Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:53

İsmayıllının Hacıhətəmli kəndində Əhmədovlar ailəsinin acı həyatı...


Ağasən Əhmədov və Tənzilə Əhmədova

Ağasən Əhmədov və Tənzilə Əhmədova

-
İsmayıllı rayonunun Hacıhətəmli kəndində yaşayan Əhmədovlar ailəsi hökumətdən kömək umur. Qış, necə deyərlər, kandarı kəsib və bu ailə hökumətin köməyi olmasa, yaza çıxmağa ümidlərini itirib.

Əhmədovlar köhnə «Fin evi»ndə yaşayırlar. 30 il bundan qabaq həmin ərazidəki kəndlərdə məktəb və digər obyektlər tikilərkən, orada işləyən inşaatçılar üçün gətirilmiş «fin evləri» sonradan yerli sakinlərə verilib. Elə həmin vaxtdan bu ailə də oradakı evlərdən birində yerləşdirilib. Hal-hazırda isə ev yararsız vəziyyətdədir. Çürümüş taxtalar ovulub tökülməkdə davam edir. Ancaq söhbət təkcə çürümüş evdən getmir. Evin əksər sakini də xəstə və dərdlidir.

2 XƏSTƏ VƏ BİR DUL ÖVLAD...

Evin xanımı Tənzilə Əhmədovanın dedikləri:

«Hökumətimiz yaxşıdır, Allah köməkləri olsun. Cüzi də olsa, kömək ediblər. Yeni icra başçımızdan xahiş edirəm ki, gücü çatan qədər yenə kömək etsin. Bir qızım ruhi xəstədir. 22 yaşlı xəstə qızım Aybəniz tövlə şəraitində yaşayır. «Fin evi»

«Fin evi»

Prezidentimiz sağ olsun, başçı sağ olsun, bir qədər əvvəl kömək etdilər. Oğlum da xəstədir, işqabiliyyətli deyil, bel nahiyəsində sümük çürüməsi gedir. Adı Səməddir, 25 yaşı var. Üstəlik, bir qızım ailəsindən boşanıb, bir azyaşlı uşağı var. Bizə kömək edənlərə təşəkkür edirəm, xahiş edirəm yenə nəzərə alsınlar. Evimiz başımıza uçur...».

RUHİ XƏSTƏ QIZI TÖVLƏ ŞƏRAİTİNDƏ SAXLAYIRLAR...

Evin başçısı, Ağasən Əhmədovun dedikləri:

«Bu evdə 1983-cü ildən yaşayırıq. Evin bu vəziyyətə düşməsi ilə əlaqədar rayonumuzun yeni icra başçısına müraciət etdik. Sağ olsun, dərhal müraciətimizə uyğun kömək etdi. Allah bərəkət versin, aldığımız yardıma uyğun təmir işi gördük. Evin qabağında artırma «naves» tikdik. Ancaq bu bütün görülməli olan işlərə yetmədi. Heç yerdə iş-güc tapa bilmirik, imkanımız yoxdur. Xəstə qızımız daim nəzarət altındadır, yoxsa çıxıb gedir. Özbaşına neçə dəfə gedib, evi yandırıb. Yaxşı ki, anındaca xəbər tutub qarşısını almışıq. Ona görə onu tövlə şəraitində saxlamağa məcburuq. İnanın aylıq qazın, işığın pulunu ödəyə bilmirik. Ailədə bir həyat yoldaşım pensiya alır. Bir də xəstə qızıma hökumət ayda 50 manat məvacib verir. Ailəmizdə başqa heç kim işləmir. Ümidimiz hökumətimizə və icra başçımızadır... Ümid edirik ki, bizi nagüman qoymayacaqlar».

Öyrəndik ki, bu ailə kömək üçün icra hakimiyyətinə müraciət edərkən xəstə qızın ruhi xəstəxanaya göndərilməsi təklifini alıb. Ancaq onlar icra hakimiyyətinin bu təklifi ilə razılaşmayıblar. Ailədən hesab edirlər ki, heç ruhi xəstəxanalarda da vəziyyət ürək açan deyil...

Şərhləri göstər

XS
SM
MD
LG