Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31
-
Dövlət Sosial Müdafiə Fondu pensiya təminatı islahatları konsepsiyasını Prezident Administrasiyasına təqdim edib.

Rəsmilər bu islahatlar nəticəsində ölkədə pensiya təminatının yaxşılaşdırılacağını vəd edirlər. Konsepsiyanın detalları hələ ictimaiyyətə məlum olmasa da, Fond rəhbəri Elman Mehdiyev əsas tezisləri mediaya açıqlayıb.

MƏNTİQİ NƏTİCƏ: YAXŞI PENSİYA ALMAQ İSTƏYƏN MƏSULİYYƏTİNİ ARTIRSIN

Elman Mehdiyev bildirib ki, pensiya sisteminin maliyyə dayanaqlığını artırmaq üçün bir sıra addımların atılmasına ehtiyac var. Onun sözlərinə görə, ilk növbədə şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərini fərqləndirmək lazımdır. Fond rəhbərinin fikrincə, sığorta haqqının ödənilməsində yükün əsas hissəsinin işəgötürənin üzərinə düşməsi sığortaolunanların fəallığını azaldır:

«Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir».

«ƏMƏK HAQLARI LEQALLAŞSA...»

Elman Mehdiyev deyib ki, vacib bir şərtə əməl olunsa – iş yerlərində ödənilən əmək haqları tam leqallaşdırılsa, pensiyaları artırmaq mümkündür. Fond sədrinin sözlərinə görə, aparılan tədbirlər nəticəsində ötən il 600 mindən çox şəxs əlavə qeydiyyata götürülüb. Bununla sığortaolunanların sayı 2 milyon 630 mini ötüb:

«Xüsusilə əmək haqlarının tam leqallaşdırılması problemi daha çox işəgötürən və işçi arasındakı sövdələşmədən irəli gəlir və bazar iqtisadiyyatı şəraitində dövlətin buna inzibati müdaxilə imkanları geniş deyil. Məhz bu səbəbdən beynəlxalq təcrübədə problemin başlıca həlli yolu sığortaolunanların fərdi uçotu sisteminin inkişafı sayılır. Başqa sözlə, hər bir işləyən şəxs qəbul etməlidir ki, sosial sığorta haqqı onun əməyinin dəyərinin bir hissəsidir və işçi qüvvəsinin təkrar istehsalı, sosial risklərdən qorunması məqsədilə xüsusi fərdi hesabda toplanır, hər il indeksləşdirilərək artırılır».

Rəsmilər pensiya təminatının yaxşılaşdırılması üçün şərti yığım funksiyasının işə salınmasını da vacib amil sayırlar.

Qubad İbadoğlu

Qubad İbadoğlu

«İŞLƏK MEXANİZM YOXDUR»

İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna müsahibəsində deyir ki, yığım funksiyası əvvəldən nəzərdən tutulsa da, indiyədək işlək mexanizm ortaya qoyulmayıb:

«Yığım funksiyasını işə salmaq istəyən yeni sədrin bu təşəbbüsünü alqışlamaq lazımdır. Bu o deməkdir ki, biz bu məbləği ödəyirik və müəyyən müddətdən sonra həmin məbləğ özümüzə qayıdır. Sözügedən məbləği pensiya fondu da yığa bilər, qeyri-dövlət pensiya fondları da».

Qubad İbadoğlu deyir ki, yığım funksiyasını işlədən pensiya fondları həmin vəsaiti investisiyaya yönəldə bilirlər, bu da əlavə qazanc gətirir.

Şərti yığım fonduna sığortaolunanlar könüllü vəsait ödəyirlər. Pensiya yaşına çatanda isə əvvəldən bəlli olan məbləğdə əmək təqaüdü alırlar. Ekspert deyir ki, hazırda detallar bəlli olmadığı üçün bəzi suallar açıqdır: qeyri-dövlət pensiya fondları hansı prinsiplərlə işləyəcək, riskləri nə dərəcədə qarşılanan olacaq, inflyasiyaya nə dərəcədə tab gətirəcək, hansı ölkələrin təcrübəsindən yararlanacaq?

Qubad İbadoğlunun fikrincə, hətta bu yığım funksiyası könüllü vəsaitlər hesabına yox, məcburi sığorta ödəmələrinin bir hissə vasitəsilə də işə salına bilər.

«TÜRKİYƏDƏ ƏMƏKÇİ OLAN BİRDƏFƏLİK PULA EV ALA..., BORCLARINI BAĞLAYA BİLƏR»

Qonşu Türkiyənin pensiya sistemi təqaüdçüsünü dolandırırmı? AzadlıqRadiosu müqayisə aparmaq üçün orada yaşayan və işləyən filoloq-professor Kamil Vəli Nərimanoğluna üz tutdu. Kamil Vəlinin sözlərinə görə, əmək pensiyasına çıxması üçün 3600 iş günü lazımdır və o, təxminən bir ildən sonra əməkli olacaq: Kamil Vəli Nərimanoğlu

Kamil Vəli Nərimanoğlu


«Yaşım təqaüdə çıxmağa imkan verir, amma mən yaxşı təqaüd almaq üçün göstərilən iş müddətimin dolmasını gözləyirəm. 1000 dollara qədər təqaüd alacağam».

Kamil Vəli özəl pensiya fonduna vəsait ödəmədiyi üçün yalnız dövlət pensiyası alacaq və işləmək hüququnu özündə saxlayacaq. Üstəlik, təqaüdə çıxanda hökumətdən birdəfəlik vəsait də alacaq:

«Türkiyədə əməkçi olana birdəfəlik elə məbləğdə pul verirlər ki, hətta bu məbləğə ev ala, başqa yerə köçə, kreditini bağlaya bilər. Bu məbləğ maaşdan illərlə məcburi tutulub, sonda da üstünə dotasiya əlavə edilərək pensiyaçının özünə qaytarılır».

ADİ PENSİYAÇI NƏ VAXT TAM MÜSTƏQİL YAŞAYA BİLƏR?

Yeni konsepsiya Azərbaycan təqaüdçüsünə nə vəd edir? Onun pensiyası hiss olunacaq dərəcədə yaxşılaşacaqmı? Yığım funksiyasının indiki təqaüdçülərə faydası dəyəcəkmi? Onlar heç kimdən dəstək almadan tam müstəqil yaşaya biləcəklərmi? Yeni pensiya təminatı islahatları konsepsiyası açıqlananda bəlkə də bu suallara cavab tapmaq mümkün olacaq...

Şərhləri göstər

XS
SM
MD
LG