Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:14

«Mən bu cür şəraitin nəyinə pul verim?»


Məmişovlar ailəsinin evi
Məmişovlar ailəsinin evi
-
İsmayıllı rayonunun Hacıhətəmli kəndinə sığınan Məmişovlar ailəsi hökumətdən kömək istəyir. 1992-ci ildə Laçın rayonundan köçkün düşdükdən sonra bu ailə Hacıhətəmliyə pənah gətirib və həmin vaxtdan kənddəki Fin evlərindən birində yerləşiblər. Ailənin hazırda yaşadığı ev olduqca yararsız vəziyyətdədir. Ancaq onların başqa getməli yerləri yoxdur.

Məmişovların ailəsi
Məmişovların ailəsi
​Ailənin başçısı, Samir Məmişovun dedikləri:

“Problemimiz evlə bağlıdır. Qaçqın adamam, heç kim şikayətimizə baxmır. Kimə müraciət ediriksə, deyir gedin, gəlib baxacağıq. Dəfələrlə kəndin icra nümayəndəsi Ramiz Dadaşova müraciət etmişəm, hər dəfə bir bəhanəylə məni arxayın edir. İki aydır ki, gedib-gəlirəm. İndi də deyir ki, Kəmaləddin Heydərova demək lazımdır. Heç bir tərəfdən kömək edən yoxdur.”

“BUDUR HÖKUMƏTİN QAÇQINA VERDİYİ QİYMƏT”

Samir Məmişov daha sonra da sual edir:

“Mən nə vaxta qədər belə vəziyyətdə yaşamalıyam? Burada adam yaşayar? Danışanda deyirlər ki, qaçqını belə təmin edirik, nə bilim yardım edirik. Budu hökumətin qaçqına verdiyi qiymət? Hökumət yoxdur. Yağan yağışın hamısı başımıza tökülür. Hər tərəfdən yağış damır. Evin üstü bərbad gündədir nəmişlikdir, istilik yoxdur. Hökumət nümayəndələrinin gündə biri gəlir ki, qaz, işıq pulu ver. Mən bu cür şəraitin nəyinə pul verim? İş güc yoxdur, heç harada işləmirəm. Bu gördüyünüz evdə iki ailə yaşayırıq. Qardaşımın və mənim ailəm. Ailəmiz yeddi nəfərdən ibarətdir. Kömək üçün müraciət edəndə də biri deyir Kəmaləddinə müraciət elə, biri deyir “Qaçqınkoma” yaz.”

“QAÇQINKOMDA UŞAQLARIMIN ÇÖRƏK PULU MƏNİMSƏNİLİR.”

Samir Məmişov deyir ki, evin tavanı damır
Samir Məmişov deyir ki, evin tavanı damır
Samir Məmişov deyir ki, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin İsmayıllı şöbəsinin müdiri Tahir Əliyevə də dəfələrlə müraciət edib. Ancaq dediyinə görə, şikayətinə orada da baxılmayıb:

“Mənə uşaqlarıma ayrılan çörək pulunu vermirlər. Məndən rüşvət istədilər. Deyirlər ki, pul ver, işlərini düzəldim. İki azyaşlı uşağım var, təsəvvür edirsinizmi onların çörək pulunu ala bilmirəm. Hamısı rəhbər dərdindəndir. Dövlətdən istəyim budur ki, evimi təmir eləsin, uşaqlarımın pulunu versin. Maşınım, mal- heyvanım, heç nəyim yoxdur. Bir gördüyünüz Fin evindən başqa. Onun da vəziyyəti göz qabağındadır.”

“NƏ LAZIMDIRSA DEYİLİB...”

Hacıhətəmli kənd icra nümayəndəsi Ramiz Dadaşov deyir ki, Samir Məmişovun şikayəti ilə tanışdır:

“Həmin məsələ yeni deyil. O, deyir ki, külək vaxtı onun yaşadığı binanın dam örtüyü zədələnib və içəri yağış damır. Ancaq düz demir. Mən gedib baxmışam, bu məsələ çoxdandır ki, baş verib. Hamısı da öz səhlənkarlığı ucbatından. Axı insan yaşadığı evə, mülkə bir əl gəzdirməlidir. Onu dağılmağa, sökülməyə qoymamalıdır. Bütün bunların heç birini etməyib. Uzun illər ev dağıla- dağıla gəlib, bu səviyyəyə çatıb. Əsas odur ki, bu adam vaxtında müraciət etməyib...”

İcra nümayəndəsi bununla belə Samir Məmişovun şikayətinin nəzərə alınacağını bildirir. Ancaq onun sözlərinə görə, Samir Məmişov yalan sözlər danışır:

“O, yalan danışır. Necə yəni, güya mən demişəm ki, vəziyyətlə bağlı nazir Kəmaləddin Heydərova müraciət olunmalıdır. Ağ yalandır. Rayonun fövqəladə hallar komissiyası var, nə lazımdırsa deyilib, yaxın günlərdə həll olunacaq. Təmirə şifer və sair materiallar veriləcək və problem həllini tapacaq. Yenə qeyd edirəm öz günahıdır, vaxtında desəydi bu vəziyyət yaranmazdı. Vəziyyətlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komutəsinin İsmayıllı şöbəsinin müdiri Tahir Əliyevə, eləcə də fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayevə məlumat vermişəm, yenə maraqlanacam.”

“MƏNƏ MÜRACİƏT OLUNMAYIB”

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin İsmayıllı şöbəsinin müdiri Tahir Əliyev isə deyir ki, Samir Məmişiov ona nə yazılı, nə də ki, şifahi müraciət edib:

“Bu məsələni mənə Ramiz müəllim dedi. Haradasa bir həftə ya ola, ya olmaya. Mən də bildirdim ki, əgər belə problem varsa, birlikdə fövqəladə hallar komissiyasının sədri Rövşən müəllimə müraciət edək.”

Tahir Əliyev deyir ki, Samir Məmişovun şikayətini təmin etmək onların imkanları xaricindədir. O həmçinin qeyd edir ki, çörək pulundan ötrü heç kim Samir Məmişovdan rüşvət istəməyib:

“Samir Məmişov yerli sakinlə evləndiyinə görə, çörək pulu güzəşti onun uşaqlarına və xanımına şamil olunmur. Bu, 2010-cu ilin noyabr ayında qəbul olunmuş qanuna əsasən belədir. Ancaq özü şəxsən hər ay vaxtlı-vaxtında çörək pulunu alır. Baxmayaraq ki, onun övladlarından biri 2010-cu ildən qabaq doğulmuşdu. Ancaq öz səhlənkarlığına görə, vaxtında sənədləri təqdim etmədiyindən ona da bu şamil olunmadı.”
XS
SM
MD
LG