Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:56
-
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Bizim Yol” qəzetinə deyib ki, 2013-cü il neft sektorunda çalışanlar üçün uğurlu sayıla bilməz:

“Çünki artıq minlərlə işçiyə işdən azad olunma ilə bağlı bildirişlər daxil olub. Gələn ilin ilk ayından etibarən kütləvi ixtisarlara start veriləcək. Ümumi neft sektoruna gəlincə, bu il 7 nəfər insan əmək fəaliyyətini yerinə yetirərkən həlak olub. 50-yə yaxın insan isə şikəst olub.

Neftçilərin əməkhaqlarında ciddi artımlar baş verməyib... İşçilərin əməkhaqları sistemində ciddi problemlər var. Xüsusilə, “Azəriqaz”da məvaciblər olduqca aşağıdır. Gələn il üçün ən bədbin proqnoz odur ki, SOCAR-in işçilərinin 40 faizi ixtisar olunacaq. Təqribi kobud hesablamalara görə işdən çıxarılma 20 min neftçini əhatə edə bilər. 2013-cü ildə bu ixtisarları saxladılar, təqribən 2000-3000 nəfər təqaüdçünü yaşına görə ərizə yazdırtdırıb çıxardıblar”.

“PREZİDENT VƏ XALQIN QARŞILIQLI ALI HİSSLƏRİ İLHAM ƏLİYEVƏ GÜC VƏ ƏMİNLİK VERİR KI…”

“Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran prezident İlham Əliyevin apardığı siyasət xarici ölkələrdə də böyük maraqla izlənilir. Artıq xarici mətbuatda tez-tez inkişafın Azərbaycan modeli haqqında danışılır”.

Ramiz Mehtiyev

Ramiz Mehtiyev

Trend-in yazdığına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev “Şəxsiyyətlər” (“Личности”) jurnalının xüsusi buraxılışının nəşr edilməsinə həsr olunmuş tədbirdə çıxışında bildirib.

PA rəhbəri qeyd edib ki, hazırda demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması və bazar iqtisadiyyatının inkişafı şəraitində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələri yenilənir, o cümlədən Azərbaycanın gənc vətəndaşlarının iqtisadi, mədəni və mənəvi tələbatlarını ödəməyə yönəldilmiş yeni gənclər siyasəti formalaşır. Gəncə şəhərinin “2016-cı il Avropanın gənclər paytaxtı” seçilməsi bunu təsdiq edir. Bu əlamətdar hadisə özlüyündə dünya ictimaiyyətinin prezident İlham Əliyevin gənclər siyasətini tanımasını göstərir:

“İlham Əliyev rəhbərliyi dövründə Azərbaycan xalqının sevgi və dərin hörmətini qazanıb. Prezident və xalqın qarşılıqlı ali hissləri İlham Əliyevə güc və əminlik verir ki, ölkəni apardığı yol asan olmasa da, doğru yoldur. Məhz həmin yol xalqımızı yaxşı gələcəyə doğru aparır”.

YENİ İL TƏTİLİNDƏ AZƏRBAYCAN MİLYONLARLA PUL İTİRİR

Azərbaycan, Şahdağ

Azərbaycan, Şahdağ

Ölkədə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə 1 həftəlik tətil olacaq. Artıq bir neçə ildir ki, bayramlarda və tətil günlərində Azərbaycandan Gürcüstan və Türkiyə kimi yaxın ölkələrə gedən turist sayı hər il yüzminlərlə ölçülür.

"Qafqazinfo" xəbər verir ki, bu sahədə monitorinq aparan Azərbaycan Miqrasiya Mərkəzində müəyyən olunub ki, qonşu İran və Türkiyədən Azərbaycanla müqayisədə Gürcüstana turist axını daha çoxdur. Azərbaycan Miqrasiya Mərkəzinin qənaətinə görə turizm imkanlarına görə ölkəmiz Gürcastanla müqayisədə daha çox imkanlara malikdir. Buna baxmayaraq bölgədə Gürcüstan turizm mərkəzinə çevrilir. Bu Azərbaycanda xidmətin səviyyəsinin aşağı olması və süni yaradılmış bahalıqdan irəli gəlir.

Orta hesabla Azərbaycanda 1 həftəlik istirahətə təxminən 1000 manat tələb olunduğu halda, bu məbləğlə Gürcüstanda ən azı 2 həftə dincəlmək olar. Təkcə Azərbaycandan 2013-cü ildə istirahət üçün Günrcüstana üz tutan türistlərin sayı 1 milyona yaxın olub. Bu isə ümumilikdə Azərbaycanda turizm sahəsinin inkişafına və nəticədə dövlət büdcəsinə ciddi zərbədir.

EBRU GÜNDEŞ RZA ZƏRRABDAN DANIŞDI

“Mən kimlərinsə duyğularını qabartmaq üçün danışmırdım. Sadəcə, neçə gündü içimdə yığılıb qalmış acımı dilə gətirdim. Bunun üçün Acun bəy (“O Səs Türkiyə” yarışmasının müəllifi Acun Ilıcalı – red.) mənə şərait yaratdı, ona da bu qədər böyük ürək sahibi olduğu üçün təşəkkür edirəm. Əslində indiyədək dost dediyim, bağrıma basdığım çoxlarından daha insan çıxdı. Dar günümdə yanımda oldu. Mənim doğrudan da acı çəkdiyimi anladı”.

Bunu axsam.az-a müsahibəsində Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş həyat yoldaşı Rza Zərrabın həbsindən danışarkən deyib.
E. Gündeş Rza Zərrabın azərbaycanlı olmaması ilə bağlı açıqlamadan üzüldüyünü də ifadə edib:

“Maraqlıdır, indiyədək niyə deyilmirdi? Hər kəs sevə-sevə qəbul edirdi. Nə oldu? Həbs olundu deyə, indi o, azəri olmamalıdır? Məgər, Rza dünənə qədər azərbaycanlı deyildi? Bu cür açıqlamalar utancvericidir. Kaş bunu indiyədək söyləsəydilər. Hamı bilir ki, Rza Bakıda doğulub və İran əsilli azəridir. Bundan artıq şey söyləmirəm, azəriləri sevirəm. Rza özü zamanı gəlincə nə lazımdısa, söyləyəcək”.

SƏHİYYƏNİN UĞURLARI

Səhiyyə nazirinin müavini Elsevər Ağavev yap.org.az-a müsahibə verib. Nazir müavini səhiyyə sahəsindəki uğurlardan bəhs edir.

Onun sözlərinə görə, onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı xeyli yaxşılaşıb. Əgər, 2006-ci ildə onkoloji xəstələr üçün 14 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə 46 və 2013-cü ildə bunların sayı 58-ə çatdırılıb. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb. Bu xəstəlikdən ölüm göstəricisinin son 10 il ərzində stabilləşməsinə nail olunub.

İlham Əliyev həkimlərlə görüşür

İlham Əliyev həkimlərlə görüşür

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapdı. Hər il respublikanın bölgələrində yeni mərkəzlər açılır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.

Təkcə 2013-cü ildə 9 yeni hemodializ mərkəzi açılmış və onlarda 102 dializ aparatı quraşdırılıb. Beləliklə, bu müalicəni almaq üçün pasiyentlərin növbə gözləmək problemi aradan qaldırılıb. Eyni zamanda onların yaşadıqları əraziyə yaxın mərkəzdə bu seansların alınması problemi də demək olar ki, həll olunub. Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da atrmışdır. 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub.

BAKIDA YANAN QARABAĞ

“Media forum” saytı Oqtay Qorçunun yazısını dərc edib.

“Bu da ədalət qıtlığının daha bir fəsadı. Vətəndaş qanunla ona verilmiş ərazidən məhrum olunur, çıxarılan ədalətsiz qərarlar beş uşaq atasının yeganə gəlir mənbəyini əlindən alır və özünün söylədiyi kimi, saç-saqqalı vaxtsız-vədəsiz ağarmış 42 yaşlı Zaur Bakının mərkəzində yanan Qarabağdan nişanə qoymaq qərarına gəlir. Bu dəfə isə nə yandıran, nə də yanan ermənidir.

Neft və milyonlar səltənətində baş vermiş bu hadisə qara fəhləni odu sönməyən neft quyusuna göndərməyə bənzəyir. Onu adam saymayanlar qurbanlıq kimi irəli verib “bir o quyunun dibinə boylan görək...” deyə arxasından itələyirlər. Canından bezən adamın atəşə atılması bu dəfə sadəcə bir fərdin xəstə təfəkkürünün, intihara meylinin yox, bütöv bir cəmiyyətin psixoloji durumunun, böyük bir toplumun gizli intihar ehtirasının göstəricisidir. Bu, bir göz qırpımında kütləviləşə biləcək olduqca xatalı bir tendensiyadan xəbər verir. Baş vermiş dəhşətli hadisə misli görünməmiş bir intiqamdır – Vətən yolunda can qoymuş bir döyüşçünün Yaradandan, fələkdən, həyatdan, zamandan, hökumətdən, məmurdan... nəhayət, öz canından aldığı intiqam”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG