Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:30

«Binə bu dəfə birdən yandı!..» [Video]


Bir gecədə 50 mağaza yandı
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00
-
Yanğından sonra Binə Ticarət Mərkəzində həmişəki işgüzar hay-küydən soraq yox idi. Alış-veriş yerlərinin 5-ci sırasında dükan və mağazalar açıq olsa da, tək-tük alıcı gözə dəyirdi. İçəri atdığın hər addımdan sonra yanıq iyini daha yaxından hiss edirdin. Dekabrın 25-ə keçən gecə başlanan yanğını yanmayan bölümdən ayıran göy örtük də görünürdü...

SOYUNDURULAN MANEKENLƏR

Örtüyün yaratdığı «sərhəd»in bu tayında – sağlam tərəfində manekenlərin soyundurulması və dükanların boşaldılması dərhal diqqət çəkir. Gecənin yanğın qorxusu, deyəsən, dükan və mağaza sahiblərinin canına elə hopub ki, sanki hər köz qırıntısının yenidən alışıb-alovlanacağını düşünürlər. «Sərhəd»in o tayına adlayınca, bircə anın içində alovun külə döndərdiyi bir məkana düşürsən. Dəmir tavan qap-qara qaralıb, bəzi yerləri qopub-qırılıb. Dəmir parçaları hər an yuxarıdan düşə bilsə də, adamlar küllüyü eşələyir, salamat qalan bir şeyləri axtarırlar...

Dekabrın 25-nə keçən gecə Bakının ən böyük alqı-satqı yerlərindən birində – Binə Ticarət Mərkəzində baş verən yanğında 50-dən çox mağaza yanıb. Olay yerində belə deyirlər.

«YANĞIN 1800 KVADRATMETRİ ƏHATƏ EDİB»

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda ticarət mərkəzinin 4 və 5-ci sıralarında hərəsi 40 kvadratmetrlik 45 mağazanın, daha doğrusu, plastik arakəsmə və dam örtüklərinin yandığı bildirilir. Həmin mağazalarda müxtəlif geyimlər satılırmış. Artıq yanmış və külə dönmüş geyimlər... Həmin məlumata görə, yanğın bütövlükdə 1800 kvadratmetr sahəni əhatə edib.

Külə dönmüş malları eşələyən sahibkar və satıcılar danışmağa həvəsli görünmürlər:

- Nə danışım? Görmürsünüz, hər şey yanıb. İndən belə danışmağın nə mənası var?

- Neçə manatlıq malınız yanıb?

- Allah bilir...

«HEÇ NƏ ÇIXARA BİLMƏDİM»

Kül topalarının arasında duruxub qalanlar d az deyil. Sanki nə edəcəklərini bilmirlər. Amma satıcı və sahibkarlardan «diribaş» görünənlər də var – biri nisyə dəftərini axtarır, bir başqası dükanını təmizlədir. AzadlıqRadiosunun müxbiri azı 30 fəhlənin təmizlik işlərinə cəlb edildiyini gördü. Yanmış pal-paltarı dükandan çıxarmağa çalışan sahibkarsa sanki öz-özünə danışır:

- Heç nə çıxara bilmədim. Heç nə. Hamısı yandı!..

- Yanğından nə vaxt xəbər tutdunuz?

- Axşamdan.

- Nədən baş verə bilər?

- Bilmirik. Heç nə bilmirik. Camaat da tökülüşüb gəlib. Özünüz görürsünüz də...

Yanğının dekabrın 24-də axşam saat 8 radələrində başladığını deyənlər də var. Haradansa başlayan yanğın bir neçə saatın içində qonşu dükanlara da yayılıb:

«VİDEOKAMERA VAR, YANĞINSÖNDÜRƏNLƏRƏ ŞƏRAİT YOXDUR...»

- 6-cı sıranın 5-ci sıraya baxan hissəsindən başlayıb. Birdən-birə mağazaların hamısı necə yandısa, heç bilmədik...

- Mən gələndə mağazam yanmamışdı hələ. Bunun yaxınlığında iki mağaza salamat idi. Tüstü elə idi ki, içəri girmək olmurdu...

- Siz nə vaxt gəlmişdiniz?

- Axşam saat 8-də gəlmişdim. Bu qədər mağaza başlayıb yanmağa. Necə olub ki, yanğın başlayanda duyuq düşməyiblər? Hər yerdə də kamera var... Amma yanğınsöndürən maşının içəri girib alovu söndürməyi üçün şərait yoxdur. Yanğınsöndürənlər yalnız ya o başdan girə bilər, ya da bu başdan. Arakəsmələr yoxdur ki, ortadan da girə bilsinlər. Əvvəl vardı arakəsmələr, sonra bu yerləri də mağaza elədilər...

«MALLAR SIĞORTA OLUNMAYIB»

Mağaza sahibləri bütün mallarını dükanda saxladığı üçün dəyən ziyan onları müflisləşdirib. Kimisi 150 min, kimisi 250-300 min manatlıq malının məhv olduğunu deyir. Onu da söyləyirlər ki, malları sığorta olunmayıb:

- Nə kompensasiya? Heç bazar rəhbərliyindən gəlib soruşublar ki, nəyiniz yanıb, nəyiniz yox? Üst-üstə 80 kvadratmetrlik mağazadır. İkimərtəbəli, həm də üstü anbar sayılır. İndi hesablayın, burda nə qədər belə mağaza var?!.

Yanğının nədən başlandığına dair, hələ ki, heç bir versiya səslənmir. Sadəcə, elektrik qapanmasından şübhələnənlər var. Olay şahidləri bu şübhələri əsaslı saymır və deyirlər ki, bazar bağlananda hər kəs elektrikə qoşulu cihazı xətdən ayırmışdı. Bir sözlə, yanğın onlar üçün gözlənilməz olub.

MƏRKƏZİN SAHİBİ İLƏ RAZILAŞMA VAR?

Hüquqşünas Muxtar Mustafayev deyir ki, sahibkarların Binə Ticarət Mərkəzinin rəhbərliyi ilə bağladığı müqavilədə hansı öhdəliklərin olması bəlli deyil. Onun fikrincə, əgər icarə müqaviləsidirsə, mərkəzin sahibi mağazanın texniki təchizatına cavabdehdir və icarədarlar bununla bağlı məhkəmə iddiası qaldıra bilərlər. Muxtar Mustafayevin sözlərinə görə, bütün hallarda yanğının səbəbləri barədə aparılan istintaqın nəticəsinə görə hüquqi addım atmaq lazımdır.

Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova sahibkarlarla görüşüb. Ticarət Mərkəzində çalışan sahibkarlardan birinin modern.az-a verdiyi məlumata görə, Kəbirə Məmmədova artıq maddi ziyan çəkmiş sahibkarlarla ümumi razılığa gəlib. O bildirib ki, yanan obyektlər hər iki tərəfin köməyi ilə 15 günə təmir ediləcək. Yaxın 7 ayda icarəpulu da alınmayacaq. Sahibkarlar K.Məmmədovanın təklifi ilə razılaşıblar.
XS
SM
MD
LG