Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:58

«Deyirdi əsgərlər arasında bir-birinə hörmət qalmayıb»


Orxan Alıyev
Orxan Alıyev
-
“Dekabrın 10-dan 11-nə keçən gecə Orxan digər oğlum Rövşənlə telefonda xeyli danışdı. Həmin vaxt Orxanın əsgər yoldaşlarından kimsə ona danışmağa mane olurmuş. Orxan Rövşənlə söhbətə ara verib, həmin əsgərlə mübahisələri düşüb. Mübahisələri təxminən 4-5 dəqiqə çəkib, sonra yenə söhbətə davam edib. Oğlum soruşanda ki, Orxan, orda nə baş verir? Orxan əsəbi şəkildə bildirib ki, qaqa, təmiz özbaşınalıqdır, bir-birinə hörmət qalmayıb burda. Səhər saat 8-ə qalmış hərbi hissədən zəng vurdular ki...”

ÖZ ƏCƏLİ İLƏ, YOXSA?...

Bu il dekabrın 10-dan 11-nə keçən gecə xidmət etdiyi Naftalandakı N saylı hərbi hissədə ölən çavuş Orxan Əliyevin atası Şirazi Əliyev danışır bunları. Ata iddia edir ki, oğlu öz əcəli ilə yox, əsgər yoldaşlarının əli ilə ölüb:

Orxan Alıyev
Orxan Alıyev
“Orxan qərargah növbətçisi idi. Hərbi hissədəki vəziyyətdən razı deyildi. Bir başqa qohumumuz da yaxın vaxtlarda hərbiyə getməlidir. Orxan deyirdi, çalışın Naftalana düşməsin, burda vəziyyət kritikdir. Əsgərlik çəkiləsi yer deyil. Hətta özü də neçə dəfə demişdi ki, hərbi hissəni dəyişin, burda qala bilmirəm.”

19 yaşını qeyd etmək üçün noyabrın 24-dən dekabrın 1-dək məzuniyyət götürən və evlərinə gələn Orxanın əllərinin yara-xoralı olması ailə üzvlərini narahat edib. Onu həkimə aparıblar. Ata:

“Orxan deyirdi Naftalanın suyuna “qara su” deyirlər. Əlində bir cızıq oldusa, suya dəydisə, o cızıq dərinləşib yaraya çevrilir, uzun müddət sağalmır. Həkimə apardıq, baxdı, dedi, qorxulu bir şey yoxdur, dərman yazdı. Məzuniyyət vaxtı Orxan bir neçə dəfə dedi ki, o hərbi hissəyə heç qayıtmaq istəmir. Başqa yerə keçirilməsini istəyirdi. Hərbi hissəyə qayıdandan 10 gün sonra öldürdülər.”

ÜRƏYİ XƏSTƏ İDİSƏ...

Ancaq Müdafiə Nazirliyi Orxan Əliyevin öldürülməsi versiyasının hazırda səsləndirilməsini düzgün hesab etmir və Hərbi prokurorluqda araşdırma aparıldığını bildirir. Nazirlik əsgərin yatıb bir daha ayılmadığını deyir. Onun ürək çatışmazlığından öldüyünü bildirir. Əsgərin ailə üzvləri razılaşmır:

“Hərbi hissə komandiri özü mənə zəng vurub təbrik edirdi ki, oğlun idman qaçışı üzrə birinci yerə çıxdı. Oğlumun ürəyində problem olsaydı, yarışa qatıla bilməzdi. Orxan əsgərliyə gedənə qədər üzgüçülüklə, qaçışla məşğul olmuşdu. Dənizin bu başından üzüb, o başından çıxırdı. Sağlam, gümrah gənc idi. Bircə narahatçılığı vardı – o da hərbi hissədəki özbaşınalıqdan idi. Bir də ki, ürəyi xəstə əsgəri hərbi hissədə niyə saxlayırdılar?”

Dedkabrın 11-də Naftalandakı "N" saylı hərbi hissəsində ölən əsgər - 19 yaşlı Orxan Alıyevin ölümündən 10 gün əvvəl hərbi xidmətdən məzuniyyətə evə gəldiyini deyən qardaşı Rövşən Alıyev bu ilin sonu Orxanın hərbi xidmətdə 1 ili tamam olacağını bildirdi. O qardaşının ölümündə bir çox uyğunsuzluqların olduğunu deyir.

BAŞÇISIZ TAĞIM...

Ata prokurorluqdan hərbi hissədəki durumu da araşdırmağı xahiş edir:

“Mənim oğlumun ölümündə hamı günahkardır. Hərbi hissənin komandirindən tutmuş sıravi əsgərinə kimi hamı... Bir bölükdə üç tağım komandiri olur. Orxangilin tağım komandiri yox idi. Özbaşınalıq idi. Hesab edirəm ki, mənim oğlum da bu özbaşınalığın güdazına getdi.”

Orxan Əliyevin ölümü ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır. Valideynlər Hərbi Prokurorluğa çağırılıb, izahatları alınıb. Onların şübhələri araşdırılır. Hərbi hissə əsgərləri də dindirilir. Prokurorluq bildirir ki, əsgərin ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Qurum ekspertizanın rəyini gözləyir. İstintaqın davamı həmin rəyə uyğun aparılacaq.
XS
SM
MD
LG