcək və pasiyentlərin infeksiyalara dözümünü artıracaq».

Başqa bir uğurdan 2013-cü ilin martında söz açılıb. Alimlər elan ediblər ki, HİV virusu ilə doğulmuş bir uşağı adi dərmanlarla erkən mərhələdə sağaldıblar. Bu müalicə üsuluyla başqa uşaqların da sağaldılıb-sağaldılmaması hələ bir xeyli araşdırmadan sonra bilinəcək. Ortada bir gerçək var ki, Missisipidə müalicə olunmuş həmin uşaq HİV dərmanları qəbul etmədən bir ildir yoluxmalarsız yaşayır.

SURİYADA POLİOMİELİT XƏSTƏLİYİ YAYILIB

Poliomielitin Pakistan və Suriyada yenidən baş qaldırması bu yoluxucu xəstəliyin kökünün kəsilməsi istiqamətində ciddi maneələr yaradıb.

Pakistanda islamçı yaraqlılar uşaqların immunizasiyasına ciddi əngəl törədir – uşaqları peyvənd edən tibb personalı ya oğurlanır, ya da öldürülür.

Nəticədə 2013-cü ildə Pakistanda bir il öncəkindən 12 vahid çox – 70 polio yoluxması qeydə alınıb. Nigeriyada 50, Əfqanıstanda cəmi 9 belə hal qeyddən keçib.
Əfqanıstanda Poliomielit əleyhinə peyvənd kampaniyası - 2013
Əfqanıstanda Poliomielit əleyhinə peyvənd kampaniyası - 2013
Halbuki 2012-ci ildə Əfqanıstanda polio hallarının sayı 110-a yüksəlmişdi.

Noyabr ayında Dünya Səhiyyə Təşkilatı aşkar edib ki, Suriyada 13 uşağın yoluxduğu polio virusunun mənbəyi Pakistandır. Acınacaqlı haldır ki, polionun kökünü 14 il əvvəl kəsmiş Suriyada bu virus üç ildir nəzarətdən çıxıb.

Dünya tibb ekspertləri bu ölümcül virus barədə narahatlığını artıq 2012-ci ildə bildirmişdilər. Bu koronavirus sətəlcəmə bənzəyən simptomlar yaradır, böyrək və başqa orqanları da zədələyir. Sözügedən virus SARS-la çox bağlıdır və 2003-cü ilin qlobal epidemiyası zamanı 800 insanın həyatına son qoyub.

Sənədləşdirilmiş halların sayı çox deyil – Yaxın Şərqdə və Avropada 160 yoluxma halı qeydə alınıb. Xəstələrdən 68 nəfəri ölüb. Bu virusun ən qorxulu özəlliyi insandan-insana yoluxmasıdır.

Gregory Hartl Dünya Səhiyyə Təşkilatının yoluxucu xəstəliklər ekspertidir:

«Bu virus adi soyuqdəymə və SARS viruslarıyla eyni ailədən olsa da, onlardan azacıq fərqlənir və indi SARS-dan da, adi qrip virusundan da daha az yoluxucu görünür. Bununla belə, onların hər ikisindən daha öldürücüdür».

Koronavirus təhlükəsini Çində başqa bir ölümcül virusun qeydə alınması daha da artırıb. Ötən ilin fevralından 140 insan H7N9 qrip virusuna yoluxub. Onlardan 45-i ölsə də, bu «quş qripi» virusunun insandan insana ötürülməsi qeydə alınmayıb.

YENİ PROTEZLƏR

Tibb aləmində ən böyük uğur – beyinlə idarə olunan süni ətrafların – yeni protezlərin düzəldilməsidir.

Protez istehsalı
Protez istehsalı
ABŞ hərbi araşdırma qurumu DARPA-nın ötən yay internetdə yerləşdirdiyi video yeni uğuru açıqlamağa yetir: İraqda sağ qolunu itirmiş hərbçi Glen Lehman protez əliylə qəhvə fincanını ağzına yaxınlaşdırıb içir, şərfini qatlayır və tennis topunu götürür.

Bu protez «Lokal Əzələ İnnervasiyası» adlanan metod əsasında yaradılıb. Həmin metodun tətbiqi üçün bir vaxtlar hərəkət reaksiyalarını beyindən ətraflara ötürən sinirlər protezə təkrar birləşdirilir. Bu sinirlər yaxınlıqdakı ikibaşlı əzələyə və döş əzələlərinə də birləşdirilir.

2013-cü ildə Ukraynada qəbul edilən bir qərarın önəmi ayrıca vurğulanmalıdır. Yeni qaydalara əsasən, sağalmaz və ağrılı xəstələrə morfi kimi güclü ağrıkəsici dərmanların yazılması sadələşdirilib.

Mayda rəsmiləşən yeni qaydalar MDB məkanında ilk hadisədir və dözülməz ağrılardan əzab çəkənlərə güclü ağrıkəsici preparatların yazılmasına yol açıb. «Human Rights Watch» təşkilatının baş tibb araşdırmaçısı Diederik Lohman deyir ki, bu, ev şəraitində uzun və ağrılı xəstəliyə və sonunda ölümə məhkum pasiyentlərin qələbəsidir:

«Əvvəllər belə hallarda həkimlər deyərdilər: «biz daha heç nə edə bilmərik, çünki sən xərçəng müalicəsinin üçüncü mərhələsini keçməmisən və anti-retrovirus dərmanları sənə daha kömək etmir» və ya «səndə sağalmaz vərəm var». Belə xəstələri, adətən, evə – əslində ölməyə göndərərdilər».

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG