Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59
-
Yeni il gəlməkdə, bayram sifarişləri çoxalmaqda... Bir sifariş də başqalarının içindən qabarmaqda – Şaxta Baba sifarişi. Elanlar bölməsində axtarış verincə, hərəsi bir qiymətə şaxta babalar sıralanır...

«Kimdir Şaxta Baba» sualına böyüklərin öz cavabı var. Axı böyüklər böyüyəndən bəri üzbəüz gördükləri Şaxta Babanın nağıllar dünyasından, yaxud uzaq şimaldan, lap elə Antarktidadan gəlmədiyini bilirlər. Bilirlər ki, onlar yeni ili fürsət sayıb bir az pul qazanmaq istəyən tələbələr, ən yaxşı halda aktyorlardır...

10 GÜN QAZANMAĞIN HƏSRƏTİYLƏ 355 GÜN GÖZLƏYİRLƏR...

Azərbaycanın şaxta babaları da əksərən İncəsənət Universitetinin keçmiş məzunları, ya da tələbələridir. Məsələn, Nicat Kərimov. O, neçə illərdir Şaxta Baba sifarişlərini gözləyənlərdəndir. Evlərə tək yox, Qar Qızla birlikdə gedir. Deyir, qiymətlərimiz uyğun, proqramımız dolğun, həm də uşaqlar üçün əyləncəlidir:

«Şaxta Baba harada yaşayır, uşaqları görməyə necə gəlir, şeir və tapmacaları necə söyləyir – bunları öyrənir və maraqlı ssenarilər qurmağa çalışırıq. Qiymətlər də o qədər baha deyil. Şaxta Babanın Qar Qızla birsaatlıq çıxışı 80 manatdır, ən çoxu da 100 manat».

Şaxta Baba – Nicat Kərimov danışır ki, o da uşaqlar kimi Şaxta Baba obrazını çox sevir:

«Hamı bilir ki, aktyorun məvacibi azdır. Teatrdan, elə seriallardan da az əməkhaqqı alırıq. Aktyor özünü dolandırmaq üçün «Şaxta Baba»ya çevrilir. Bakıda Yeni il

Bakıda Yeni il

Şaxta baba 355 günü gözləyir ki, qalan 10 gündə nəsə qazana bilsin» .

HƏDİYYƏNİ EV YİYƏSİNDƏN GÖTÜRÜB UŞAQLARA PAYLAYIRLAR...

«Şaxta Baba»lığa sifariş götürən Orxan Tağıyev də aktyordur. Sifarişlərə komandası ilə gedir. Komandası Şaxta Baba və Qar Qızdan, Məsxərəçi və bir nağıl qəhrəmanından ibarətdir. Paylanacaq hədiyyələr ev yiyəsindən götürülür:

«Yeni il ərəfəsində 1 saatlıq çıxışımızın qiyməti 100 manatdır. Hədiyyələri dəvət edən şəxs verir, biz də uşaqlara çatdırırıq. Dekabrın 31-də qiymətlər bir az bahalaşaraq, 10-15 manat artır. Yeni il gecəsi iş qrafiki sıx olur, axı».

Faiq Şadlı bahalı «Şaxta Baba»lardan sayılır. Onun 5 dəqiqəsi 30 manat, 10 dəqiqəsi 50 manat, 20 dəqiqəsi 100 manatdır:

«Mən 100 manatlıq sifariş qəbul edərkən, 10-15, hətta 20 manatlıq da hədiyyə alıram. İçəri girərkən «Oho-oho-ho, əziz nəvələrim, yeni iliniz mübarək olsun!» deyirəm. Dekabrın 31-də gecə saat 12-dək başqa uşaqların Şaxta Babası ola bilərəm, amma 12-ə bir dəqiqə qalmış öz balalarımın Şaxta Babası oluram».

Bakıda Yeni il

Bakıda Yeni il

PARK VƏ BAĞLARIN ŞAXTA BABALARI

Hələ ki, sifariş əsaslı şaxta babalardan söz açıldı. Bağ və parklarda çalışan şaxta babalar da var. Onlar hələ gözə görünmürlər. Gələn həftədən – 60 manat ödəyib, Bakı şəhər İcra Hakimiyyəti ticarət və xidmət departamentindən lisenziya alandan sonra işə çıxacaqlar.

Rəngsaz Etimad Ələsgərov parkların şaxta babalarındandır:

«Ancaq deyilən yerdə olmalıyıq. Mən evlərə getmirəm, çünki işsonrası saatlarda Şaxta Baba paltarını bizdən geri alırlar».

İşsiz Tariyel Əliyev həm park, həm də evləri Şaxta Babasıdır. Deyir, gələn həftədən gündüzlər parklarda olacaq, qaranlıq düşəndə evlərə gedəcək:

«100 manatdan aşağı getmərəm. Bütün ili işsiz oluram, heç olmasa, bu ay pul qazanım».

Şaxta Babalar deyirlər ki, torbaları boş da ola bilər, dolu da. Əsas odur ki, onların yolunu gözləyirlər. Beləcə, uşaqlarla birgə özləri də sevinirlər.

Şərhləri göstər

XS
SM
MD
LG