Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:13

Xaçaturun ölümü (Seçmə hekayələrdən)


Vüsal Nuru
Vüsal Nuru
-

Xaçaturla dostluğumuz o vaxtdan - rus təmayüllü orta məktəbdən başlamışdı. Müharibə dövründə də bitmədi...


Axır həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur.


Vüsal Nuru


XAÇATURUN ÖLÜMÜ


- Xaçatur Ağasıyevlə bir sinifdə oxumuşduq. Bizə Raya Rubinovna dərs demişdi. O da erməniydi və bu günə qədər onun sözləri yadımdadır. O həmişə deyərdi:

"Millətlər bir-birinə düşmən ola bilməz. Düşmənçiliyi yaradan düşmən olan qüvvələr və prinsiplərdi".

Açığını deyim ki, o vaxtlar bu sözün fəlsəfəsini anlamırdım, mənim kimi sinif yoldaşlarım da Raya müəllimənin nəyə eyham vurduğunu bilmirdilər. O isə bu barədə həvəslə danışır, sonra yüzillik müharibə görmüş Fransa, İtaliya xalqlarının, İkinci Dünya Müharibəsində yəhudi-alman, alman-sovet xalqları və indi xatırlamadığım digər xalqları misal gətirib öz fəlsəfəsini bizə sübut edirdi. Biz də sadəcə dinləyir, səbirsizliklə tənəffüs zənginin çalınmasını gözləyirdik.

Raya müəllimənin bizim o vaxtlar dərk etmədiyimiz bir siyasəti də var idi. (Mən bunu indi anlayıram) Sinfimizdə bizimkilərdən başqa ruslar, ermənilər və yəhudilər də var idi. Raya müəllimə çalışırdı ki, bir millətdən olan uşaqlar yanaşı oturmasın. Əsl tolerant sinif idik. Eləcə də bir-birimizə qaynayıb qarışmışdıq.

Xaçaturla da dostluğumuz o vaxtdan - rus təmayüllü orta məktəbdən başlamışdı. Müharibə dövründə də bitmədi. Bitmədi, amma əvvəlki kimi küçədə qol-boyun gəzə bilmədik, kafedə oturub rahat-rahat yeyib-içmədik. Bir-iki dəfə Xaçaturu döymüşdülər. Əmisi gizlətsə də, əmisinin oğlanlarıyla yola getmirdi. Ordan da qaçdı. Anası Şer xalanı da işdən çıxartmışdılar. Ana-oğul başa düşürdülər ki, artıq Bakıda yaşaya bilməzlər və onlar da başqa erməni ailələri kimi doğulduqları, böyüdükləri, sevdikləri vətəni, doğma evlərini tərk etməlidilər.

Şer xala həmişə Yerevan ermənilərinə, xüsusən də "dövlət donuzları" dediyi adamlara söyər, qarğıyardı. Ev-eşiyindən didərgin düşməyinin səbəbini onlarda görərdi. Şer xalanın elə çox qohum-əqrabası da yox idi, bir qardaşı var idi: Stepan - o da Gürcüstanda yaşayırdı, Marneulidə. Qərara gəlmişdilər ki, onun yanına köçsünlür. Şer xala qonşuların köməyilə evini dəyər-dəyməzinə satdı. Evi alanlar elə həmin günün axşamı köçdülər. Lakin Şer xalagil Gürcüstana gedə bilmədilər. Sənədləşmə gecikdi deyə evin pulunu tam ala bilmədi. Evinə də qayıda bilməyən Şer xalanı qonşusu Nigar evinə çağırdı, işlər düzələnə qədər saxladı. Xaçatur hardasa başqa yerdə qalırdı. Məhəllədə görünmürdü, əlaqəmiz kəsilmişdi.

Nigar evin sənədləşməsiylə şəxsən özü məşğul olurdu ki, alış-veriş bitsin, Şer xala pulunu alıb rahatca getsin. Getdi də. Amma rahat yox, ürəyini, canını burda qoyub tək getdi. Xaçatur Azərbaycan vətəndaşı olduğu üçün ona hərbi çağırış gəlmişdi. O, əsgərliyini çəkməliydi. Xaçatur ortaya çıxdı. Çağırış vərəqəsini alıb, hamı kimi hərbi komissarlığa getdi.

Əsgərliyə çağrılmasına uşaq kimi sevinirdi. Azərbaycan vətəndaşı olduğunu, Azərbaycanı necə sevdiyini isbat etmək üçün ona meydan verilməsindən razı qalmışdı. Həmişə küçəni başıaşağı gedən Xaçatur, çağırışdan sonra məğrur-məğrur yeriyirdi. Hətta mənə elə gəlir o çalışırdı ki, məhəllənin uşaqları onu görsünlər, həmişə qarşısını kəsənlər, söz atanlar indi də onun qarşısına çıxsınlar və Xaçatur əsgərliyə çağrıldığını onlara desin. Əlacı olsaydı, çağırış vərəqəsini sinəsindən asardı.

Xaçatur milli ordunun formasını da fəxarətlə geyindi. Bizimkilər bayrağı bir dəfə öpəndə o iki dəfə öpdü. Həmişə sinəsini qabağa verdi, əmrlərə tabe oldu. Şücaət göstərdi, nə qədər sadiq olduğunu sübut etməyə çalışdı. Əvvəllər onu erməni olduğu üçün əsgərlər incitsələr də, zabitlər etibar etməsələr də, sonradan hər şey dəyişdi. Xaçaturun döyüşdə necə əzmkarlıq göstərdiyinə, necə döyüşdüyünə şahid oldular. Hətta bir neçə dəfə əks tərəfə keçib, əsir düşmüş əsgər yoldaşlarını sağ-salamat geri qaytarmışdı.

Şer xalanın Xaçaturdan xəbəri yox idi. Əlaqələri kəsilmişdi deyə oğlunun yaşadığını bilmirdi. O hesab edirdi ki, Xaçatur orduya gedən kimi onu didib-parçalayarlar, sağ buraxmazlar.

Şer xala oğlunu açıq-aşkar ağlaya bilmirdi. Dərdini, sərini atmışdı ürəyinə. Stepan Xaçaturu soruşanda demişdi ki, Rusiyadadı- işləməyə gedib. Hərdən Stepan Şer xalanın içinə çəkilib ağladığını, gözdən oğurlanıb özüylə danışdığını görürdü. Stepan elə hesab edirdi ki, Şer xala Bakı üçün, evi üçün darıxdığından, Marneuliyə öyrəşə bilmədiyindən ağlayır. Bir tərəfdən də arvadı Qenofiyanın Şer xalaya düşmən qadını kimi baxdığını, göz verib işıq vermədiyini görürdü. Lakin arvadının qorxusundan dilini tərpədə bilmirdi.

Bir dəfə Stepanın ad günü idi. O, dostlarını evə çağırmışdı. Kababdan yeyib, araqdan vururdular. Səsləri-küyləri evdən daşıb küçəyə yayılırdı. Stepanın müdiri rus idi - Vasili Antonoviç. O da gəlmişdi. Stepan Vasilini bacısıyla təmtəraqlı şəkildə tanış eləmişdi və Şer xala qardaşının məqsədini Vasili Antonoviçin ehtiraslı gözlərində görmüşdü. Odur ki, evdən çıxıb həyətdə oturmuşdu. Pəncərədən onlara nifrətlə baxırdı: Vasili Stepanı məcbur edirdi ki, Vaqo Çavçavadzeyə bir qapaz vursun. Vaqo yekəpər idi, əlləri də iriydi. Stepana bir qapaz vursaydın, gözləri qarşısındakı nimçəyə bir cüt qara zeytun kimi düşərdi. Lakin Vasilinin qorxusundan barmağını tərpətmədi, eləcə dartınırdı, başını qoruyurdu. Stepan ona qəfilləyib bir qapaz vurdu, qəhqəhə çəkib güldülər. Stepan ehtiyat edib yerindən durdu, Vasilinin sağında- Vaqoyla üz-üzə oturub onun üzünə həyasızcasına şinədi. Vasili Stepanı təriflədi, sərxoş öpüşlər bir-birinin yanağında marçıldadı.

Şer xala onlara nifrətlə baxırdı; elə hesab edirdi ki, onların ucbatından küçələrə düşüb, oğlunu itirib. İndi Azərbaycan Şer xalanın oğluydu. Ürəyi Azərbaycanda döyünürdü, ruhu burda pərvazlanırdı. Gecə-gündüz yalvarırdı ki, İsa Azərbaycan əsgərlərinə kömək olsun, onların arasında olan oğlunu düşmən gülləsindən qorusun.

Amma müharibə olan yerdə nə Allah, nə də İsa olur. Müharibənin allahı dövlət, əzrayılı mərmilər, İsası şansdı. Əzrayıl Xaçaturu İsadan tez tapdı: Xaçaturu Rusiyadan gəlmiş qadın snayper düz alnından vurmuşdu. Zabitlər şəhid olmuş əsgəri harda, necə dəfn edəcəklərini bilmirdilər. Ailəsinə də xəbər verilməliydi.

Stepanın ad günündən sonra Vasili bir neçə dəfə onlara gəlib getdi. Stepana elə gəlirdi ki, artıq bəxti onun üzünə gülümsəyir.

Bir dəfə Vasili bəhanəylə mətbəxə girdi. Şer xala Bakı qutabı bişirirdi. Soyuducunun üstündəki radioda Rəşid Behbudovun ifasında "Leyla" mahnısı səslənirdi. Şer xala o musiqinin sədaları altında Bakıya qayıtmışdı. Öz mətbəxindəydi. Bir azdan Xaçatur dərsdən gələcəkdi və mətbəxə girib yemək istəyəcəkdi. Şer xalanın yanağından gözünün yaşı mirvari dənəsi kimi diyirlənib düşürdü.

Vasili əlini onun çılpaq qoluna şəhvətlə sürtəndə Şer xala dik atıldı. Elə bildi onu donuz yaladı-çimcindi. Vasili onu səksəndirdiyi üçün üzr istədi. Özünü olduqca kübar göstərməyə çalışdı. Nəhayət əsl məqsədini açdı. Ona ərə gəlməsini istədi. Şer xala qətiyyətlə etiraz elədi. Bildirdi ki, o, azərbaycanlı qadınıdı, ərinin ruhuna xəyanət eləməz. Onun üçün Kamil ölməyib.

Vasili ölü bir azərbaycanlı kişisinə görə yerə vurulmasını mənliyinə sığışdıra bilmədi. Acığını Stepandan çıxdı; onu işdən it kimi qovdu. Stepanın işdən qovulmasına ən çox sevinən Vaqo oldu. Bir bəhanə tapıb Stepanı o qədər döydü ki, Stepan evə nəinki ağzı-burnu qan içində, hətta şalvarı yaş gəldi. O da bütün acığını Şer xaladan çıxdı; O, bacısını yox, əsir düşmüş azərbaycanlı qadını döyürdü. Bütün günahı onda görürdü. Bakıdan gəlib onun Marneulidəki həyatını, işini, dostlarını dağıtdığı üçün lənətləyirdi. Şer xalanı Stepanın əlindən qonşu arvadlar güclə aldı. Qenofiya yaxına da durmurdu. Hətta Şer xalanın döyülməsindən və qovulmasından məmnun idi. Ona düşmən qadını kimi baxırdı.

Həmin gün axşam poçtalyon Nigar xalanın məktubunu Şer xalaya çatdırdı. Şer xala Bakıdan gələn məktubu partizan xəbəri kimi gizlində oxudu. Məktubda yazılmışdı: "Ermənilər Xaçaturu öldürüb. Əsgərlər dəfn eləmək üçün səni gözləyirlər. Birtəhər Bakıya gəl. Başın sağ olsun, bacı. O bizim də əsgərimiz idi." Məktub Şer xalanın canını elə ağrıtdı ki, Stepanın yumruq-təpiyi yaddan çıxdı. Şer xala üzünü Yerevan əvəzinə Stepana tutub Azərbaycan dilində o qədər qarğıdı kı, qardaş nədi, bacı nədi unutdu. Ah naləsi yerə görə sığmırdı.

Həmin gecə Stepanın evindən çıxdı. Səhərəyaxın saat beşdə o tərəfdən qoyun gətirən azərbaycanlı çobanlar Şer xalanı da qaçaq yolla Zaqatalaya keçirtdilər. Zaqataladan Bakıyacan Şer xala hər şeyi mənə danışdı. (Onu gətirməyə mən getmişdim.) Ona yazığım gəlirdi. O gözəl-göyçək qadından yeriyən mumiya qalmışdı. Bilmirdim ona necə hörmət göstərim, necə qayğısına qalım. Axı mənim üçün yad deyildi. Həm də axı o təkcə köhnə dostumun anası yox, vətən üçün canını vermiş şəhidin anasıydı. Bir neçə dəfə məndən Xaçaturu soruşdu. Onun döyüşdə necə əsgər olduğunu bilmək istədi. Mən də eşitdiklərimi dedim. (Təəsüf ki, biz o vaxt bir səngərdə deyildik.)

Dəfnə Xaçaturun iki əmisi də gəlmişdi. Xaçatura şəhid adı verilmədi, bir Azərbaycan əsgəri kimi heç xiyabanda da dəfn olunmadı. Suraxanıda dəfn etdik. Amma əsgər yoldaşları gəlmişdi. Xaçaturdan elə şeylər dedilər ki, fərəhdən tüküm biz-biz durdu.

Şer xala bir daha Bakıdan ayrılmadı: Onun xahişi ilə bir gün səhərdən axşama qədər Bakını gəzdik. Mən hardan biləydim ki, o əslində Bakıyla vidalaşır. Yoxsa imkan verməzdim. Səhəri gün intihar elədi. Onu da Xaçaturun yanında dəfn elədik...

- Burda saxla zəhmət olmasa!

- Hə, çatmışıq, qardaş, bağışla ey, sənin də baş-qulağını apardım. Taksi sürücüləri bir az çənədən boş olur.

- Yox, yox. Çox sağ olun! - Mən əlil maşınından Yazıçılar Birliyinin qarşısında düşdüm. Elə təsirlənmişdim ki, yuxarı çıxmağa nə taqətim, nə də həvəsim varıydı. Yolu keçib bağa gəlmişəm. Yaxşı ki, noutbuku da götürmüşdüm, yazıb rahatlaşdım. İndi siqaret çəkə bilərəm.
XS
SM
MD
LG