Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:13

S. Novuzov: A. Məmmədlinin həbsi seçki ilə bağlı deyil


S. Novruzov
S. Novruzov
-
20 dekabr medianın icmalı

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov «Media Forum» saytına müsahibə verib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsinə dair sualları cavablandırıb:
- Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2013-cü ilin oktyabrında keçirilən prezident seçkisinin nəticələrini tənqid edən hesabat yaymışdı. Onun seçki dövründəki fəaliyyəti ilə həbsi arasında bir bağlılıq varmı?
- Qətiyyən bağlılıq yoxdur. Onu seçkinin qurbanı kimi təqdim edənlər böyük səhvə yol verirlər. Seçki haqda qeyri-obyektiv hesabatlar dərc edən, məlumatlar yayan yalnız onlar deyil. Belə təşkilatlar o qədərdir ki... Bəzi siyasi partiyalar da seçkinin nəticələri haqda obyektivlikdən, reallıqdan uzaq hesabatlar dərc edib. Elə adamlar və təşkilatlar var ki, hər hansı müşahidə, təhlil aparmadan, hüquqi cəhətdən əsaslandırmadan məlumatlar yayıblar. Onların nəinki müşahidəçiləri olmayıb, hətta özləri də seçkiyə gəlməyiblər.

İLHAM ƏLİYEV AVROPA OYUNLARI HAQDA DANIŞIB...
Prezident İlham Əliyev Qusarda «Şahdağ», «Pik Palas» otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. «Azərbaycan» qəzeti prezident İlham Əliyevin mərasimdəki çıxışını dərc edib:
İlham Əliyev
İlham Əliyev
«Bu günə qədər Avropa Oyunları keçirilməmişdir. Avropa Oyunlarının tarixi yoxdur, baxmayaraq ki, Olimpiya hərəkatı Avropada yaranmışdır və Avropada bərpa edilmişdir. Ona görə Avropa Oyunlarının hansı standartlara cavab verəcəyini biz müəyyən edəcəyik. Bizim standartlar artıq oyunlar başa çatandan sonra Avropa Oyunlarının standartları kimi qəbul ediləcəkdir. Biz isə istəyirik ki, bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirək və buna imkan vardır. O vaxta qədər bizim idman obyektlərimiz tam hazır olacaqdır. Eyni zamanda, Əl Oyunları Sarayında, Heydər Əliyev İdman Mərkəzində əsaslı təmir işləri aparılır. Bakıda artıq ona yaxın beşulduzlu otel fəaliyyət göstərir. Dünyanın bütün aparıcı otel şirkətləri Azərbaycandadır. Yol infrastrukturu yeniləşir, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Əminəm ki, Azərbaycanda bütün texniki məsələlər yüksək səviyyədə həll olunacaqdır. Çünki biz artıq dünya və Avropa çempionatlarının keçirilməsində böyük təcrübə toplamışıq».
«HAKİMİYYƏT AZƏRBAYCANI BARIT ÇƏLLƏYİNƏ ÇEVİRİB»
İntiqam Əliyev
İntiqam Əliyev
Parlament QHT-lər və siyasi partiyalarla bağlı qanunvericiliyə növbəti dəfə dəyişikliklər edib. «Azadlıq» qəzeti bu dəyişikliklər barədə hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevlə müsahibə dərc edib:
«Bütün dünyada QHT-lərin qeydiyyatı ilə bağlı prosedurlar kommersiya və digər təşkilatların qeydiyyat prosedurlarından qat-qat sadədir. Bizdə isə əksinə. Uzun illərlədir bu ölkədə qeydiyyat problemi var. Dövlət qanunları pozaraq QHT-ləri qeydə almır, sonra bunun fəsadlarından istifadə edərək həmin təşkilatları qanunsuz fəaliyyət göstərməkdə ittiham edir. Əslində, cinayəti dövlət, onun məmurları edir. Onları məsuliyyətə cəlb etmək, həbsə atmaq gərəkdir. Amma bu günə qədər bir məmur da buna görə cəzalandırılmayıb. QHT-lərdən şəffaflıq istəyən hakimiyyət təmsilçiləri özlərinin, qohum-əqrəbalarının əmlakları və gəlirləri barədə ictimaiyyətə detallı hesabat versəydilər, yüz milyon manatlarla ölçülən mülkləri hansı vəsaitlər hesabına əldə etdiklərinə aydınlıq gətirsəydilər, pis olmazdı».
TƏHSİLDƏ «İTƏN» NEFT PULLARI…
Məhəmməd Talıblı
Məhəmməd Talıblı
2020-ci ildən sonra Azərbaycanda neft gəlirlərinin azalması tempi indiki ilə müqayisədə dəfələrlə aşağı düşəcək. Neft gəlirlərini nə ilə əvəz edə biləcəyimiz isə əsas müzakirə mövzusudur. Ekspertləri bildirirlər ki, qeyri-neft sektorunun inkişafı iki istiqamətdə həyata keçirilməlidir. Birincisi aqrar sahənin inkişafına, ikincisi insan kapitalını önəm verilməlidir. Bütün bunlara nail olmaq üçün təhsilə diqqət ilk pilləyə keçirilməlidir. «Bizim yol» qəzeti iqtisadçı-ekspert Məhəmməd Talıblının bloqundan yazır ki, təhsilin qısa vədəli planlardan daha çox uzunmüddətli hədəfləri olmalıdır. M.Talıblı qeyd edir ki, investisiya xərcləri içərisində təhsilə ayrılan xərclərin özü də xeyli şübhəli məqamlar mövcuddur:
«Yəni dövlət investisiyası hesabına həyata keçirilən layihələri digər tikinti layihələri ilə müqayisə edəndə, məlum olacaq ki, onların tikinti smetaları və dəyərləri fərqli olur. Bir neçə il öncə ABŞ səfirliyinin tikdirdiyi təhsil müəssisəsi ilə Azərbaycan hökumətinin tikdirdiyi obyektin müqayisəli təhlil aparılmışdı. Milli Büdcə Qrupunun araşdırmalarına görə, eyni ildə ABŞ səfirliyinin tikdirdiyi məktəbdə bir şagirdə düşən xərc 638 manatdırsa, Təhsil Nazirliyinin tikdirdiyi məktəbdə bir şagirdə düşən xərc 1870 manat olmuşdu. Belə problemlər təhsil xərcləri üzərində şəffaflığın və hesabatlılığın daha yüksək səviyyədə qurulmasını zəruri edir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG