Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:41

«Şahdəniz» layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalandı


Foto: Arxiv

Foto: Arxiv

-
Dekabrın 17-də Bakıda Heydər Əliyev Mərkəzində «Şahdəniz» layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalanıb.

AVROPAYA DÖRDÜNCÜ BÖYÜK QAZ DƏHLİZİ

«Yeni qaz xəbəri Avropaya enerji təchizatının şaxələndirilməsini gücləndirir, Böyük Britaniya və BP-nin Azərbaycanın gələcəyinə sadiqliyini göstərir», - Böyük Britaniyanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirir ki, «Şahdəniz-2» qaz sazişinə dair yekun sərmayə qərarının imzalanması Britaniyanın Azərbaycanda ən böyük xarici investor kimi mövqeyini möhkəmləndirir.

««Şahdəniz-2» sazişi Avropaya dördüncü böyük təbii qaz dəhlizinin açılması deməkdir və mühüm strateji əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, Cənub Dəhlizi kəməri Xəzər qazını Avropaya daşıyacaq.

«Cənub Dəhlizi» Avropanın rəqabətliliyinin artırılmasına mühüm rol oynayacaq. İstehlakçıları və sənayeni yeni qaz idxalı marşrutu ilə təchiz edəcək. Bu layihə çərçivəsində, həmçinin, minlərlə iş yeri də açılacaq. Bu layihədən çoxlu sayda Britaniya şirkətləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən 300-dən artıq Britaniya şirkəti qazanacaq».

İmzalanma mərasimində çıxış edən Böyük Britaniyanın xarici işlər naziri William Hague bildirib ki, «Şahdəniz 2»nin elanı Azərbaycan, Böyük Britaniya və Avropa üçün yaxşı xəbərdir.

AVROPA KOMİSSİYASI: «BU. ƏSL SIÇRAYIŞDIR»

Avropa Komissiyası «Şahdəniz-2» yatağından qaz çıxarılmasına dair yekun investisiya qərarını alqışlayıb. Bu qərar Avropanın 2019-cu ilin sonundan başlayaraq ildə 10 milyard kubmetr qaz alması deməkdir. Komissiya bildirir ki, bu günədək qəbul edilən bütün qərarlar – TAP kəmərinin seçilməsi də daxil olmaqla, – bu yekun qərardan asılı idi.

AB Komissiyasının prezidenti José Manuel Barroso deyib:

««Şahdəniz-2» Konsorsiumunun bugünkü qərarı daha güclü enerji təhlükəsizliyi olan Avropa üçün strateji qapının açılmasıdır. 2011-ci ilin yanvarında Prezident Əliyevlə imzaladığım Birgə Bəyannaməyə əsaslanan bu mühüm addım AB-nin Xəzər hövzəsinin qazına birbaşa çıxışını təmin edəcək. Bu, enerji təchizatımızın şaxələndirilməsi üçün mühüm addımdır, Avropa istehlakçıları və biznesinin xeyrinədir».

AB-nin Enerji Komissarı Günther Oettinger deyib:

««Cənub Qaz Dəhlizi»nin açılmasına dair bu qərar əsl sıçrayışdır. Gələcəkdə daha da genişlənərək, bu dəhliz uzun müddətə AB-nin qaz ehtiyaclarının 20 faizə qədərini ödəyə biləcək».

İNVESTİSİYA SAZİŞİ İMZALANDI

Dekabrın 17-də Bakıda Heydər Əliyev Mərkəzində “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalanıb.

Sənədi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrell imzalayıblar.

Mərasimdə çıxış edən prezident İlham Əliyev sənədin imzalanmasını tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, “Şahdəniz” yatağı “dünyada iri enerji layihəsidir”.

Mərasimdə Monteneqronun prezidenti, Albaniya, Bolqarıstan, Gürcüstan və Xorvatiyanın baş nazirləri, Böyük Britaniyanın XİN rəhbəri, Avropa Birliyi enerji məsələləri üzrə komissarı Günter Ottinger, İtaliya XİN rəhbərinin müavini, dünyanın aparıcı beynəlxalq energetika şirkətlərinin rəhbərləri iştirak edib.

“Mərhələ 2” layihəsi 25 mlrd. dollar həcmində dəyərləndirilir. Lakin reallaşma zamanı dəyəri 20% arta bilər.

Mərasim çərçivəsində “Cənubi qaz dəhlizi” barədə memorandum da imzalanıb.
Memorandumu Albaniya, Xorvatiya və Çernoqoriyanın iqtisadiyyat nazirləri, Azərbaycan tərəfindən isə energetika naziri Natiq Əliyev imzalayıb.

Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qərarını iyunun 28-də rəsmən açıqlayıb.

Uzunluğu 870 kilometr olacaq Transadriatik kəməri (TAP) Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dolları təşkil edir.

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları aşağıdakılardır: "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.
"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.

"Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri 25 milyard dollar qiymətləndirilir.
Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.

“Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Sazişin iştirakçıları:
BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO – 10%, Total – 10%, LUKoil – 10%, TPAO – 9%, SOCAR – 10%.

“Mərhələ 2” çərçivəsində hasil ediləcək qaz Türkiyə (6 mlrd. kub) və Avropa (10 mlrd. kub) ixrac olunacaq.

AVROPAYA YENİ DƏHLİZ

BP şirkəti yaydığı pres-relizdə bildirir ki, Şahdəniz konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağının Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını elan etdi.

Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.

Şahdəniz layihəsi özündə bir sıra elementləri birləşdirir – dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisi nəzərdə tutulur.

Şahdəniz Mərhələ 2 və CQBK-nin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. Nəhəng Şahdəniz yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3 500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək.

İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

HASİLAT İLDƏ 1,4 MİLYARD KUBMETR ARTACAQ

Şahdəniz yatağından kondensat hasilatının hazırki gündə təxminən 55 000 barel səviyyədən artaraq gündə 120 000 barelə çatacağı gözlənilir.

Daha yaxın zaman üçün isə Şahdəniz tərəfdaşları mövcud qurğular vasitəsilə hasilatın ildə 1,4 milyard kubmetr artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırıblar. Hasilatın bu artımı artıq aparılır və 2014-cü ilin sonunadək başa çatacağı gözlənilir.

ARDNŞ və Şahdəniz tərəfdaşları həmçinin Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar. Şahdəniz tərəfdaşları HPBS sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa gəliblər.

Şahdəniz Mərhələ 2 üzrə yekun investisiya qərarının rəsmi imzalanması mərasimi bu gün Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilİB. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Cənub Dəhlizi boyunca yerləşən dövlətlərin rəhbərləri və eləcə də Avropa Komissiyasından və digər ölkələrdən olan rəsmi şəxslər iştirak ediblər.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib: “Bu, həqiqətən də Azərbaycan üçün tarixi bir gündür. İlk dəfədir ki, bizim ölkəmiz və bu region bu miqyasda bir layihəyə qədəm qoyur. Bu layihə bizim və regionun gələcəyinə yol açır. Bu, bizə imkan verir ki, ilk növbədə, xalqımızın mənafeyi üçün Azərbaycanın nəhəng qaz ehtiyatlarının istismarına başlayaq. İkincisi, bu layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirir və beləliklə də bizim uzun illərdən bəri olan arzumuzu gerçəkləşdirir. Üçüncüsü isə, Xəzər regionu ilə Avropa bazarlarını birbaşa bağlamaqla o, Xəzər dənizindən Avropanın mərkəzinə qədər yerləşən ölkələrə mənfəətlər gətirir.”

BÜTÖV REGİONUN ENERJİ XƏRİTƏSİ DƏYİŞƏCƏK

Şahdəniz Mərhələ 2 və CQBK-nin genişləndirilməsi layihələrinin operatoru olan BP-nin baş icraçı direktoru Bob Dadli deyib: “Çox az sayda layihə bütöv bir regionun enerji xəritəsini dəyişə bilər. Şahdəniz Mərhələ 2 və Cənub Dəhlizi boru kəmərləri yalnız enerji xəritəsini dəyişməyəcək, həm də Avropadakı qaz alıcılarına ilk dəfə olaraq Azərbaycanın qaz ehtiyatlarına birbaşa çıxış imkanı verəcək. Bugünkü yekun investisiya qərarı çoxsaylı şirkətlər və ölkələr arasında illərlə davam edən əməkdaşlıq olmadan baş tuta bilməzdi.

Mən BP şirkətinin bu tarixi anın bir hissəsi olmasından qürur hissi duyuram və bunun mümkün olması üçün bu qədər insanların səylərinə görə öz minnətdarlığımı bildirirəm. Bu layihə indiyə qədər Azərbaycana yatırılmış ən böyük xarici investisiya olmaqla Azərbaycan, Gürcüstan, Türkiyə və Avropada boru kəmərlərinin marşrutu boyunca on minlərlə yeni iş yerləri açacaq.

Mən xüsusilə də ondan məmnunluq duyuram ki, biz Şahdəniz hasilatın pay bölgüsü sazişinin müddətinin 2048-ci ilə qədər uzadılması üçün şərtləri razılaşdırmışıq. Bu, BP şirkətinə və bizim tərəfdaşlarımıza imkan verir ki, Şahdəniz layihəsinin gələcək mərhələlərinin qiymətləndirilməsində Azərbaycanla tərəfdaşlıqda işləyək. 2007-ci ildə BP tərəfindən Şahdənizin dərin hissəsində yeni ehtiyatların aşkar edilməsi göstərir ki, bu ərazidə Mərhələ 2-dən sonra da potensial mövcuddur.”

Bugünkü qərar o deməkdir ki, doqquz Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri indi artıq qüvvəyə minəcək. Nəticədə, Şahdəniz qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənilir. Bundan başqa, Şahdəniz Mərhələ 2-dən hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər Şahdəniz tərəfdaşlarının təsis etdiyi Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən ARDNŞ-nin əməliyyatçılığı ilə idarə olunacaq.

ŞAHDƏNİZ LAYİHƏSİ BARƏDƏ

Şahdəniz Mərhələ 2 işlənməsi və Cənub Dəhlizi boru kəməri layihələri birlikdə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən biridir.

Şahdəniz yatağı 1999-cu ildə kəşf olunub. Azərbaycan 2006-cı ildən etibarən Şahdənizin Mərhələ 1 işlənməsindən Gürcüstan və Türkiyəyə qaz ixrac edir.

Yekun investisiya qərarı ilə təsadüf edərək, ARDNŞ Statoyl şirkətindən Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərində 6,7% iştirak payı, BP isə Statoyl şirkətindən Şahdəniz və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Hər iki əməliyyat 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.
------
Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirilir.

APA-nın xəbərinə görə, mərasim Azərbaycan prezidenti İlham Əliyevin çıxışı ilə başlayıb. O, bu günü Azərbaycan tarixində tarixi bir gün adlandırıb. Dövlət başçısı “Şahdəniz” layihəsinin dünyanın ən iri enerji layihələrindən biri olduğunu vurğulayıb.

Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qərarını iyunun 28-də rəsmən açıqlayıb. “Şahdəniz” konsorsiumu son iki il ərzində Avropaya təbii qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dolları təşkil edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG