Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:46
-
Dekabrın 17-də prezident İlham Əliyev Böyük Britaniyanın xarici işlər naziri William Hague-ni qəbul edib.

Görüşdə dünyanın ən böyük enerji layihələrindən biri olan "Şahdəniz-2"nin Avropada və regionda əməkdaşlığın gücləndirilməsi baxımından önəmi qeyd edilib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi də aparılıb.

Görüş zamanı 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyinə və 2012-ci il London Olimpiadası ilə bağlı təcrübə nəzərə alınmaqla yarışların təşkilində əməkdaşlığa toxunulub.

Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
----
Britaniya mətbuatı da xarici əlaqələr nazirinin səfərinə tənqidlərə yer ayırıb. The İndependent onun tənqid atəşinə tutulduğunu qeyd edir.

“Tənqidçilər bu sazişin diktator lider İlham Əliyevə gəlir gətirəcəyini deyirlər. Oktyabrdakı seçkidən bir gün əvvəl təsadüfən onun yekdil qələbəsini göstərən nəticələr yayılıb” - qəzet yazır.

Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanda insan hüquqları sarıdan narahatlığı etiraf edib və yaydığı bəyanatda bildirib:

“Azərbaycanla güclü və geniş miqyaslı ikitərəfli münasibətimiz var. Mütəmadi olaraq digər mövzularla yanaşı insan haqlarını da müzakirə edirik”.

----
“Böyük Britaniyanın xarici əlaqələr naziri Bakıya səfərində insan haqları məsələsini qaldırmalıdır”. Amnesty İnternational hüquq-müdafiə təşkilatı belə bir bəyanatla çıxış edib.

“Azərbaycanda insan haqlarının durumu çox qorxuludur və hazırda ölkədə ifadə azadlığına xüsusilə aqressiv hücum var,” Amnesty İnternational hüquq-müdafiə təşkilatının Böyük Britaniyadakı Siyasət və Hökumət məsələləri üzrə rəhbəri Allan Hogarth belə deyib.

“Azərbaycana gedən William Hague əminlik yaratmalıdır ki, stol üstündəki saziş qaz və gəlirlə məhdudlaşmır. O, insan haqlarına təminat istəməlidir. Hague hakimiyyəti vicdan məhbuslarının buraxılmasına çağırmalıdır”.

William Hague artıq Bakıdadır. O, dekabrın 17-də Bakıda Şah Dəniz-2 layihəsinin təsdiqlənməsi mərasiminə qatılıb.


-------
Bu səfər ziddiyyətli prezident seçkisindən sonraya təsadüf edir

Böyük Britaniyanın xarici əlaqələr naziri William Hague çərşənbə axşamı Bakıya gəlir. O, İlham Əliyevin yenidən prezident postunda oturmasından sonra Azərbaycana səfər edən ilk avropalı siyasətçilərdəndir. Beynəlxalq ictimaiyyət Əliyevin təkrar seçilməsini pisləyib. Hague Bakıda, Azərbaycandan Avropaya iki trilyon kubmetr qaz nəql edəcək kəmər sazişinin imzalanması mərasiminə qatılacaq.

Londonda yerləşən Platforma təşkilatı bu səfəri qınayan bəyanat yayıb.

QAZIN HAKİMİYYƏTDƏ ROLU

Bakıda Trans-Adriaktik Kəmərinə (TAP) dair saziş imzalanacaq. BP-nin rəhbərlik etdiyi Şah Dəniz konsorsiumu artıq investisiya razılaşmasını tamamlamaq üzrədir. Bu, Avro-Xəzər Meqa Kəmərinin əsas hissəsidir. Bu kəmər Azərbaycan sahilindən İtaliyanın cənubuna ildə 16 milyard kubmetr quruda çıxarılan qaz daşıyacaq. Nəhəng kəmər şəbəkəsi altı ölkədən keçəcək və Adriatik dənizinin dibindən çəkiləcək. 2009-cu ildə Azərbaycanın neft istehsalı gündə 800.000 barel pik həddinə çatıb, indi isə 660.000 barelə düşüb. Yəni qaz Əliyev hakimiyyətinin saxlanmasında mühüm rol oynayacaq.

Bakıda keçiriləcək mərasim azı 35 il ərzində Avropanı Azərbaycan qazının əsas alıcısına çevirəcək. Kəmər infrastrukturu isə hətta Azərbaycanın qaz yataqları boşalandan sonra belə istifadə oluna bilər. Türkmənistan qazını Xəzərin dibiylə Avropaya daşıyacaq TransXəzər kəməri Avropa Enerji Layihələri siyahısındadır. Bu layihələrdən 5.85 milyard funt-sterlinq gəlir əldə olunacağı gözlənir.

2 SİYASİ MƏHBUS PREZİDENT NAMİZƏD OLACAQDI

Azərbaycanda nəticələri tənqid olunan prezident seçkisindən sonra Hague-in səfəri tənqid olunur. Seçkidən bir gün əvvəl hökumətin nəticələri göstərən telefon app-sinin yayılması səsverməni komediyaya çevirdi. Bundan başqa, qutulara bülletenlərin topayla atılması, karuseli göstərən videolar yayıldı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçkidə geniş miqyaslı pozuntular aşkarladı və seçkinin beynəlxalq standartlara uyğun gəlmədiyini bildirdi.

Hələ seçkiyə on səkkiz ay qalmış Azərbaycan hakimiyyəti Human Rights Watch-un dediyi kimi, “narazıları susdurmaq üçün məqsədyönlü strategiya” həyata keçirdi. Hazırda ölkədə 142 siyasi məhbus var, ikisinin prezidentliyə namizəd olacağı gözlənirdi. Bu məhbusların həbsə atılması üçün hakimiyyət saxta ittihamlardan yararlanıb – narkotik maddələr və silah saxlanması, eləcə də xuliqanlıq ittihamlarından.

AVROPADAKI FƏALLAR DA TAP-A QARŞIDIR

Azərbaycanlı fəallar William Hague-ə tvitlər göndərərək onu enerji sazişlərini insan haqlarından üstün tutmamağa çağırıb. Keçmiş siyasi məhbus və yazar Emin Milli yazıb: “Keçmiş vicdan məhbusu kimi maraqlanıram ki, Əliyevlə @presidentaz ancaq neft/qaz sazişlərindən danışacaqsınız? Mən daha çox şey gözləyirəm”. Böyük Britaniya və azərbaycanlı fəallar və jurnalistlər William Hague-ə məktub göndərərək onu TAP-ın imzalanma mərasiminə qatılmamağa, əvəzində Azərbaycanın mülki cəmiyyət üzvləri ilə görüşməyə çağırıb.

Aidiyyatı icmalar və insan haqları və ətraf mühit qurumlarının beynəlxalq koalisiyası Avro-Xəzər Meqa Kəmərinə qarşı çıxır. Bu infrastruktur Avropanı azı 30 il ərzində Avropanı mədən yanacağından asılı edəcək və 2048-ci ilədək atmosferə bir milyard tondan çox karbon qazı buraxılacaq. Eləcə də marşrut ətrafında hərbləşdirilmiş zonalar yaradılacaq. Ötən həftə İtaliya parlamentində 5 Ulduz Hərəkatı kəmərin ratifikasiyasını ertələnməsinə çalışması qarışıqlıq yaradıb. Hərəkat kəmərin iqtisadiyyata və cənubi Pugliya regionunun ətraf mühitinə ziyan vuracağını bildirib.

DİKTATURA İLƏ SAZİŞ BAĞLAMAQ

Platformanın Londondakı təmsilçisi Emma Hughes: “Hague-in səfəri Azərbaycanda daha bir qeyri-demokratik seçkidən dərhal sonraya təsadüf edir. Bu korrupsiyaya uğramış diktatura ilə enerji sazişləri bağlamaq Böyük Britaniya qaz uğrunda mübarizəsinin Azərbaycanda demokratiya fəallarının siyasi repressiyasına ciddi töhfə vermək deməkdir”.

Bakıda İnsan Hüquqları Klubundan Rəsul Cəfərov: “Hague-in səfərinin neft və qazı hədəflədiyini bilirik, ancaq ümid edirik ki, o, Əliyevlə görüşdə siyasi məhbuslar məsələsini də qaldıracaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG