Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda hamı üçün ümumi ideya varmi?


arxiv foto
arxiv foto
İTİRİLMİŞ UTANC HİSSİ

Növbəti ilə saylı günlər qalanda hamı proqnozlara girişir, qəzetlər səhifələrini, tele-kanallar efirlərini inandıqları adamların-politoloqların, iqtisadçıların, daha çox falçıların və ekstrasenslərin, bir də astroloqların sərəncamına verir.

Kimə daha çox inanmaq məsələsi...
Kimə daha çox inanmaq məsələsi əslində mədəniyyət məsələsidir-kimi okkultist elmlərə üstünlük verir, kimi də daha mədəni olduğu üçün normal elmlərin köməyindən yararlanmağa çalışır.

Bəlkə də bunun özü maraqlı bir söhbətin mövzsu ola bilərdi. Bizim tele-kanalların sayəsində insanlarımız qara magiya elminin bütün sirlərinə vaqif olublar, hətta «qurd yağı»nı haradan götürməyi və onu necə hazırlamağı da öyrəniblər.

Əvvəldən 21-ci əsrə bir qədər şübhə ilə yanaşmışdıq, amma heç vaxt ağlımıza gəlməzdi ki, insanlar bu əsrdə utanc hissini tamam itirəcəklər.

Bunu ona görə deyirik ki, bir az əvvəldə sadaladığım məsələlər əslində normal insana utanc gətirməlidir, amma gətirmir, deməli bu hiss artıq itirilib.

ANTİ-SOSİALLAŞMANIN ƏLAMƏTİ

İnsan həmişə sosial münasibətlərin məcmusudur
Amma tək bu hiss itirilibmi? Sosioloqlar insanların davranışında xüsusi bir başlanğıcı qeyd edirlər- onlar buna sosiallaşma deyirlər.

Bu elə vaxtdır ki, insan ictimailəşməyə, ictimai münasibətlərin daşıyıcısı olmağa başlayır, artıq ona bir canlı kimi deyil, həm də sosial subyekt kimi baxırlar.

Nə qədər ki, cəmiyyətdədir, insan həmişə sosial münasibətlərin məcmusudur. Amma bizə elə gəlir ki, hərdən bir de-sosializasiya da baş verir, insan cəmiyyətlə təmaslarını minimuma endirir. Buna bəzən yadlaşma, özgələşmə prosesi də deyirlər.

BU GÜNÜN İDEYASI

Bu günlərdə oturub özümüz üçün fikirləşirdik ki, görən, elə bir ideya varmı ki, o, hamı üçün xarakterik olsun?

Məhz bu sualın cavabı kimi də yazının əvvəlini bir qədər fərqli girişlə başladıq.

O ki qaldı ideya məsələsinə, düşünürük ki, indiki halda bu, hər bir insanın ailəsinin rifahıdır. Özü də ən yaxşı halda.

...əksəriyyət cəmiyyətlə təmaslarını minimuma endirməyə meyllidir
Elələri var ki, özlərinə hətta bu yükü də-ailə problemlərinin yaratdığı yükü belə çəkməyə rəva görmürlər. Amma bütün hallarda burada nəzərə çarpan bioloji meyarlardır. Ona görə ki, digər canlı varlıqlar da belə bir yükü daşıyırlar.

Əvvəldə bir de-sosializasiya sözü yazdıq. Həmin sözün prizmasından baxanda əksəriyyət cəmiyyətlə təmaslarını minimuma endirməyə meyllidir.

Onlar cəmiyyətə qarışmaqdan daha çox özlərini ondan ayırmağa cəhd edirlər, cəmiyyətin timsalında yalnız şər varlıq görürlər- yenə də mədəni səviyyəsindən və dünyagörüşündən asılı olaraq kimsə çalışır ki, cəmiyyət ona «cadu» etməsin, kimi də onun hüquqi və sosial sanksiyalarından ehtiyat edir.

Ona görə də növbəti ildə nə olacaq, nə baş verəcək, buna cavab vermək çox müşkül məsələdir.

Amma heç fikirləşmirik ki...
«Xolizm»in (tamın üstünlüyü) tərəfdarı deyilik, amma cəmiyyətdə fərdlə toplum, fərdlə dövlət arasında bir özgələşmə prosesi baş verəndə ümumi səylərdən asılı olan məsələlərlə bağlı proqnoz vermək o qədər də asan olmur.

Siyasi proseslər də bu qəbildəndir. Ona görə ki, siyasət assosiativ məşğuliyyətdir, təkbaşına siyasət olmur. Elə bu səbəbdən də ictimailəşmə dərəcəsini minimuma endirən cəmiyyətdən hansısa siyasi sıçrayış gözlmək bir qədər çətin məsələdir.

Əksəriyyətimiz daha çox nəyə çalışır? Düşünürük ki, necə olursa-olsun, ailəmizi dolandırmalıyıq, onun rifahını təmin etməliyik, uşaqlarımıza yaxşı təhsil olmasa da, diplom verməliyik, onlara ev-mülk qoyub getməliyik…

Amma heç fikirləşmirik ki, yaxşı təhsilə bu cəmiyyətin, bu dövlətin ehtiyacı varmı? Fikirləşmirik ki, bu ölkədə yaxşı yaşamaq üçün mal-mülk yetərlidirmi? Sabah onu hansısa bir bəhanə ilə övladlarımızın əlindən almayacaqlarmı?

ÜMİD KƏNARA QALANDA…

Orta statisktik azərbaycanlı gödəkçəsini çiyinlərinə atıb küçəyə çıxmaqdansa...
Bunu başa düşənlərin bir qismi mühacirət yolunu tutur. Onlar bu ölkənin ən böyük rifahını xaricdəki ortabab rahatlığa qurban verirlər, o səbəbdən ki, bu ölkədəki rifahın heç bir təminatı yoxdur, xaricdə isə təminat var.

Elə bu səbəbdən də ciddi bir proqnoz vermək olmur. Siyasilər, bu cəmiyyətin elitası hesab edilənlər də səbəbləri kənarda axtarırlar və özlərində heç bir günah görmürlər.

Deyirlər ki, Ukrayanaya dəstək verildi. Amma o da var ki, bu dəstəyi almamışdan öncə ukraynalılar bu soyuqda meydanlarda gecələdi. Orta statisktik azərbaycanlı gödəkçəsini çiyinlərinə atıb küçəyə çıxmaqdansa, daha çox proseslərin kənardan təkan alacağına ümidlidir. Amma rəngli inqilablar zamanı da, «ərəb baharı» zamanı da belə olmuşdu. O vaxt da ümidlər böyük idi, amma təkan gəlmədi…

Bunlar müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG