Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:26

Lotu Balaxanımı rayonda tanımayan az adam tapılardı...


Elmar Vüqarlı
Elmar Vüqarlı
-

Vaxtilə əsas məşğuliyyəti qadınları, qızları yoldan çıxartmaq olmuş Lotu Balaxanım cavanlıqda neçə-neçə evlər yıxıb boş qalmış papaqların külünü havaya sovurmuşdu…


Axır həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur.


Elmar Vüqarlı


XEYIR-ŞƏR

Uzun çək-çevirlərdən, davandöymələrdən sonra nəhayət imtahan verib, ucqar bir dağ kəndində müəllimliyə qəbul olundum. İşə düzəlməyimi oturub sizə bir balaca ətraflı nağıl etsəm onda aydınlaşar ki, bu işədüzəlmə təsadüfi, göydəndüşmə deyildi, adamsızlıq dərdindən idi.

Təyinatım üzrə işləyəcəyim ucqar kənd məktəbində mənə qədər artıq dörd il olacaqdı ki, bir nəfər də olsun Azərbaycan dili və ədəbiyyat müəllimi olmamışdı.

Əlbəttə, əvvəllər burada sinəsi ancaq Şücaət və Bəhmənlə kükrəyən bir kişi ədəbiyyat və dil müəllimi dərs deyirmiş, lakin o müəllim çox qoca olduğu üçün nazirliyin təkidi ilə məcburiyyət üzündən işdən qalmış və güclə direktorluq tərəfindən təqaüdə göndərilmişdi.

Hələ kəndə yollanmamışdan qabaq bu qocaman müəllim haqqında təhsil şöbəsində bəzi ürəkaçmayan söz-söhbətlər eşitmişdim, amma sonralar onu şəxsən kəndə köçəndə görəcəkdim.

O, saçı tökülmüş, burnu bir qədər yekə, yanaqları dağ havasının təsirindən qızarmış, gözləri qəhvəyi, ortaboylu bir kişi idi. Daxili aləmi kimi görünüşündə və geyimində bir yöndəmsizlik özünü aydınca nəzərə çarpdırırdı. Pedaqoji institutu da pul gücünə bitiribmiş.

Yaşının kamillik mərhələsi onu bəhanə axtarıb yuxarılara kimdənsə şikayət ərizəsi yazmaq kimi ən sevimli məşğuliyyətindən nəinki saqındırmış, hətta daha da ruhlandırmışdı. İş günləri məktəbə gedəndə yolum adətən həmin qocanın evi önündən düşərdi. Kəndin çəpərlərlə əhatələnmiş evlərinin sakinləri əyri-üyrü, yağış yağanda keçilməz palçıqlı küçələrdən ötənlərin danışığını, hətta ayaq tappıltılarını aydınca eşidir və pəncərədən pusurdular. Bu artıq onlarda bir adət halını almışdı; kənddə tərpənməli deyildi.

Təqaüdçü müəllim hər dəfə məni görəndə pəncərəsindən: “Əşi, bunlar da adını müəllim qoyub, bunun bir vidinə, fasonuna bax!” – deyib elə sanırdı ki, onu işdən şəxsən mən çıxartdırmışam. Sona qədər də nə mənə salam verdi, nə də mən onu fikrindən döndərə bildim...

Dağlarla əhatələnmiş Q. kəndinin şəraiti, mədəni səviyyəsinin ilkin göstəricisi olan yolları həddən ziyadə bərbad gündə idi. Hər gün televizorun ürək dolusu danışdığı dövlətin yol quruculuğu siyasətinin buraya dəxli yox idi, hələ bundan belə yüz il keçsəydi də yəqin dəxli olmayacaqdı.

Elə ki kənddə bir toy, yaxud yas mərasimi quruldumu, yol müşkülü daha düyünlənirdi. Mərasimlərə başqa yerlərdən gələn maşınların əksəriyyəti xarab olub yollarda qalırdı.

Amma ildə bir dəfə rayon başçısının təşəbbüsü ilə keçirilən kəndin inkişafı ilə bağlı ənənəvi tədbirlərdə gələn ilin sonunacan bütün problemlərin, xüsusilə yol müşkülünün həllini vəd edir, kağız üzərində sarsılmaz inkişafdan danışılır, hələ hər bir çıxışın sonunda əl də çalırdılar. Başçı qarışıq hamı bilirdi ki, yığıncaqlardakı bütün söhbətlər boğazdan yuxarıdır, qəlbdən gəlmir.

Belə yığıncaqların şou olduğunu bilə-bilə orada iştirakçı qismində söz almaq, özünü göstərmək üçün kostyum-şalvarlarını axşamdan ütülətdirib ciddi səylə hazırlaşan sadə, zəhmətkeş kəndlilərin əbəs canfəşanlığı bu günədək məni düşündürür.

İşə düzəldiyim ilin oktyabr ayının beşini rayon icra başçısı xüsusi bir təntənə ilə qarşılamaq qərarına gəlmişdi. Rayon mərkəzindəki “Xeyir-şər” evinin açılışı Beynəlxalq Müəllimlər Günü ilə bir günə salınmışdı. Əslində həmin gün başçı bir gülləyə iki dovşan vuracaqdı.

Əvvəla, o, daxili imkanlar hesabına başa gəlmiş “pulsuz” “Xeyir-şər” evinin lent kəsimini mətbuat vasitəsilə nümayiş etdirməklə ölkə rəhbərliyi qarşısında xidmətlərini nəzərə çarpdıracaqdı, ikincisi də, hakim ideologiyanın maddi cəhətdən ən geridə qalmış təbəqəsi olan müəllimləri ucuz şirniyyat stolu ilə könlünü alıb öz tərəfinə çəkmək mümkünlüyünü nümunə timsalında digər rayon və şəhərlərin icra başçılarına göstərəcəkdi. İlk baxışdan başçının belə idarəçilik quramaları ağılsızlıq kimi görünə bilər. Lakin inkişaf, tərəqqi naminə rayon başçının bu kimi səyləri ölkə rəhbərliyinin nəzərində elə də balaca iş deyildi.

Digər kənd məktəblərinin direktorları kimi bizim məktəbin direktoru Haqverdi müəllim də iki gün irəlidən kollektiv üzvlərinin hər birindən 5 manat yol pulu yığıb tədarükünü görmüşdü. Tədbir günü səhər saat 9-da hamı bir nəfər kimi üzründən asılı olmayaraq kəndin mədəniyyət evinin qarşısında olmalı idi. Direktor tez-tez əlindəki siyahısını nəzərdən keçirə-keçirə “hanı filankəs”, “Qoşqar müəllim harada qaldı”, “məndən siyahı istəyirlər”, “tədbirdən sonra təhlil müşavirəsində dərimizə saman təpəcəklər”, “hamımızı işdən qovacaqlar”, “Arzu müəllim cəhənnəmə xəstələnsin, getsin bu dəqiqə tibbi arayış gətirsin” deyib səsini başına atmışdı. Bu zaman texniki işçilərdən bir qadın dözməyib: “Əşi, əgər belədirsə, pulsuz maşın düz-qoş, dayna!” – deyib qohumunu söyən direktora öcəşkənliklə bozardı. Düşünürdüm ki, direktorun cavabı sərt olacaq, belə olmadı. O, heç kefini pozmadan irişə-irişə üyüdüb-tökdü:

– Ay tanrısız, mənim müdirim mənə maşın veribmi ki, mən də sizə maşın verim. Zalım uşağı, bürokratiyadı, ya palaza bürünüb elnən sürünməlisən, ya da eldən kənarda dolanmalısan. Vəssalam!..

Haqverdi müəllimin 33-34 yaşı olardı. Hündür boy, ağbəniz, arıq adam idi. Nizamına xüsusi qayğı ilə yanaşdığı bığları sifətinə xüsusi yaraşıq verirdi. Ciddi adamlar kimi saçını dala darayırdı. Həmişə kostyum-şalvar geyinərdi. Kənd camaatı arasında elə hörməti yox idi. Deyilənə görə, Haqverdi müəllim əvvəllər qatı “cəbhəçi” olubmuş. Mövcud hakim rejimə əməli nifrət bəsləyirmiş. İndi direktoru olduğu məktəbə onu vaxtı ilə G. rayonundan məktəbin qabaqkı direktoru olmuş əmisi gətiribmiş.

Elə olur ki, o, rayon mərkəzindəki məktəblərin birinə direktor gedəsi olur və qərara gəlir ki, qardaşı oğlunu öz yerinə qoysun. Bundan sonra Haqverdi müəllim tez-tələsik can-başla iqtidar partiyasına keçdi və yuxarılara görüm-baxımdan sonra təyinatını təsdiqlədilər. (Nənəm demişkən, vəzifə köpəyoğlu şeydir.) Bir müddətdən sonra Haqverdi müəllim direktor işlədiyi kənddə ev alıb kök atmaq qərarına gəldi.

Əvvəl ev aldı, sonra da özündən on iki yaş kiçik, onuncu sinifdə oxuyan yeniyetmə şagirdini qaçırdı. Kəndin “yazan-pozan” təbəqəsi hüquq-mühafizə orqanlarına “müəllim də öz şagirdini alarmı?” “bu nə biabırçılıqdır!” deyib ərizəni ərizənin ucuna caladılar. Daha haralara yazmadılar ki... Belə məsələlərdə hər zaman vaxtlı tərpənən qanun keşikçiləri törətdiyi əmələ görə Haqverdi müəllimin düz altı min manatını şirnilik şəklində aldılar. Düzdür, onu bir balaca get-gələ salsalar da, amma axırda onunla, özünün dediyinə görə, dost oldular. Bir müddətdən sonra ağızlar yığılmağa, hər şey unudulmağa başladı...

Müəllimləri rayon mərkəzinə aparan avtobus dolayları aşağı sürətlə dönə-dönə çala-çuxurlu, daşlı-kəsəkli torpaq yollardan canını qurtarıb asfalta tələsirdi. Hava çiskinli və tutqun idi. Avtobusda müəllimlərin zəmanədən, məişət şəraitindən, dolanışıqdan hərəsi bir qanlıq şikayətləri ərşə dayanmışdı. Bir-birinə etibar etdikləri üçün çəkinmədən danışırdılar.

Onsuz da rayon mərkəzində ümidsiz vəziyyətə mütilik, sevinc və şadlıqla dözən bu axırı qeyri-müəyyən məxluqlar bir ağızdan “Hər şey yaxşıdır, bundan artıq nə olacaqdır?” deyəcəkdilər. Hamı kimi onlar da üzdə bir, içdə isə başqalaşmağa adətkər olmuşdular. Qərb demokratiyası bizim qeyri-müəyyən düşüncə tərzimizdən ötrü nə qədər boğazını yırtırsa, yırtsın. Gərək hər şeydən əvvəl qərb sosioloqları unutmasınlar ki, yaxşını pisdən seçmək qabiliyyəti müsəlmana həmişə iş işdən keçəndən sonra nəsib olur.

Avtobusun pəncərə şüşəsindən film lenti kimi keçən romantik, ürək açan sinəsi meşəli dağ mənzərələri bitib-tükənmək bilmirdi. Dağların əzəmətli görkəmi sirli bir aləm kimi bizə cılız qayğılarımızı unutdururdu. Bizi əhatəyə almış bu dağlarda qızıldan tutmuş urana qədər daha nələr yoxdur; hələ turizmi bir kənarda dursun. Amma nə olsun ki. Dağlar hətta qızıldan olsa belə, biz yenə bir həsir, bir Məmmədnəsir olaraq qalacaqdıq. Ona görə ki, başdan nəyə necə inanmışdıqsa, eləcə də yaşamalıydıq.

Təxminən bir saat yarımdan sonra avtobus özünü və bizi rayon mərkəzinə – “Xeyir-şər” evinin qarşısına çatdırdı. Açılacaq binanın ətrafına toplaşmış başqa kəndlərdən və rayon mərkəzindən gətizdirilmiş müəllim izdihamına maşından tökülüşüb könülsüz də olsa, biz də qoşulduq. Haqverdi müəllim maşından düşən kimi rayon təhsil şöbəsinin müdirinə hörmət əlaməti olaraq ehtiyatla yaxınlaşıb əvvəlcə salam verdi, sonra şöbə müdirinin əlindəki siyahıda hansısa qeydləri etdirdi. Səhərdən səsi dağları lərzəyə gətirən direktor işinin öhdəsindən layiqincə gəlmişdi, bundan sonra o hələ bir qədər rahat nəfəs ala bilərdi.

Bir neçə dəqiqdən sonra hakim partiyanın təbliğat işçiləri cürbəcür plakatlar, bayraqlar paylamağa başladılar. Hələ bununla kifayətlənməyib hansı plakatı necə tutmaq gərəkdiyini biz müəllimlərə dönə-dönə başa saldılar. Hər tərəfə səpələnmiş kütləvi informasiya mənsubları çiyinlərində şəstlə gəzdirdikləri kameraları ilə əldən-ayaqdan gedirdilər. (Deyilənə görə, başçı tədbirlərdə onlardan səxavətini əsirgəmirmiş.) Yavaş-yavaş “səhnənin” texniki tərtibatı başa çatmaq üzrəydi: müəllimlər əllərində plakatlar, bayraqlar lazımi qaydada düzülmüş, lenti kəsiləcək binanın qarısında iri bir gül buketini qucağına incəliklə almış gözəl-göyçək qız dayanmış, bir sözlə, mətbuat üçün lazım olan ənənəvi görüntülər tamamilə təmin edilmişdi.

Demək, rayon başçısı ilə paytaxtdan təşrif buyurmuş rayonumuzun bugünkü fəxri qonağı, parlamentin deputatı professor Milquyruq müəllim meydana çıxa bilərdilər.

Ətrafımda baş verənlər, tələbkar təxəyyülüm məni dərinlərə aparmışdı. Axşam televiziya ekranlarına gələcək bu oyunbazlığın pərdə arxası eybəcərliklərindən özümdən asılı olmayaraq ikrahla diksindim.

Canlı yalanların ədalət cildinə girib meydanın o başına-bu başına var-gəl etməsi cəhənnəmə qalsın, hələ başdan-ayağa içiboş şöhrətpərəstlik üfunəti çökmüş bu cəfəngiyata sevə-sevə, əl çala-çala tamaşa da etməli idim, özü də cibimin hesabına. Tez-tez özümə sual verirdim ki, görəsən, siyasi naqqallar özlərinin faydasız və ümidsiz təbliğatına bizi qoşmaqla nə demək istəyirlər, fikirləri nədir axı? Lap elə götürək bu “Xeyir-şər” evinin açılışını. İndi bir işdir də, hansı yollasa “Xeyir-şər” evi açmısan, belə əcəb edib açmısan. Açarlarını yaxın dostuna peşkəş etmisən, etmisən. Di get, işlət də. Xeyri də, şəri də sənin olsun. Sənə bir söz deyən, ayağına dolaşan, qabağında söz salan var bəyəm? Daha maaşını ayın otuz gününə böləndə uzağı 3 manat düşən bu müəllimləri niyə belə əsir-yesir gününə qoyursan? “Xeyir-şər” evinin təhsilə nə qarışacağı?..

Çiynimə xəfifcə toxunan əl məni düşüncələrimdən çətinliklə də olsa, ayırdı. Əlin sahibi heç on gün olmazdı ki tanış olduğum ibtidai sinif müəllimi Maksim idi. O, bəstə boy, arıq, sarıyanız, üzü çilli, ümumi görkəmcə yöndəmsiz, 27-28 yaşlı cavan oğlan idi. Bozumtul rəngə çalan gözləri sifətinə yazıqlıqdan başqa heç nə vermirdi. Mənimlə sadəcə salamlaşdığını deyib bic-bic gülümsündü. Amma gülmək ona heç yaraşmadı. Bir azdan geyimi diqqətimi cəlb etdi. O, ayağına hamam çəkələyi, əyninə isə kostyum-şalvar geyinmişdi. Bəyaz şalvarının sağ qıçındakı iri sarı ləkə heç vecinə deyildi. Boynu qatlanan köynəyi kirdən diş sarısı kimi saralmışdı. İzdihamda dağ yeri olduğundanmı, ya da nədənsə pinti, yöndəmsiz geyimli müəllimlər səliqəli geyinən müəllimlərdən çox idi. Amma hamam çəkələyilə kostyum-şalvar geyinən adamı mən birinci dəfə görürdüm. Düşündüm ki, yəqin bura gələrkən Maksim müəllimin ayaqqabısı yolda cırılıb, təmirə verib; ayağındakı çəkələkləri də ayaqyalın qalmasın deyə, başmaqçıdan müvəqqəti götürüb. Bu üzdən özümü saxlaya bilməyib Maksim müəllimdən canıyananlıqla soruşdum:

– Ay müəllim, deyəsən, soruşmaq da ayıb olmasın, ayaqqabılarını təmirə vermisən?

O təəccüblü halda mənə gözucu baxaraq duruxdu, amma cavab vermədi. Elə bu zaman izdihamdan qopan alqış sədaları onu cavabdan tamamilə xilas etsə də, amma üzünü qızarmaqdan qurtara bilmədi. Artıq baş oyunçuların səhnəyə qədəm qoyma məqamı gəlib çatmışdı. Əyninə bahalı qara səliqəli kostyum-şalvar, boğazından qırmızı qalstuk bağlanmış təmiz ağ köynək geyinmiş, ayağındakı ayaqqabıları göz qamaşdıran başçı ilə deputat lüks maşından inamla düşüb bayraqlı, plakatlı kütlənin önündən salamlaşa-salamlaşa təbəssümlə keçdilər. Rayonun birinci siması ona təqdim edilən gül dəstəsini qızdan qəbul edəndə sanki birinci dəfə gül görürmüş kimi buketə təəccüb və diqqətlə göz gəzdirib dərhal yanındakına ötürdü. Sonra həm qonaq, həm də başçı hərəsi əlinə bir qayçı alıb qırmızı lenti xüsusi əndazə ilə kəsdilər. Bu zaman alqış səslərindən az qala yer-göy titrədi. “Mübarək olsun!” deyə-deyə əvvəl rayon başçısı ilə qonaq deputat, ardınca isə müəllim izdihamı hər tərəfə maraqla boylana-boylana binaya daxil olmağa başladılar.

Respublikada dəlixaylığı ilə ad qazanmış rayonun icra başçısı altmış yaşlarında, ucaboy, enlikürək, kürən saçlı, çox iri başı olan bir cənab idi. Ətli və qarabuğdayı sifəti, qalın dodaqları vardı; burnu elə də yekə deyildi, kinayə ilə baxan gözləri şişmişdi, elə bil, daim gözünü qırpırdı. Ümumiyyətlə, zahiri görkəmi olduqca sırtıq və ədəbsiz adam təsiri bağışlayırdı. O, sözünü ölçü-biçi gözləmədən deyirdi. Qabağındakının qadın, yoxsa kişi olduğuna heç vaxt fikir verməzdi. Ağızdan avara adamdı. Qalmaqal salmaqdan, özünü orijinal adam kimi tanıtdırmaqdan ötrü vaxtilə hər şeyə əl atmışdı, indi isə o daha təhlükəli olmuşdu. Ona görə ki, əlindəki səlahiyyətlərdən istifadə edib yapışdığından buraxmırdı.

Yavaş-yavaş hamı öz yerini tutmaqda idi. Dəbdəbəli zalın başında vəzifəlilər üçün açılmış güllü-çiçəkli xüsusi stolun təmtərağını, üstündəki bahalı nemətlərin çeşid bolluğunu müəllimlərin stolu ilə müqayisə etmək hər halda axmaqlıq olardı. Məclisə musiqiçilər də dəvət olunmuşdu. (Guya rəsmi hissədən sonra müəllimlər firavan rifahlarının şərəfinə hələ bir əl qaldırıb oynayacaqdılar da.) Çox keçmədən ofisiantlar çay paylamağa başladılar. Bir nəfər təxminən 50 yaşlarında olan, qalstuksuz ağ köynək, tünd-mavi kostyum-şalvar geyinmiş ortaboylu, qırmızısifət kişi ora-bura vurnuxub özünə dinclik vermədən əlini ölçə-ölçə ofisiantlara göstərişlər verirdi. Yaşına uymayan çevikliklə az qalırdı ki, podnosu ofisiantlardan qapıb çayları təkcə paylasın. Vəzifəlilərin stoluna podnosda çayı qeyd-şərtsiz məhz özü apardı. Sonradan onun başçının yaxın dostu olduğunu və “Xeyir-şər” evinin idarəçiliyinin şəxsən ona tapşırıldığını öyrəndim.

Təcrübəsiz toyxana ansamblının müşayiət etdiyi məkruh səsli manısın çığırtısı altında qala-qala, əzilə-əzilə birinci çay içildikdən sonra başçı sifətinə süni təbəssüm verib hamını salamladı və Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik etdi. Fəxri qonağın adını yadına salmağa çalışdığı üçün bir qədər duruxan başçı vəziyyətdən ustalıqla çıxıb hörmət əlaməti olaraq sözün professor Milquyruq müəllimə verildiyini elan etdi. Gurultulu alqışlardan sonra sifəti sırtıqlıqdan, qaba özündənrazılıqdan başqa heç nə ifadə etməyən, təxminən 45-50 yaş arasında olan, başı keçəl, sarıyanız siyasət professoru Milquyruq müəllim xitabət kürsüsünə qalxdı. O, boğazını həyasızcasına utanıb-eləmədən mikrofon önündə bərkdən arıtlayıb artıq məzmunu qabaqcadan hər kəsə mənasızlığı ilə məlum olan, ölkədəki quruculuq, abadlıq işlərindən, məqsədyönlü təhsil proqramlarından uzun-uzadı bəhs edən, qısacası, abırsız yalanlardan yoğurulmuş nitqini irad etməyə başladı. Elə bu zaman bizim stolun ayaq ucundakı boş stula rayonda əməlləri ilə ad çıxarmış Lotu Balaxanım hövlnak oturdu. O, nəzərlərdən yayınıb özünü müəllimlərin arasına soxmağa müvəffəq olmuşdu.

Lotu Balaxanımı rayonda, bəlkə də, tanımayan az adam tapılardı. Vaxtilə əsas məşğuliyyəti qadınları, qızları yoldan çıxartmaq olmuş Lotu Balaxanım cavanlıqda neçə-neçə evlər yıxıb boş qalmış papaqların külünü havaya sovurmuşdu. Min bir oyundan çıxmış bu qəddar, qorxu-ürkü bilməyən qadın, indi qocaldığından dilənçilik edirdi. Zahiri görkəmi diksindirici dərəcədə eybəcər idi. Çox hissəsi yanmış qalın yun kalqotkasının üstündən ayağına bir neçə yamaqlı corab keçirmişdi. Corablı kök ayağını palçıqlı qaloşuna zorla soxmuşdu. Əyninə geyindiyi qara uzun ətəkli kirli don ilə qoyun dərisinə oxşayan çirkli jilet arvadı ibtidai insanlara oxşadırdı. Başındakı uzun və enli yun şalı elə bağlamışdı ki, sifətinin ancaq ağızdan yuxarı hissəsini görmək olurdu. Elə də kök deyildi. Burnunun və yanaqlarının bozumtul qırmızı rəngi, gözlərinin key, vecsiz, qəzəbli, həyasız ifadəsi, bir sözlə, ümumi görkəmi bu qadının baxımsız, axırı itmiş birisi olduğunu dərhal ələ verirdi.

Balaxanım arvad (onu belə də çağırırdılar) özünə yer eləyən kimi stolun sağ küncündə oturan qocaman kişi müəllimin qarşısındakı içi çayla dolu olan stəkanı heç kimə məhəl qoymadan üstü çatlamış çirkli əlləri ilə arxayınca götürüb qarşısına qoydu. Sonra bic-bic həmin qocaman müəllimə sarı baxıb çoxdanın yaxın tanışı kimi sərbəstcə, hırıldaya-hırıldaya sözləri çeynədi: “Vaxtında sən də az aşın duzu olmuyubsan, ay imansız! İndi həccə gedirsən”. Qalın, qaba, (çox güman ki, siqaret çəkirdi,) zəhmli səsi qətiyyən qadın səsinə oxşamırdı. Çayı başına çəkdikdən sonra o, stolun üstündə əlinə keçəni bir andaca qoltuğundan çıxartdığı torbasına acgözlüklə doldurmağa başladı. Bizim stolda oturanların heç biri bunu ona irad tutmağa xüsusi həvəs göstərmədi. Sadəcə gülümsədilər. Ona görə ki, hamı kimi biz də tədbirin tez başa çatmasını arzulayırdıq. Müəllim adına qoyulan hörmətin müqabilində heç nə vecimizə deyildi. Onsuz da təhsildə dolanışıq yox idi. Rayon və kənd müəllimlərinin çoxu mal-qara saxlamaqla məişətlərini təmin edirdilər. Demək olar ki, müəllimlərin hamısı təsərrüfatlarını atıb buraya gəldikləri üçün evə tələsdiyindən gərginlik getdikcə artırdı.

Deputat Milquyruq müəllim ölüm-zülüm nitqini axır ki yekunlaşdırıb sağollaşdı. Qəbul olunmuş etiket xətrinə hamı əlini əlinə vurmağa başladı. Uzun sürməyən şappıltı kəsiləndə Balaxanım arvad doldurduğu torbasını oturduğu stolun altında yerə qoyub kobud səsi ilə araya çökmüş müvəqqəti sükutu iki dəfə bərkdən: “Allah, sən saxla! Allah, sən saxla!” – deyərək pozdu. Zalda tamamilə aydın eşidilmiş kobud səsin əks-sədası sükutu qılınc kimi doğrayaq qulaqları yandırdı. Vəzifəlilər bir anlığa narahat olsalar da, amma büruzə vermədilər. Milquyruq müəllim keçib öz yerində oturduqdan sonra xitabət kürsüsünə qalxmış başçı əvvəlcə macal tapıb qonağa ehtiramlarını çatdırdı, sonra da özü çıxış edəcəyini bildirdi. O, hər kəsə müraciətlə:

– Əziz müəllimlər və tədbir iştirakçıları! – deyərək nitqinə həvəslə başladı. – Sizin düzdür, camaatın tərbiyəsində əməyiniz çoxdur, amma zəhmətiniz azdır. Yəqin bildiniz, nəyə toxunuram. Narahatçılığa əsas yoxdur. Biz heç kimi tutub saxlamırıq. Müəllim dərsdən sonra harada istəyir, gedib işləyə bilər, amma vəzifə borcunu yerinə yetirməlidir. Bilirsiniz ki, müstəqillikdir. Prinsipimiz başlı başını saxlasındır. Əlbəttə, anarxiyanı nəzərdə tutmuram. Bir də başını saxlamaq istəyənin anarxiyanan nə alıb-verəcəyi? Əzizlərim, mən dövlətin qanunvericilik sektorunda düz on beş il can qoymuşam səhər saat 9-dan düz axşam 10-a qədər. Hələ elə olub, yatmamışam da. Gəlin əyri oturaq, düz danışaq. Onsuz da əyri oturmuşuq. İndi belə çıxır ki, həftədə, lap olsun, 12 saat dərs deyən müəllimlə mənim kimi bir mötəbər insan bir sırada dayanmalıdır? Müəllim adamlarsınız, daha bu xüsusda sizə söz demək artıqdır. Axı belə iş müqabilində bizim hakimiyyətin sizə verdiyi maaşı, siz Allah, utanıb-çəkinmədən deyin, hansı dövlət verir?

Bu vaxt başçının hansısa müavini yerindən mızıldandı, amma mızıltısı eşidildi:

– Heç biri!

Başçı üzünü ona tərəf çevirib coşqunluqla əlavə etdi:

– Bəli, Ramiz müəllim, düz buyurursunuz, heç biri! Amma unutmayın ki, maaş azlığına baxmayaraq, dövlətin sarsılmaz ilahi qayğısı bax beləcə, belə məclislərlə, tədbirlərlə, iqtidar partiyamızda üzvlüyə qəbul edilməyinizlə daim sizin üzərinizdədir!

Başçının dediyi sözlərin mahiyyətini başa düşən də, düşməyən də hamı var gücü ilə onu alqışlamağa başladı. Alqışlar səngiyib kəsiləndə Balaxanım arvad yenə də səsinin qalın yerinə sala-sala iki dəfə: “Allah, sən saxla!” – deyib qışqırdı. Başçı səsdən diksinərək qəzəbindən qızarsa da, amma özünü o yerə qoymadı. Nitqinə dərhal davam verdi:

– Bəli, biz müharibə şəraitində yaşayırıq. Bunu unutmaq namərdlik olardı. Nolsun ki, hazırda atəşkəsdir. Müharibə hər halda gedir. Hər gün qulağınız “xəbərlərdən” eşidir. İnanın, bu rayonda başçı olduğum 3 il ərzində dinc oturmamışam. Ermənidən 10 kilometr torpaq almışam. Ona görə də hər ilin aprel ayında rayonumuzdakı həmin hərbi hissəyə öz hesabıma 3 qoyun göndərirəm ki, üzləri ağ olsun!

Yenidən guruldayan alqış səslərindən az qaldı ki, zalın pəncərə şüşələri qopub tökülsün. Amma deyən olmadı ki, bəs sən bu üç ildə müharibə eləyib 10 kilometr torpaq alanda niyə bizim xəbərimiz olmayıb. Nə az, nə çox, özü də düz 10 kilometr. Müəllimlərin bəzisi bir-birinin üzünə baxaraq qımışdılar. Elələri də var idi ki, heç dünyadan xəbəri yox idi. Ağzını ayırıb key-key tamaşa edirdi. Hələ belə məclisdə olduğundan xoşhallanırdı da. Araya sükut çökən zaman birdən Balaxanım arvadın həmin sözləri yenidən sakitliyi zədələdi. Başçı hissə qapıldığı üçün əhəmiyyət vermədən tələsə-tələsə və getdikcə sanki daha artıq ilhama gələrək danışmağa başladı:

– Əzizlərim, quruculuq işinə biz özümüzdən başlamalıyıq. Baxın, bu açılışını qeyd etdiyimiz möhtəşəm “Xeyir-şər” evinə. Onu daxili imkanlar hesabına ərsəyə gətirmişik. Məgər pisdirmi? Milquyruq müəllim, xahiş edirəm, fikir verin. Bu rayon acınacaqlı iqlim şəraitindən, bilirsiniz də, əziyyət çəkir. Şəxsən mənim indi oturduğum, üzünü bəzədiyimiz icra hakimiyyətinin binası vaxtilə türmə, yəni cəzaçəkmə müəssisəsi olub. Heç mən səsimi çıxartmıram. Axı biz daxili imkanlardan istifadə etməyi bacarmalıyıq. Daha hər yerindən duran gəlib desə ki, hər şeyə dövlət pul ayırmalıdır, bu sarsaqlıqdan başqa nə ola bilər axı? Buna dövlət büdcəsi tab gətirə bilməz. Siz deyin, nə olar? Əlbəttə, bazar! Ona görə də özünüzü yığışdırın. Sizə nə deyilirsə, qeyd-şərtsiz həmin şeyləri həyata keçirin. Daha müzakirə etməyin. Əziz müəllimlər, mən sizin, vallah, hamınızı xətrini istəyirəm, özü də sizi hər zaman eşitməyə hazıram. Amma siz də məni eşidin. Gədə-güdələrin yanında ağzınıza gələnləri danışmayın. Mənim hər şeydən xəbərim var. Yəqin payını götürən götürdü. Oldumu?

Yenidən sürəkli alqış sədaları döyüş topları kimi guruldadı. Ən çox əl çalanlar isə məktəb direktorları idi. Təntənəli alqışların – başçı belə hesab edirdi, – kəshakəsində birdən Lotu Balaxanım yenidən: “Allah, sən saxla!” – deyib qışqıranda başçı cin atına mindi. Daha bu səfər dözmədi; qəzəbindən nəfəsi tutula-tutula dəli kimi bağırdı:

– Çıxardın o yiyəsiz küçə qancığı burdan! Onu bu müqəddəs zala hansı təxribatçı soxub?!!

Cəld iki polis nəfəri özünü yetirdi. Lotu Balaxanım doldurduğu torbasının qulpundan sağ əlilə bərk-bərk tutmuşdu. Özü də elə oturmuşdu ki, sanki heç nədən xəbəri yox idi. Polislərin hərəsi arvadın bir qolundan yapışaraq onu qapıya tərəf sürüməyə başladılar. Balaxanım arvad zərrə qədər kefini pozmadan başçıya sarı yenə də həqarətlə qışqırdı:

– Mən hər şeyi bilirəm! Lotu-potu bir-birinə qarışıb! İt yiyəsini tanımır! Allah, Sən saxla! Allah, Sən saxla bircə!...

Polislər bir təhər onu çölə çıxartdılar...

Tədbirin səhəri günü sabah tezdən Q. kəndini əhatəsinə almış dağlar təzədən direktor Haqverdi müəllimin səs-küyündən lərzəyə gəlmişdi. Məktəbin həyətində müəllimləri başına yığıb göstərişlər verir, hələ yeri gələndə hədələyirdi. Ədəblə yaxınlaşıb ondan nə baş verdiyini soruşanda saymazyana: “Nə olacaq, pul yığırıq!” – dedi. Pulun nəyə yığıldığını bir az səbir etsəydim, söhbətin gedişatından öyrənə bilərdim, amma hövsələm çatmadı deyə, şəxsən soruşdum:

– Nəyə yığılır yenə, ay Haqverdi müəllim?

Direktor təkcə mənə yox, elə bil ətrafında bilən-bilməyən bütün hamıya cavab verdi:

– Bəs dünən yediyiniz tortun, içdiyiniz çayın pulunu kim verəcəkdi? Elə bilirdiniz, başçı verəcək? On beş manatdan hamı bir nəfər kimi yığıb təhsil şöbəsinə verməliyik, vəssalam!

Bu vaxt yadıma Balaxanım arvadın sözlərindəki həqiqət düşdü. Əslində, Lotu Balaxanımı qəzəbləndirən məqam özünün dediyi kimi, “lotu-potuların” bir-birinə qarışması, yəni xeyrin şərdən, şərin isə xeyirdən seçilməməsi idi. Vaxtilə hamı əyrini əyri, düzü də düz tanımışdı. İndi defislə yazılan artıq bir-birinin əlini sıxmış mürəkkəb xeyir-şər sözünün onsuz da biabırçılıqla dolu olan zəmanəmizi daha da rüsvay edən başçının açdığı evin adında da, içərisində adi hal kimi baş verən əməllərində də birgə təzahürü bu iki yoldan ancaq birini tutanlar üçün, əlbəttə, qəbul edilməzdi. Ən azı maddi-mənəvi varlığın özü bunlardan yalnız birini seçməlidir. Bizi bu təhlükəli gedişatdan, xeyirlə şərin modern dostluğundan ancaq və ancaq – Balaxanım arvadın dediyi kimi – Yaradanın özü saxlaya bilərdi.

Nə şərin, nə də belə irgənci xeyrin tərəfində durub Sənə yaratdığın dünyadan qəlbən səslənirəm: Allah, bu ikili oyunlardan bizi heç olmasa, Sən Özün saxla!

03.11.13
XS
SM
MD
LG