Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50

-
Azərbaycanda xarici kreditlər hesabına Balaxanı tullantı emalı zavodu, təqaüdçülərə plastik pensiya kartları, bölgələrdə ana yolların çəkilişi, su təchizatı və başqa layihələr gerçəkləşdirilib.

2012-ci il dövlət büdcəsinin icrası haqqında Hesablama Palatasının rəyinə görə, Azərbaycanın 6 milyard 900 milyon dollar xarici dövlət borcu var. Bu, Azərbaycanda adambaşına 747 dollar edir.

Hesablama Palatasının rəyində bildirilir ki, ölkənin xarici borcları, özəlliklə infrastruktur layihələrinin gerçəkləşdirilməsindən yaranıb.

65 MİLYON DOLLARLIQ KREDİT AYRILDI... SU GƏLMƏDİ

Ağdaşın su problemini çözməkdən ötrü rayonun su və kanalizasiya xətti yenilənir. Asiya İnkişaf Bankı 2005-2009-cu illərdə bu işlərə bütövlükdə 65 milyon dollar vəsait ayırıb. Ağdaş və Göyçayda işlər davam edir. Sakinlər layihənin tezliklə yekunlaşacağı günü gözləyirlər. Ağdaş sakini Bahar Babayeva deyir ki, yollar qazılsa, yeni xətt çəkilsə də, işlərin nə vaxt başa çatacağı bilinmir:

Canlı müzakirə


«Rayonda su yoxdur. Qış aylarında su bir gün gəlir, beş gün yox. Yolları qazıblar, amma evlərə nə vaxt su xətti çəkiləcəyindən xəbər yoxdur. Nə gəlirsə, köhnə xətlərlə gəlir. O da günlərlə susuz qalmağın hesabına».


Göyçay və Ağdaşda su, eləcə də kanalizasiya xətlərinin yenilənməsi Asiya İnkişaf Bankının ölkədə maliyyələşdirdiyi 18 layihədən biridir. Azərbaycan dövləti 2001-2012-ci illərdə həmin bankdan ümumilikdə 1 milyard 340 milyon dollarlıq kredit alıb. Bu vəsatin yarısı nəqliyyata, 28 faizi su və kanalizasiya sisteminin yenidən qurulmasına, 13 faizi maliyyə təsərrüfatına, 1.5 faizi kənd təsərrüfatına ayrılıb.

AZƏRBAYCAN HANSI BANKA VƏ NƏ QƏDƏR BORCLUDUR?

Azərbaycan 2012-ci ildə, özəlliklə Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın «KfW» Bankı və Çexiyanın Sporitelna Bankı ilə beynəlxalq sazişlər imzalayıb. 2013-cü ilin əvvəlinə beynəlxalq maliyyə institutlarına ölkənin borcu bu qədərdir:

Maliyyə İnstitutunun adıİmzalanmış müqavilələr üzrə borc (dollarla)Faktik borc
(dollarla)

Dünya Bankı

3 milyard 61 milyon 500 min1 milyard 640 milyon

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi

1 milyard 175 milyon660 milyon

İslam İnkişaf Bankı

921 milyon 500 min520 milyon

Avropa Yenidənqurma və İnkişaf Bankı

1 milyard 98 milyon240 milyon

Çexiya İxrac və Çexiya Kommersiya Bankı

1 milyard 110 milyon760 milyon


XARİCİ KREDİTLƏ SALINAN VƏ DAĞILAN YOLA YENİDƏN KREDİT AYRILIB

Bu kreditlərin böyük əksəriyyəti ölkədə infrastrukturun möhkəmlənməsinə, özəlliklə nəqliyyata – ana yolların yenidən qurulmasına, su və kanalizasiya sisteminin yenilənməsinə ayrılıb.

Eyni istiqamətə həm dövlət büdcəsindən, həm də xaricdən kredit alınması mütəxəssislərdə xeyli sual doğurur. İqtisadçı Zöhrab İsmayılın fikrincə, dövlət büdcəsinin gərəksiz xərclərini azaltmaqla xaricdən kredit götürməmək də olar:


«Dövlət investisiya layihələri içərisində məqsədləri aydın, eləcə də vacib olmayan xeyli xərclər var. Tutalım, inzibati binaların tikintisinə ayrılan vəsait. Bu qurumların əksəriyyətinin binası olduğu halda onlara yenidən vəsait ayrılır. Güc strukturlarına məxsus binalarda gedən hər hansı təmir və tikinti işlərinə ayrılan vəsait də həmçinin. Müdafiə Nazirliyinə vəsait ayrılması yenə əsaslandırıla bilər, amma daxili işlər və fövqəladə hallar nazirliklərinə nədən bu qədər vəsait ayrılsın? Zöhrab İsmayıl

Zöhrab İsmayıl

Niyə həmin xərcləri ixtisar edib xarici kreditlər hesabına görülən işlərə yönləndirməyək və beləcə, dövlətin xarici borcunu azaltmayaq? Burada bir məqamı heç cür gözardı etməməliyik: xarici kreditlər bir neçə məmurun «kurasiyasındakı» sahələrə ayrılır. Hətta eyni layihəyə dəfələrlə kredit almaq halları da var. Məsələn, bir neçə il öncə salınan ikizolaqlı Hacıqabul-Kürdəmir yoluna işlər başa çatandan sonra yenidən kredit ayrıldı – bu dəfə dördzolaqlı yolun salınması üçün. Nəticədə əvvəl salınan yeni yol tam dağıdıldı və yeni yol çəkilməyə başlandı».


Zöhrab İsmayıl daha bir məqama diqqət çəkərək deyir ki, xarici kreditləri araşdırarkən, işi tender qalibinin deyil, başqa bir şirkətin gördüyü hallar da olub. Onu fikrincə, bu hallar özəlliklə kommersiya maraqlarını düşünən beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi layihələrdə baş verir.

Azərbaycana ayrılan kreditlər daha çox 4 faizlə verilir. Zöhrab İsmayılın sözlərinə görə, bəzi maliyyə qurumları kredit ayırarkən maddi maraqları, bəziləri öz siyasətini əsas götürür.

XARİCİ KREDİT, YOXSA...

Azərbaycanda bəzi xarici kreditlərin icrasına ictimai nəzarət qrupu da yaradılıb. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı həmin qrupun üzlərindəndir. O deyir ki, bir neçə bankı çıxmaqla, qalan banklarla rahat çalışmaq, onlardan məlumat almaq mümkün deyil.

Mirvari Qəhrəmanlı bildirir ki, bu işə yeni başlayanda Azərbaycanın xarici kredit götürməsinin əleyhinə imiş, amma sonra fikrini dəyişib:


«Bəzi beynəlxalq maliyyə qurumlarının öz siyasəti var və kreditgötürənin o siyasətə əməl etməsi şərtdir. Əks halda, kreditin ayrılması dayandırıla bilər. Biz monitorinq zamanı köçürülmə siyasətinin pozulduğunu üzə çıxaranda kompensasiyaları artıra, yaxud haqqı ödənilmədən iş saatından çox işləmə hallarını aradan qaldıra bilirik. Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı

Ən əsası, ayrılan kreditlərin təyinatı üzrə xərclənməsinə bankın özü nəzarət edir və bu, yeyinti hallarını azaldır. Amma tutalım, Oğuz-Qəbələ yeni su xətti Neft Fondunun ayırdığı vəsaitlə çəkilib. Heç bir şəffaflıq yox, camaatın kompensasiyası ödənmir, layihə də uğursuz oldu. Bütün bunlar nəzarətsizlikdən qaynaqlanır. İndi, görün, nə günə qalmışıq ki, Azərbaycanın borc götürüb iş görməsini öz vəsaiti ilə iş görməsindən üstün tuturuq».


DÖVLƏT 28 MİLYON DOLLAR FAİZ ÖDƏYƏCƏK

2012-ci ildə Dövlət Neft Fondundan 8 milyard 340 milyon manat dövlət büdcəsinə köçürülüb. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 250 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106 milyon, «Bakı-Tbilisi-Qars yeni dəmiryolu» layihəsinin maliyyələşdirilməsinə 11 milyon, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na 12 milyon manat vəsait ayrılıb.

Xarici kredit və Dövlət Neft Fondundan, eləcə də dövlət büdcəsindən ayrılan vəsaitin bir ciddi fərqi var – alınan xarici kreditin müqabilində faiz ödənilir. Yazının əvvəlində xatırladıldığı kimi, 2012-ci ilin sonuna olan məlumata görə, Azərbaycan dövləti təxminən 7 milyard dollar xarici kredit götürüb. Bu o deməkdir ki, dövlət götürdüyü kreditə görə təxminən 28 milyon dollar əlavə faiz ödəyəcək.

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan bütövlükdə 11 milyard 745 milyon dollarlıq kredit sazişi imzalayıb.

Şərhləri göstər

XS
SM
MD
LG