Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:15

Qayalara dırmanmaqda inhisar söhbəti


Alpinistlər Qusarın Ləzə kəndinə gəlsələr də, yarış baş tutmayıb.
Alpinistlər Qusarın Ləzə kəndinə gəlsələr də, yarış baş tutmayıb.
-
Dekabrın 14-də Alpinizm Federasiyasının komandası draytulinq – qayalara dırmanma üzrə kubok yarışı keçirmək üçün Qusarın Ləzə kəndinə gəlsə də, yarış baş tutmayıb. Federasiyadan verilən məlumata görə, buna gənclər və idman, eləcə də ekologiya və təbii sərvətlər nazirliklərinin əməkdaşları imkan verməyiblər – onlar yarış başlar-başlanmaz, qaya marşrutu üzrə ipləri kəsiblər.

«FEDERASİYANIN YARIŞINI RAZILAŞDIRMAMALIYIQ»

Alpinizm Federasiyasının yarışa qatılan üzvlərindən Emin Məmmədlinin sözlərinə görə, öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, daha sonra Gənclər və İdman Nazirliyinin əməkdaşları gəliblər:

«Dedilər, icazəniz yoxdur. Soruşduq nəyə görə, dedilər Gənclər və İdman Nazirliyi ilə razılaşdırmalıydınız. Respublika yox, federasiyanın yarışıdırsa, biz bunu razılaşdırmamalıyıq. Biz yarışlarımızı hər həftə keçirə bilərik».

Qusardan qayıdan idmançılar kubok yarışını Bakıda – bağlı məkanda keçirməyə məcbur qalıblar.

Həmin gün – dekabrın 14-də Bakıda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) elə bu növ üzrə respublika çempionatı keçirib. Federasiyanın məlumatına görə, çempionat uğurla başa çatıb.

FAIREX YARIŞ KEÇİRİB, ALPİNİZM FEDERASİYASI YOX?

Bəs nədən FAIREX-ə yarışı keçirməyə imkan verilib, Alpinizm Federasiyasına yox? Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur. Alpinizm Federasiyasından bildirirlər ki, FAIREX yaranandan bəri Alpinizm Federasiyası müəyyən problemlərlə üzləşib.
Alpinizm Federasiyası mətbuat xidmətinin rəhbəri Gülzar Mustafayeva deyir ki, söhbət federasiyadaxili yarışdan gedir:

«FAIREX-in rəhbəri alpinizmi inhisara almaq istəyir və buna nail olmaq üçün müəyyən yollara əl atır».

Gülzar Mustafayevanın sözlərinə görə, Alpinizm Federasiyası hər il Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun yarışlara qatılır:

«O təqvimdə hər federasiyanın keçirdiyi yarışlar üçün yer və vəsait ayrılır. Alpinizm Federasiyası həmin təqvimdə nəzərdə tutulur.
Səmayə Məmmədova
Səmayə Məmmədova
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə azından 6-7 tədbir keçirilir. Bu il boyunca təqvimlə əlaqəli keçirilən tədbirləri İdman Nazirliyi dəstəkləmədi».

FAIREX İNHİSAR YARADIR?

Alpinizm Federasiyasında deyirlər ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası hər şeyi öz əlinə alıb inhisar yaratmaq istəyir. Gənclər və İdman Nazirliyi bu fikrə münasibət bildirmir
.
Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova alpinistlərə əngəl törədilmədiyini söyləyir. O deyir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası draytulinq yarışını keçirmək üçün onlara rəsmi məktubla üz tutub. Nazirlik müraciətə baxaraq müsbət cavab verib. Alpinizm Federasiyasındansa belə müraciət almayıblar:

«Qayda var ki, hər dağa dırmanmaq olmaz. Dağlar müəyyən alətlərlə deşilir və s. Müəyyən işlər var ki, o işlərə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Ona görə də ayrıca ərazilər müəyyənləşdirilir ki, bu əraziyə çıxmaq olar, bu əraziyə yox. Alpinizm Federasiyası bunu özbaşına edib. Bizim nazirlik onlara mane olmayıb. Sadəcə, onlar bizdən icazə almadan yarış keçirmək istəyiblər».

«BUNUN EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNƏ AİDİYYƏTİ YOXDUR»

Səmayə Məmmədova deyir ki, onlar bütün federasiyalara eyni şərait yaradır, kimə və nəyə görəsə güzəştə getmirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da idmançılara mane olmadıqlarını söyləyir:
Foto: Arxiv. Draytulinq
Foto: Arxiv. Draytulinq

«Bunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə heç bir aidiyyəti yoxdur. Sadəcə, bu hadisədən ona görə xəbərimiz oldu ki, bizim ərazi ekologiya idarəmizə bələdiyyədən məktub gəlmişdi. Məktubda deyilir ki, 20-25 nəfər adam gəlib, qayaları deşərək burada nəsə keçirmək istəyirlər. Məktub da bizə gec gəldiyindən nazirliyin əməkdaşları gedib orada vaxtında araşdırma aparmayıblar. Həmin əməkdaşlar barədə cəza tədbiri görəcəyik ki, niyə gedib vaxtında məktubu araşdırmayıblar».

İradə İbrahimova inhisar yaratmaqla bağlı ekologiya və təbii sərvətlər naziri haqqında deyilənlərə də toxundu:

«Bu situasiyanın nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Hüseyn müəllimə heç bir aidiyyəti yoxdur, nə olsun ki, oranın prezidentidir. Bu, qara piar kampaniyasıdır. Birinci dəfə deyil, neçə dəfə olub. Bunlar yaramaz və çirkin oyunlar aparırlar. Bu, şər-böhtan atmaqdır».

ALPİNİST: «ELƏ BİR ÖLKƏ YOXDUR Kİ, BUNA İCAZƏ VERİLMƏSİN»

Alpinist Emin Məmmədli deyir ki, onlar qayaları parçalamaq yox, yarış keçirmək istəyiblər:

«Bu, absurddur. Təhlükəsizliyi sığortalamaqdan ötrü qayaya boltlar bağlanır. İdmançı qalxanda, gərək başına daş düşməsin. Dünyada elə bir ölkə yoxdur ki, buna icazə verilməsin. Bu idman növü də elə qayalara çıxmaqdan ibarətdir».

Beləliklə, həm Alpinizm Federasiyası, həm də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası qalmaqallı yarış keçirib. Gənclər və İdman Nazirliyindən deyirlər ki, onlara müraciət edən federasiyanın yarışını tanıyacaqlar.
XS
SM
MD
LG