Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:20
-

Sevinc Elsevər


Qoruyun çocuqlarınızın atalarını, qadınlar

qoruyun çocuqlarınızın atalarını
qadınlar
çöldən evə gəldilərmi
pencəklərini çiyinlərindən
papaqlarını başlarından ehtiramla alıb
asın dolabınızdan
baxmayın pencəyin nimdaşlığına
papağın köhnəliyinə
gedib-gəlib tozunu alın
utanmayın uşaqların gözü önündə
ərinizin boynuna sarılıb
üz-gözünü öpməkdən
əzizim çağırın
sevgilim çağırın
sevginin yaşı yoxdu
sevirəm deyə bağırın yeri gələndə
məişət dava-dalaşlarına fasilə verəndə

əllərində gətirdikləri quru əkmək də olsa
ən dadlı, ən bahalı
nemət kimi çıxarın süfrəyə
azdısa çoxdu deyin
nə zəhmət çəkmisən deyin
guya heç əriniz yox
aşnanızdı sizin

gizləyin gələn borc qəbzlərini
yadına salmayın
çocuqların ehtiyaclarını
utana-utana yanaşıb
təzə paltar almağını xahiş eləyən qızınıza
göz ağardın
oğlunuza nəsihət edin...
deyinməyi özünüzə qadağan edin...
içirlərsə qoy içsinlər
qoltuqlarına girib yatağa salın
corablarını çıxarmağı
üstlərini nazik bir şeylə örtməyi unutmayın

fikirli gördünüzsə
gözlərinin altı torbalandı
sallandısa
bir dəqiqə belə tək buraxmayın
hamama girdi
dalınca girin
su başına çıxanda belə səsləyin
guya bilmirsiz harda olduğunu

gedib-gəlib gözlərinə baxın
deyin:
"Allah əskik etməsin səni
başımız üstündən
sənsiz neylərəm mən?!"

qadınlar qoruyun
çocuqlarınızın atalarını
ölüm gəldi şəhərə
kimi bir az ipiboş
kimi bir az sevgisiz
kimi bir az yalqız gördü
götürüb aparır

qadınlar, gözdə-qulaqda olun
tez-tez zəng eləyin mobil telefonlarına
onları sevdiyinizi yada salın...
mən ciddiyəm
sözü elə-belə demirəm
xəbəriniz olsun ki,
içi alışıb yanan bir qazi
çölünə özü od vurdu əliylə
kimsə görmürdü çünki
içinin köz-köz olduğunu
o qazi öldü bu gecə

əgər bacarmırsınızsa
bu həftə, bu ayı
birtəhər yola verin
biz nələrə dözdük ki, bu şəhərdə
bu da keçər, əlbəəttə...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG