Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

O mənəviyyatsız şəhərlilərlə necə yaşamaq olar axı?


Firudin Həsənov
Firudin Həsənov
-

Lakin hamı bilirdi ki, bir gün hər şey kəllə-mayallaq dəyişəcək. Bilirsiz, bəzən nələri isə dəyişmək üçün yarım addım etmək kifayətdir. ..


"Ədəbi Azadlıq-2013" müsabiqəsinin finalçısından yeni hekayə


Firudin Həsənov


KƏRPİC ŞƏHƏRİ

Təkcə şəhərin mərkəzi küçəsi tünd qırmızı rəngli kərpiclərlə düzəldilmişsə, şəhərin adını Kərpic qoymazlar. Yəqin mənimlə razılaşarsız. Hər tərəfi zeytunluq, yaşıl çəmənliklərlə əhatə olunmuş bir şəhəri bu cür adlandırmaq həyasızlıqdır.

Amma bu kiçik əyalətin sakinlərinin dilindən bu adı çətin çəkib çıxarardın. Düşünürəm ki, diktatorun lap əzazili belə gəlsə idi və Kərpic adını çəkənə yüz şallaq cəzası kəssə idi belə, bu səs-küylü, həmdəmxəyal insanlar öz vərdişlərinə xilaf çıxmazdılar.

Bir inancı, bağlılığı, ənənəni dəyişmək üçün onu mütləq yıxmalısan və yerinə ciddi və ya daha rahat olar ki, məzəli bir vərdiş gətirəsən.

Ancaq bu şəhərin adını niyə dəyişəsən ki? Nə əhəmiyyəti var? Onda gərək hər üç aydan bir keçirilən festivalın, şəhərdə kef açan zarafatların, bir az kənarda, qəsəbədə qalanların arzularının adını dəyişəsən. Kərpicin nə ziyanı var axı?

Amma məntiqsizdir, razılaşmalıyıq. Hər dörd yanından çay axır, sən də hansısa bənnanın pul qazanmaq üçün şəhərin mərkəzini kərpiclə hörməsinə görə belə adlandırasan bu kiçik əyaləti.

Digər iri, əzəmətli şəhərlərdən sanki ayrı yaradılan Kərpic şəhəri hər gün baş verən yeni hadisələri ilə öz qonşularını cəzb etməkdə idi. Elə bir gün olmazdı ki, şəhərə səs salan bir xəbər yayılmasın.

Bir də gördün araba ilə bir nəfər qonşu şəhərdən qənimət gətirib, bu şəhərdə gizlənib. Ay tapdın a həmin adamı, tapılsaydı uzağı ölüsü tapılardı. Amma buna baxmayaraq şəhərdə xəbərlər çox tez yayılırdı. Hətta bir məsəl var idi ki, bu şəhər kərpiclə hörüldüyü üçün səs qonşulara tez çatır. Bir sözlə, məbadə kiminsə yanında artıq nəsə deyərdin, günün qara idi. Onu demədim axı, bunlar bir tərəfə, hər şəhərin öz sədri var idi. Bu şəhərin də sədri vecsizin biriydi. Şəhərdə baş verənlərdən bixəbər idi. Demək olmaz ki, pis adam idi. Yox, sadəcə nə isə yadına salmasan, xahiş-minnət etməsən heç bir iş görməzdi. Yalnız köməkçisi hansısa bir həkimin, dərzinin şikayətini artıq gizlədə bilməyəndə sədrə çatdırar, o da öz növbəsində etinasızcasına "Əlbəttə, həll edin " deyərdi.

Belə adamlarla çox rastlaşmısınız yəqin, dərdini gəlib danışanda səninlə razılaşar, nə qədər vacib olduğunu təsdiqləyərlər, amma di gəl ki, iki gündən sonra öz köhnə rejiminə qayıdarlar. Adını da qoyarlar, işim çoxdur, fikrimdən çıxıb.

Yox, onlar bu işə önəm verməyiblər sadəcə, bu iş onları içdən narahat etməyib. Yoxsa inanmıram ki, kiminsə ayın axırı məvacib götürməyi yadından çıxsın. Bax, belə bir adam Kərpic şəhərinin sədri idi.

Amma siz onu şəhər yoxlaması zamanı görəydiniz, rəqəmlərindən xəbəri olmayan hesabatı yoxlamanın gözünə soxardı. Amma ayrıca deməzdin ki, pis insandır. Ümumiyyətlə, pis insan məsələsi mübahisəlidir, çətinlik olmasaydı kim pis olardı ki? Çətinliyə tab gətirən və tab gətirməyənlər var. Sədrin də adını tab gətirməyən qoyaq. Ancaq bir tərəfdən, pulun pul, kefin kef, daha nə istəyirsən, nə narazıçılıq ola bilər ki?

Şəhərin mərkəzi küçələri, bayaq danışdığımız kərpiclərlə işlənmiş yeri digər varlı şəhərlərlə sərhəd idi. Bu kərpiclər qurtaran yerdən sonra üzü yuxarı relyeflə ucu-bucağı görsənməyən çaylar, yaşıllıqlar adamı lap valeh edirdi. Mərkəzdən kənar ucqar yerlərin təbiəti füsunkar olsa da gəlir yerləri çox az idi. Bura qonaq gələnlər mərkəzdən o tərəfə keçmirdilər. Çünki şəhərin rahat yerləri mərkəzdən çıxan kimi bitirdi. Təbiəti, qeyri-standart yerləri görmək istəyənlər isə kəndlərə üz tuturdular. Daha ehtiyac yox idi şəhərin o üzünə baş vurmağa. Həm də turistlərin pullarını mərkəzdə elə çəkirdilər ki, o tərəflərə, qəsəbələrə pul qalmırdı. Əyləncələr, festivallar, dəbdəbəli restoranlar və s. Sədrin də gözləri kərpic olmayan yerləri görmürdü sanki. Heç köməkçilərinin də o lənətə gəlmiş mərkəz kənarından xəbəri yox idi. Şəhər sanki iki yerə bölünmüşdü, kasıblar və varlılar. Onları yaşadıqları yerləri ayıran sonuncu kərpiclər idi.

Tərslikdən hündürlükdə yaşayan bu sadə, lakin səs-küylü camaat, şəhərin ucqar yerindən karnavala çevrilən kərpiclilərə baxırdılar. Bu kasıb əhali özlərini çoxdandır ki, bu şəhərdən hesab etmirdilər. Çünki, əyləncələri güləşməkdən, qaçdı-tutdudan o tərəfə deyildi. Amma tanrı elə bil qəsdən buranın coğrafiyasını belə xəlq etmişdi. Bəli, zirvədən bu laqqırtı vuran, fışqırıq çalıb atla qılınc oynadan oğlanlara, dəbdəbəli, parıltılı geyimlərlə dolaşan qızlara, bax, deyirdi tanrı, sizin cəzanız bundan ibarətdir.

Amma bunu demək lazımdır ki, hər kəs öz həyatına öyrəşmişdi. İstər yer şumlayıb bir parça çörək qazanan qoca fermaçılar, istər dərzi işləyən qadınlar, hətta konserv bankası ilə futbol oynayan uşaqlar belə. Bir nəfərdən başqa. Bu oğlancığazı mərkəzdən kənar hamı tanıyırdı. Kərpiclilərin də bir neçə dəfə ondan işi keçmişdi. Bu oğlancığazın günü şəhər kənarında, yaşadığı ucqar qəsəbədə yetişdirilən üzüm plantasiyalarında keçirdi. O, bu işin mahirinə çevrilmişdi. Digər dostları kimi bütün gününü boş keçirməz, plantasiyada işçilərin yanında hərlənib - fırlanardı. Az yaşına baxmayaraq, dediyim kimi hansı daşı qaldırsa idin, bu oğlancığazın dostu idi. Qonşuları ona iş buyurar və əvəzində muştuluq verərdilər. O da pulun bir hissəsini evə, anasına gətirər, qalanını isə yığıb saxlayardı. Xüsusi bir arzusu, istəyi yox idi oğlanın, həyatını elə buralarda keçirib, xudmani bir üzüm ərazisinə sahib olmaq istəyirdi.. Amma mərkəzdən kənar yetişdirilən üzümlüklərinin sahibləri əksərən kərpiclilər idi. Onlar üçün üzümdən hazırlanan şərablar hər ayın axırı mərkəzə daşınılırdı. Artıq şəhər yığıncaqlarında isə daş-qaşlı malikanə sahibləri qədəh-qədəhə vuraraq qonaqlarının qarşısında öz şərabları ilə öyünürdülər. Bəzən yeganə gəlir mənbələri olan bu plantasiyalarını bağlamasınlar deyə üzümçülər bir neçə çəllək mərkəzə hədiyyə də göndərirdilər, nə qədər arvadları narazı olsalar belə. Axı doğrudan da bu qədər əziyyətin qarşısında ailəyə gələn pul acı kələkdən başqa bir şey deyildi. Amma nə etmək olar? Kənddə pulu nəyə xərcləyəsən ki? Belə fikirlərlə ailə başçıları öz yaxınlarını sakitləşdirirdilər.

Lakin hamı bilirdi ki, bir gün hər şey kəllə-mayallaq dəyişəcək. Bilirsiz, bəzən nələri isə dəyişmək üçün yarım addım etmək kifayətdir. Sonra mexanizm özü işə düşəcək. Dəyişim üçünsə bir neçə dəfə imkan düşür, gərək o imkanı qaçırmayasan. Mərkəz ətrafı aydan-aya güclə yaşayan bu insanlar dəqiq bilirdilər ki, nə vaxtsa hər şey tamam başqa cür olacaq. Ancaq o günü görüb görməyəcəklərinə əmin deyildilər. Bu isə ümumi mənada heç nə demək idi. Axı bütün səmimiyyətimizlə bizi özümüzdən sonra olan heç bir şey maraqlandımır. Bu yanlış deyil bəlkə də, doğrudur. O zaman kimisə gözləməyin nə mənası? Hər kəs öz işində olduğu vaxt, baş qarışıqla anında əlini çırmalamağın əsl zamanıdır.

Bizim qəhrəmanımız olan bu oğlanın da çoxdandır ki, beynində bu fikirlər oynayırdı. Kərpiclilərə nifrət etməsə də, heç vaxt mərkəzdə yaşamayacağına and vermişdi. O cür meşşan, prinsipsiz, vicdansız yaşamaqdansa başına kərpic düşüb gəbərməyi seçərdi. Demək olar günaşırı ağzında saman çöpü dərindən nəfəs alaraq bir daşın üstündə oturub mərkəzə baxırdı. Buradan bütün şəhər görsənirdi. Kilsə, şəhər meydanı, gəzişən balaca adamlar, yanıb-sönən işıqlar, qeyri - təvazökar malikanələr. Hər yan tünd - qırmızı idi, lənətə gəlmiş kərpiclər...

O lap uşaqlığını da orada, mərkəzdə itirmişdi. Dostu atasının təkidi ilə bir az varlanaraq, Kərpicdən ev almışdılar. O vaxtdan bu oğlanın şəhərə olan kini böyüməkdə idi. Dostunun başa düşsə də onun gözündə kərpiclilər hamısı bir bezin qırağıydılar.

Bir dəfə oğlancığaz mərkəzə üzüm apararkən təsadüfən skamyada oturan iki qadının söhbətini eşitdi. Onlardan biri ortaq tanışı barədə danışırdı. Danışırdı deyəndə ki, söysə idi ondan yaxşıydı. "Mənə etdikləri başına gəldi, görüm Allah onun başına daş salsın, övladlarından görsün. Zərli gecə libası geyib mənə acıq verməklə deyileee ". Gəl indi bundan sonra kərpiclilərə məhəbbət göstər də. Dərisi şumal, atlas kimi, lakin içindən zəhər axan bu qadınlar kimin istəsən torbasını tikərdilər. Oğlanın yaşadığı yerdə belə söhbətlərə vaxt qalmırdı. Nə libas, nə qarğış? Hamı ya tonqal qalayıb məhəllədə yığışar, məzəli, əhvalatlar danışardı, ya da işlərindən yorğun evə gəlib yatardılar. Əlbəttə, heç bir yer qeybətdən kənar deyil, amma kasıbın qeybəti də şirin olar. Həm də dostunun başına fəlakət gələndə Tanrının imtahanı saymaq, düşmənin başına fəlakət gələndə günahlaının əvəzi demək düşüncə əxlaqsızlığı deyilsə, nədir?

Sözümün canı budur ki, bu qanı qaynayan oğlanın o gündən fikirləri qətiləşmişdi. Bugün isə artıq ayın son günləri idi. Kimin nə şərabı var idisə, arabaya yükləyib, mərkəzə satmağa gedəcəkdi. Oğlan da plantasiyadan iki çəllək şərab götürüb eşşəkli arabasına yüklədi və düzəldi yola. Anasının bu cür güzəranından, hər gün maddiyyat fikirləşməkdən təngə gəlmişdi. Nə vaxtsa buna son qoyacağına inanırdı və hamı kimi ğz həyatında özünü qəhrəman hesab edirdi.

Qarşıda ilk kərpiclər görsənirdi. Yola tez çıxdığından mərkəzə ilk çatacağını fikirləşmişdi və elə də oldu. Şəhər hər zamankı kimi qaynayırdı, çətirli madamlar, taxta qılınc oynadan uşaqlar. Oğlan bunlara baxıb dişini sıxır və ürəyində düşünürdü ki, gör, bu uşaqlar nə qədər qayğı çəkmirlər ki, körpüdə o yana- bu yana qaçırlar bütün günü. Nəhayət, oğlan şərab çatdırılma nöqtəsinə çatdı. Eşşəyi bir ağaca bağlayıb, çəlləkləri bir neçə kağıza satdı. Adətinə uyğun olaraq anasına bir suvenir alıb qayıtmalı idi. Yaxınlıqdakı mağazaya yaxınlaşaraq oradan mallara göz gəzdirməyə başladı. Hey qonşu şəhərlərdən gətirilən malları baxır və tez -tez cibindəki pulları sayırdı. Amma bu dəfə yaxşı pul keçmişdi əlinə. Və hamısın xərcləmək istəyirdi. Birdən kilsədəki zınqırovun səsi onu diksinirdi. Biixtiyar başını çevirəndə küçədə gəzən bir qrup insanın necə kilsəyə axışdığını gördü. Maraq üçün kilsəyə baş çəkmək qərarına gəldi. Bir az alış-veriş edib kilsəyə üz tutdu. Çoxdandır ki, mərkəzə gəlmirdi və bir az gəzişmək lap yerinə düşərdi.

Kilsənin qarşısında şəhərin köhnə adətlərindən olan Trüfel qonaqlığı keçirilirdi. İldə bir dəfə keçirilən bu kiçik bayram hamıya xoş gəlirdi. Xüsusən də uşaqlar şeir və digər bacarıqlarını camaat içində nümayiş etdirərək aparıcıdan trüfel alırdılar. Beləcə az qala bu bayramın səsindən bütün şəhərdə ağız deyəni qulaq eşitmirdi. Birdən kilsəyə çatmağa bir neçə metr qalmış kimsə arxa tərəfdən onu səslədi. Oğlan çevrilib bu qarışıqlıqda bir qızın onu çağırdığını gördü. Qızın tünd şabalıdı, buruq saçları, qapqara gözləri və ağ rəngli panaması var idi. Həqiqətən də onu görüb valeh olmayan bir kişi yer üzünü gəlməmişdi. Oğlan bir müddət donub yerində qaldı və sonradan qızın nə istədiyini bilmək üçün başı ilə danışmağına işarə elədi. Qız burada qaçıb oynayan balaca qardaşının itdiyini və oğlandan onu görüb - görmədiyini soruşdu. Və elə bu sözlər qızın ağzından çıxarkən, uzaqdan balaca qardaşı gəlib çıxdı. Qız əyilib qardaşını qucaqladı və oğlana baxıb gülümsündü, təzim edərək yavaş-yavaş sıx toplaşıb bayram edən camaatın arasında gözdən itdi. Qıza bir kəlmə belə deməyə imkan tapmayan oğlan qəribə bir ab-havaya düşmüşdü sanki. Elə zənn edirdi ki, qızı çoxdan tanıyır və ona deyəcəyi nə qədər sözlər var. Bu hisslər ona tanış deyildi, mərkəzdən kənar heç vaxt belə hisslər keçirməmişdi. Göbəyindən ürəyinin altınadək içində istilik qalxdı, amma əlacsız çevrilərək kilsəyə daxil oldu.

Kilsənin içindəki pəncərəyə yaxın oturacaqda özünə yer elədi. Kilsə çox böyük olsa da içəridə boş yer demək olar qalmamışdı. Oğlan hətta aralarında bir neçəsini tanıdı. Bir vaxtlar söhbətini eşitmiş qadınlardan biri də qarşıda əyləşmişdi. Mərkəzi bazarın sahibi, səsi - sorağı ətrafa bürümüş, məşhur cəngavər, xoruz döyüşdürən kaftar, bir sözlə şəhərin yarısı kilsəyə yığışmışdı. Bu gün xüsusi bayram moizəsi idi, keşiş yüksək səslə nitqinə çoxdan başlamış kimi görünürdü:

- " Doğrudan da bayaq dediyim kimi bu bayram günündə hamının burada olması çox vacibdir. Müqəddəs yazıda deyildiyi kimi biz yalnız əlimizdə olanı bölüşməklə Tanrıya yaxınlaşa bilərik. Qeybət, yalan, nifrət kimi günahları özümüzdən uzaqlaşdırmalı, qəlbimizi sevgi ilə bəsləməliyik. Hər kəs bu Trüfel qonaqlığlında olduğu kimi bir-birinə mehriban olmalıdır. Ay günəşi əks etdirdiyi kimi, biz də Tanrının sonsuz lütfünü və nurunu yaxınlarımıza saçmalıyıq. Çoxları var - dövlətə meyl edib bütün həyatlarını daha çox pul qazanmağa xərcləyir və sonda öz vaxtlarını boşa verirlər. Sözsüz ki, bu cür cəmiyyət inkişaf edə bilməz və sonda lənətə düçar olarlar. Biz uşaqlarımızı bu pisliklərdən qorumalı və onları yaxşı əməllərə sövq edərək, yalnız doğru və mənəviyyatlı olmağa kömək etməliyik."

Bu sözlərdən duyğulanan oğlan ixtiyarsız bir az yerindən qalxıb yenidən oturaraq fikrə getdi. O, anlamırdı ki, necə bu sözləri eşidən insanın tükləri biz-biz olmasın. Necə bu divarlar arasında əks-səda ilə səslənən sözlər kilsədən kənara çıxmasın. Bu insanların beynində ziddiyyətlərdən başqa bir şey yox idi. Onlar keşişin dedikərini eşidib cümləbəcümlə əksini edirdilər. Qeybət, yalan, bir-birlərinə kin onların həyat tərzi idi. Özü mərkəzdən kənar yaşadığı üçün dəqiq bilirdi ki, əlində olanı bölüşmək də kərpiclilərə tanış deyildi. Onlar öz uşaqlarını isə dəymə -düşər böyüdüb, əsl aristokrat kimi görmək istəyirdilər. Sonradan qonşularının yanında uşağının necə imkanlı, ehtiyacsız olduğunu demək anına qədər böyük əziyyətlərdən keçirdilər.

Oğlan bunları fikirləşən müddətdə keşiş hələ də danışırdı. Sonda o canlı, gur səsini bir ton azaldaraq barış, mülayim bir nisgillə moizəsini bitirdi:

" Amma çox şükürlər olsun ki, Tanrı bizim şəhəri qoruyur və bu xəbis, bəyənilməyən hissləri bizdən uzaq edir. Bu iyrəncliklər bizim cəmiyyətdən uzaqdır. Tanrı bizim xoşniyyətli sədrimizi hifz etsin və cəmiyyətimizi bu axında sabit saxlasın. Günümüzü bu dua ilə bitirirəm....... "

Nə dua, nə sədr? Bu adamlar keşişə baxanda toya getməli imişlər. Oğlan çıxana yaxın lap havalandı. İndi başa düşürdü ki, nə üçün kilsənin də bu şəhərə təsiri yox idi. Çünki bunlar bütün günahları özlərindən kənar görürdülər. Kərpiclilər sanki başını yuxarı qaldırıb səmaya bir dəfə belə olsun baxmayan günəbaxanlara bənzəyirdilər. Onlar heç vaxt bəhər gətirməyəcəkdilər.

Oğlan tələsik kilsənin arxa qapısından bayıra çıxdı. Duanın səsi hələ də gəlirdi, amma bu dua hər zamankı kimi xoş və ürək sakitləşdirən deyildi. Xor səsi ilə yüksələn dua oğlanın qulağını kəsir və onda nifrət oyadırdı. Arxa qapıdan az aralıda iki-üç kəsəyən o tərəf -bu tərəfə qaçaraq sanki oğlanın hisslərini bölüşürdülər. Onlar baxanda oğlan eyni duanın beynindəki hala görə necə fərqli səsləndiyini anlamağa çalışırdı. Kəsəyənlər Kərpicdə çoxdan qalırdılar, yəqin onlar hər şeyə bələd idilər.

Oğlan eşşəyinə minib elə həmin dəqiqə şəhərdən uzaqlaşdı. O, yolda gedərkən kilsənin qarşısında gördüyü qızı fikirləşirdi. Hələ lap uşaqlığından təsadüflərə inanmayan oğlan düşünürdü ki, görəsən o qızın bir neçə saniyəlik nitqi ilə Tanrı ona nə demək istəyirdi. Bir tərəfdən təsadüflərə həqiqət kimi baxırdı, çünki o bilinməyən idi və insan iradəsindən ayrıydı. Lakin digər tərəfdən də demək olmaz ki, buna tam inanırdı.

Kərpicdəki bazar müdiri ilə münasibətini yaxşılaşdıran oğlancığaz tezliklə mərkəzə şərab gətirən tanınmış adama çevrildi. Hamı ona güvənir və ticarəti yalnız onunla edirdilər.

İllər sonra, günlərin bir günü balaca bir oğlan pul qazanmaq üçün səhər tezdən oyanmışdı. Fermaya babasının öz əlləri ilə sağdığı bir bidon südü aparacaq və bir neçə kağız pulla gününə başlayacaqdı. Bidonu güclə daşıyan bu balaca yorularaq mərkəzdən kənar ucqar bir yerdə daşın üstündə oturaraq işıqlaşmaqda olan Kərpicə baxırdı. Babası Kərpic haqqında ona çox şeylər danışmışdı. Qəsəbədə gəzən ən məşhur söhbət isə sözsüz ki, mərkəzə şərab aparan oğlan haqda idi. O günlərin bir günü evdən anası ilə Kərpicə yollanmış və qəsəbəyə qayıtmamışdı. Belə şayiə gəzir ki, o səfərlərinin birində bir buruq saçlıya aşiq olmuş və qızın valideynlərinin təkidi ilə mərkəzdə yaşamağa qərar vermişdi.

Balaca yorğun halda Kərpicə baxaraq həqiqətən əfsanəsi dolaşan oğlancığazı anlamırdı. O mənəviyyatsız kərpiclilərlə necə yaşamaq olar axı?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG