Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:56
-
Gəncədə ötən gün 9 yaşayış evinin barısı və ya yarımtikilisi uçurulub. Sözügedən evlər şəhərin Gülüstan qəsəbəsində yerləşən, hələlik ünvanı olmayan “akt 6” adlandırılan yaşayış ərazisindədir. Ərazidə 5 ildir yaşayan 4 uşaq atası Tural Abıyev deyir ki, istirahət günü özlərini təqdim etməyən adamlar evlərini sökməyə cəhd ediblər:

Tural Abıyev

Tural Abıyev

“DEYİR YOL KƏNARIDIR, SÖK!”

“5 ildir mən bu evi almışam. Şəhərdə evimi satıb, gəlib qanuni sənədlə, Gəncənin icra başçısının memarlıq şöbəsinin razılığı ilə ev tikmişəm. Deyir yol kənarıdır, sök. Deyirəm, bəs yol qırağında idisə niyə icazə verirdin ki, mən tikim? Deyir nə deyirsən de. 4 uşaqlı atasıyam. Mən yerli adamam, qaçqın deyiləm. Özbaşına girməmişəm axı...”

Ərazidə xeyli sayda yaşayış evləri də görünür. Bundan başqa hasara alınmış sahələr, hətta ticarət mərkəzi kimi ucalmış tikililər də az deyil. Sakinlər danışırlar ki, “akt 6” deyilən qəsəbədə 700-dən çox ev var, 4 minə yaxın sakin yaşayır.

Ev, torpaq sahibləri də gileylə sual edirlər ki, sənəd-sübutla alınmış torpaqlarına kim nə ixtiyarla saxta adı verə bilər?

Şikayətçi Nəcibə Məhərrəmova

Şikayətçi Nəcibə Məhərrəmova

Şikayətçi Nəcibə Məhərrəmova sənədlərin üstündə olan Ədliyyə Nazirliyinə məxsus möhürü göstərib deyir:

“ 2 gəlinim var, yola getmirlər. 3 banka borcum var, ödəyib tikəcəkdim. Ədliyyə nazirliyinin möhürü var. Necə saxta ola bilər axı sənədimiz?”

“KREDİTLƏRLƏ EV TİKMƏK İSTƏYİRDİK, DAĞITDILAR”

“Bu torpağım, bu da sənədlərim. Bu qədər xərc çəkmişəm. Gecənin yarısı gəlib evimi söküblər. Gəlsin mənim pullarımı versin. Barını çəksin. 2010-cu ildən almışıq. Qanuni sənədlərdir. Reystrdə qeydiyyatdan keçib, çıxarışlarımız var. Bura əvvəlcə Daşkəsənin Quşçu kəndinin olub. İndi də guya Gəncənindir. Kreditlərlə ev tikmək istəyirdik, dağıtdılar”.

Gəncə ərazisində indiyədək Göygöl, Daşkəsən, Samux və Goranboyun torpaqları mövcud olub. İlin əvvəlində verilən qərara əsasən sözügedən torpaq sahələri Gəncənin ərazisinə qatıldı. Beləliklə, Gəncənin ərazisi artaraq 17 min hektara çatdı. İndi sakinlər də düşünürlər ki, bu plana görə, onları evlərindən çıxarıb torpaq və evlərini özlərinə yenidən satmaq istəyirlər.

Sabir Rüstəmov adlı sakin deyir ki, bir neçə qonşudan öz mülkü qarşılığında pul tələb ediblər:

Gəncədə hasarı uçurulan həyət

Gəncədə hasarı uçurulan həyət

“QONŞULARIN BƏZİLƏRİNDƏN PUL TƏLƏB EDİRLƏR”

“Qonşuların bəzilərindən pul tələb edirlər. Yan evdəki qonşuya deyib ki, 12 min ver evini tik. Bir qonşudan 1000 manat istəyiblər”.

Sakinlər danışırlar ki, aidiyyatı qurumlara şikayət etdikdə onlara yolun genişləndirilməsi layihəsindən bəhs olunub. Elə evlərin sökülməsinə də bu səbəb göstərilib. Lakin yoldan 40- 45 metr kənarda tikilmiş evlərin də barısının uçurulması sakinlərdə bu layihə ilə bağlı şübhə doğurur.

Sakin Əvəz İmamverdiyev:

“Bizim evimiz yuxarıdadır, yol qırağı deyil. Üstü örtülü evimizi uçurublar. Yol çəkməyə görə edirlərsə bəs yuxarıda olan evlərlə nə işləri var?

Sakinlərin iddialarına görə, yaşayış yeri kimi aldıqları torpaq sahəsi həmin vaxt Daşkəsənin Quşçu kəndinə aid olub. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının müavini Cavanşir Qocayev də deyir ki, həmin dövrlər Gəncə ərazisində torpaqlar mövcud olub. Lakin artıq həmin torpaqlar Gəncənin balansındadır. Bu məsələyə qarışa bilməzlər:

“O MƏSƏLƏ İLƏ MƏŞĞUL OLMURUQ”

“Bütün Gəncə ərazisində olan torpaqlar Gəncənin balansına aidiyyatı üzrə qərarla verilib. O məsələ ilə məşğul olmuruq”.

Gəncə Şəhər İcra Hakimiyyətinin baş memarı Əli Rüstəmli

Gəncə Şəhər İcra Hakimiyyətinin baş memarı Əli Rüstəmli

Hazırda sakinlərə evlərini tərk etmələri göstərişini verən və sənədlərinin saxta olmasından bəhs edən Gəncə Şəhər İcra Hakimiyyətinin baş memarı Əli Rüstəmli deyir ki, evlərin sökülməsinin tək səbəbi yolun 25 metrədək genişləndirilməsidir:

“Torpaq əvvəldən də, indi də Gəncənin olub. O adamlar hamısı köçkündür. Onlara torpaq vermək olmaz. O ərazilər Gəncəyə verilib. Gəlsinlər xəritələrlə araşdıraq görək kim, kimə necə satıb? Orda qeydiyyatı olmayan adamlar var. O necə tikə bilər axı? Qeydiyyatda Bərdədə, Daşkəsəndədir, burda tikir. Gəncə sakini varsa, onu başqa yerdə yerləşdirəcəyik. Bakıdan gələn yol gəlib keçəcək Gülüstanın içindən Xanlara, yolun eni 35-40 metr olmalıdır”.

Sakinlərdən torpaq və evlərinə görə pul tələb edilməsi məsələsini Əli Rüstəmli təkzib edir. Əlavə edir ki, yaxın günlərdə komissiya təşkil ediləcək, torpağın xəritəsi araşdırılacaq və çıxış yolu tapılacaq.

​2 otaqlı bina evini satıb həyət tikdirən Tural Abiyev isə evlər sökülərsə 4 uşağı ilə hara sığınacağını bilmir...

Şərhləri göstər

XS
SM
MD
LG