Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19
-
Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı təqsirləndirilən 10 nəfər barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dekabrın 11-də Sumqayıtda ektremist təmayüllü «Xəvarici»lərlə «Sələfi» təriqətinə mənsub bir qrup şəxs arasında silahlı münaqişə baş verib. 4 nəfər bıçaq xəsarətləri və qəlpə yaraları alıb.

DİN saxlananların evindən silah, dini ədəbiyyat və disk aşkarlandığını bildirib.

Təqsirləndirilən şəxslərdən Kənan Mehrəliyevin 24 yaşı var. 2 aylıq körpə atasıdır. Vəkili Fariz Namazlı AzadlıqRadiosuna müsahibəsində ona irəli sürülən ittiham barədə fikirlərini bölüşüb:

– Müdafiə etdiyim Kənan Mehrəliyev hadisə yerinə getdiyini, ancaq orada dalaşmadığını, hər hansı silahdan istifadə etmədiyini bildirib. O, atışma səsləri eşidərək qorxub evə qayıdıb. Şənbə günü onu polis idarəsinə çağırıblar. Könüllü gedib və saxlanıb, bazar günü şübhəli şəxs qismində həbs olunub. Şənbə günü axşam onu yaşadığı evə aparıblar. Evdə heç kim olmayıb. Evdən qumbara, güllələr və dini ədəbiyyat tapılıb. Təqsirləndirilən şəxs bunu inkar edir və axtarışa gedən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qoyulduğunu söyləyir. Qanunsuz silah saxlama, yaxud dini ədəbiyyatla bağlı Kənana hələ ki, ittiham irəli sürülməyib. Çünki dini ədəbiyyatla bağlı gərək ekspertiza təşkil olunsun, çaxnaşma yarada biləcək hər hansı ifadə yoxdursa, yəqin onunla bağlı ittiham olmayacaq. Ancaq düşünürəm ki, silaha görə 228-ci maddəylə ittiham veriləcək. Evindən silah və dini ədəbiyyat tapmaqla, məncə, hüquq-mühafizə bəzi dini qrupları radikal kimi qələmə verməyə çalışır. Bu səbəbdən demək olar hamısında silah və ədəbiyyat aşkarlanıb.

Saxlananların hamısına eyni ittiham verilib?

– Hələlik baş vermiş hadisəyə görə, 221.3 və 228.1-ci maddələr üzrə cinayət işi açılıb.. Mənim müdafiə etdiyim şəxsə 221.3-cü maddə irəli sürülüb. 228.1-ci maddə ilə hələ ki, əlavə ittiham irəli sürülməyib.

İttihamları siyasi saymaq olarmı?

– Atışma həqiqətən olub, bunu inkar etmək olmaz. Hadisənin şəxslərin boynuna qoyulduğunu iddia etmək olmaz. Sadəcə, ola bilər müəyyən şəxslərin tutulmasında maraqlı olsunlar. Daha çox insanın saxlanmasında maraqlı ola bilərlər. Tutaq ki, hadisəni 10 nəfər törədib, ancaq 20-30 nəfər həbs olunur, ittiham verilir. O istiqamətə yönəldirlər ki, guya radikal qruplardır, Suriyaya cihad ordusu göndərmək istəyirlər və sairə. Bəzi şəxslərə qarşı siyasi məsələ ola bilər.

Suriyaya döyüşçü göndərmək versiyası nə dərəcədə ağlabatan görünür?

– Suriya məsələsi, mütəşəkkil dəstə kimi fəaliyyət göstərmək versiyaları həqiqi olmaya bilər. Təbii ki, dini qruplar həmişə toplaşıb dini məsələni müzakirə edirlər. O demək deyil ki, mütəşəkkil dəstə, yaxud dini ekstremist təmayüllü qruplaşmadır. Qrup şəklində fəaliyyət göstərmək qanunsuz deyil. Sadəcə hüquq-mühafizə orqanları onları radikal qruplar kimi təqdim etmək istəyirlər.

Məqsəd nədir?

– Sübut etməyə çalışırlar ki, hər hansı qruplaşmanın əleyhinəyik. Dini qruplardan ehtiyat edirlər. Əvvəllər də dini qrup üzvlərinə müxtəlif ittihamlar verilib. Son hadisə isə bir fürsətə çevrilib. İnsanların dini qruplara qoşulmaması üçün onların bir növ gözünü qorxutmaq istəyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG