Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47
-
«İndiki halda hakimlərə ayda bir milyon manat əməkhaqqı təyin edilsə belə, onların müstəqilliyindən söhbət gedə bilməz».

Bunu «Azadlıq» qəzetinə məhkəmə sədr və hakimlərinin maaş artımını şərh edən hüquqşünas Müzəffər Baxışlı deyib:

«Düşünürəm ki, hakimlər hətta prezidentdən də yüksək əməkhaqqı almalıdırlar. Ancaq indiki halda hakimlərə ayda bir milyon manat da əməkhaqqı təyin edilsə belə, onların müstəqilliyindən söhbət gedə bilməz. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti mövcud deyil. Məhkəmə hakimiyyəti icra hakimiyyətinin tam asılılığındadır».

«TEZLİKLƏ, BU «NÖQSAN» DA ARADAN QALXACAQ»

Bakı bulvarı uzunluğuna görə yalnız Fransada, Sena çayının sahilində salınmış 10 kilometrlik bulvardan bir qədər geri qalıb. Lakin tezliklə, bu «nöqsan» da aradan qalxacaq».

Bunu «Yeni Azərbaycan» qəzetinə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov söyləyib. Rəis müavinin dediyinə görə, hazırda Bakının dənizkənarı bulvarı 6.5 kilometrdir və bu «Ağ şəhər» kompleksinə doğru daha 3.5 kilometr uzadılacaq:

«Dənizkənarı Milli Parkın Dövlət Bayraq meydanından Bibiheybət qəsəbəsi istiqamətinə doğru daha 5 kilometr genişləndirilməsi planlaşdırılır».

XALQI NARAZI SALAN NAZİRLƏR VƏ İŞADAMLARI ÜÇÜN «XOXAN»A ÇEVRİLƏN QURUM

«Yeni Müsavat» qəzeti «xalqı hökumətdən narazı salan nazirlər»dən yazır:
Nazirlər Kabinetinin iclası

Nazirlər Kabinetinin iclası


«Sıralamada ön yerləri bölüşdürən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və vergilər naziri Fazil Məmmədov hələ də öz postlarında oturublar. Onların yaratdığı korrupsiya maşınından hər gün minlərlə vətəndaş əziyyət çəkir… Dövlət rüsumu kimi büdcəyə çatacaq milyonlarla manat vəsait qeydiyyatdan yayındırılır...

Vergi ödəyiciləri rüblük və illik hesabatları elektron formada nazirliyə təqdim edir, yəni vergi müfəttişləri ilə işadamlarının canlı təmasları yoxdur. Ancaq bu, aysberqin suyun üzündə qalan, yəni görünən hissəsidir. ...Vergi auditorları özəl müəssisləri bir-bir gəzir, dövriyyəsindən asılı olaraq onlardan küllü miqdarda «illik haqq» yığır. Hər ilin sonunda olduğu kimi, bu ay da vergi auditorları işadamlarından «təzminat» yığmağa başlayıblar… Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti də işadamları üçün «xoxan»a çevrilib. Tutaq ki, bir işadamı küllü miqdarda vergidən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilib. Bundan maksimum faydalanan departament əməkdaşları onun tərəfdaşlarını da istintaqa cəlb edir, yalnız «razılaşmadan» sonra sərbəst buraxırlar. Hər vergi cinayəti üzrə onlarla günahsız işadamı bundan əziyyət çəkir».

«SƏLAHİYYƏT VERİLSƏ, BİR NEÇƏ VƏZİFƏLİ ŞƏXSİN HƏBSİNƏ ZƏMİN HAZIRLAYA BİLƏRƏM»

«Səlahiyyət verilsə, bir neçə vəzifəli şəxsin həbsi üçün kifayət qədər hüquqi zəmin hazırlaya bilərəm».

Bunu «Bizim yol»a müsahibəsində deputat Çingiz Qənizadə deyib.

- Bəlkə də indi dediklərim, vaxtilə prokuror və vəkil işləməyimlə bağlıdır. Müəyyən imkan və səlahiyyət verilsə, bir neçə vəzifəli şəxsin həbsi üçün kifayət qədər hüquqi zəmin hazırlaya bilərəm. Çingiz Qənizadə

Çingiz Qənizadə


- Hətta nazir səviyyəsində...?

- Lap belə nazir səviyyəsində. Çünki gözümüzlə hansı nazirliklərin necə işlədiyini görürük. Füzuli Ələkbərovun rəhbərlik etdiyi nazirlikdə nələr yoxdur, bunu dəfələrlə mətbuat və parlamentdə deyirdik, iki vur ikiydi. Bir nazirliyin 11, ya 12 rayon şöbəsinin rəhbəri həbsdədirsə, o zaman nazir istefa verməlidir. Bunu bacarmırsa, deməli cinayət işi qaldırılmalıydı. Yaxud icra başçılarıyla bağlı çox neqativ məqamlar var, onlar özlərini yerlərdə cənab prezidentə layiq apara bilmirlər. Prezident nə qədər sadə, səmimidirsə, nə qədər xalqın içərisinə getməyi sevirsə, xalqın içərisində olursa, icra başçıları əksinə, xalqdan qaçırlar.

AZƏRBAYCAN QAZAXISTAN VƏ BELARUSDAN GERİDƏDİR

«Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 dollardır və bu, MDB məkanında Qazaxıstan (185 dollar) və Belarusdan (129 dollar) sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108.7, Ukraynada 118.8 dolları təşkil edir».

Bunu «Azərbaycan» qəzetinə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib:

«Son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9.2 dəfə, minimum məbləği 7.1 dəfə artıb ki, bu, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 üzv dövləti içərisində ən yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstandan 1.4 dəfə yuxarıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG