Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39

Azərbaycan hakimiyyətinin britaniyalı dostu cinsi təcavüzdə ittiham edilir


Mike Hancock

Mike Hancock

-
Britaniyanın ən böyük bayramı olan Miladı “müstəqil” millət vəkili Mike Hancock qanıqara keçirəcək.

“The Guardian” qəzeti xəbər verir ki, İmperiya Prokurorluğunun müstəntiqi Nigel Pascoe-nın cənab Hancock-un yaraşmayan hərəkətlərinə dair istintaqının nəticələri siyasi mülahizələrlə indiyədək ictimaiyyətdən gizlədilibmiş.

Qəzet yazır ki, İngiltərənin Portsmut dairəsindən millət vəkili olan Mike Hancock seçicilərindən birinə qarşı cinsi təcavüzə yol verib.

Seksual cinayətlər üzrə aparıcı hüquqşünaslardan cənab Nigel Pascoe millət vəkilinin təcavüzünə məruz qalmış seçicidən Portsmut bələdiyyəsinin xahişi ilə uzun müddət ifadə alıb və qərara gəlib ki, Hancock qadının ruhi xəstəliyindən öz çirkin məqsədləri üçün sui-istifadə etməyə can atıb.

“SEKSİ SEÇİCİ”

Cənab Pascoe həmçinin Hancock-un öz telefonundan seçicisinə göndərdiyi şit mətn mesajlarını da açıqlayır.

Bu mesajlarda deyilir:

“Mənim şahzadəm, lütfən mənə imkan ver səni görüm, xxx”. (x işarəsi ingiliscə öpüş deməkdir).

“Sən çox məxsusi və seksisən, xxx” və ya “mən yatağımda tənhayam, mənim məhəbbətim.xxx” – yazıb Hancock.

“The Guardian” yazır ki, 49 səhifəlik hesabat Liberal-Demokrat Partiyasının tələblərinə rəğmən ictimaiyyətdən gizlədilib.

Yeri gəlmişkən, Mike Hancock siyasi fəaliyyətinə leyborist millət vəkili kimi başlayıb, sonra Liberal-Demokrat partiyasına keçib. İndi bu partiyadan da çıxıb. Daha doğrusu çıxarılmağına lap az qalmış özü çıxıb. İndi müstəqil deputat sayılır.

Xəbər verilir ki, hesabatın hətta açıqlanmış variantı da redaktə edilib. Hələlik gizli saxlanılan hissələr spesifik seksual təcavüz iddialarına millət vəkilinin cavablarıdır.
Pascoe-nun hesabatında zərəçəkən şəxs qismində 12 yaşlı bir övladı olan 35 yaşlı anadan söhbət gedir.

Qadının iddialarında bildirilir ki, Mike Hancock onun məhrəm hissələrinə toxunub, qarşısında soyunub.

HANCOCK-UN BAZLIQLARI

67 yaşlı Hancock evlidir və onun adı indiyədək qadınlarla bağlı başqa qalmaqallarda da hallanıb.

Bu qalmaqallardan ən böyüyü 2011-ci ilin oktyabrında baş verib.

O vaxt Mike Hancock-un köməkçisi və sevgilisi, rus Katia Zatuliveter Moskvanın xeyrinə casusluqda ittiham edilib.

Az sonra Zatuliveter Rusiyaya deportasiya edilib və millət vəkili parlamentin müdafiə komitəsindən istefa verib.

“The Guartdian” yazır ki, bu rüsvayçılıqlardan sonra Mike Hancock-un hələ də millət vəkili olaraq qalması təəccüb doğurur.

MƏNƏ DOSTUNU GÖSTƏR

Mike Hancock öz həyatı boyu bir neçə partiya dəyişib, lakin onun dəyişməyən “klub”ları da var.

O hələ də, Londonda mənzillənmiş Avropa Azərbaycan Cəmiyyətində “Azərbaycanın dostları” cərgəsində qalır.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu bu cəmiyyətin rəhbəri kimi Mike Hancock üçün Azərbaycana müftə “lütfkarlıq səfərləri” təşkil edib.

Cənab Hancock lütfkarlığın əvəzini tamamilə ödəyib. O, bu ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərində AŞPA nümayəndə heyətinin üzvü olub və seçkilər barədə belə bir bəyanat verib:

«Mən azı 10 seçki məntəqəsində olmuşam, lakin kiminsə şikayət edə biləcəyi kiçicik pozuntu da görməmişəm» – deyib Portsmutdan millət vəkili Mike Hancock.

Az əvvəl Britaniyanın başqa bir qəzeti - «The Observer» diqqəti belə bir fakta çəkmişdi ki, Mike Hancock-un köməkçisi və sevgilisi Avropa Azərbaycan Cəmiyyəti üçün gördüyü işlərə görə 3 min funt sterlinq pul alıb.

Xanım Zatuliveter o vaxt bildirmişdi ki, Avropa Azərbaycan Cəmiyyəti üçün Dağlıq Qarabağ münaqişəsinə dair foto sərgisinin təşkilində kömək edib.

Mike Hancock isə bildirir ki, o öz maraqlarını parlamentə bəyan edib və heç bir qanunsuz iş görməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG