Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:36

«Piyadaları həm işgəncə, həm də cərimə hədəfinə çeviriblər»


Bakı
Bakı
-
“Yəqin ki, son aylar Bakı yollarında keçidlərin ətrafında baş verən yeni manqurtlaşdırma prosesindən xəbəriniz var. Bu yaxınlarda məni də cərmələdilər. 4-5 məhəllə üzüaşağı düşüb keçiddən keçib həmin məsafəni geri qayıtmaq işgəncəsini yaşamaq isyəmədiyimə görə 20 manat cərimələndim”.

BƏZİ KÜÇƏLƏRDƏ PİYADA XƏTLƏRİNƏ EHTİYAC VAR

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Bakı sakini Ceyhun Vəliyev deyir. Onun sözlərinə görə, şəhərin bəzi mərkəzi küçələrində piyada xətlərinə zərurət var. Ancaq həmin nöqtələrdə bu xətləri çəkmək əvəzinə yol polisləri pul yığmaqla məşğul olurlar:

“Bül-bül prospekti ilə Füzuli küçəsinin kəsişməsində keçid var. Forma və hərəkət tipinə görə Bül-bül prospektini kəsən küçələr, eləcə də Rəşid Behbudov prospektini kəsir. Rəşid Behbudov prospektində hər kvartalda piyada xətləri var. Ancaq Xareoqrafiya institutundan üzüaşağı Bül-Bül prospektini keçmək üçün bircə yerdə də piyada xətti yoxdur. Yol polisləri bu ərazidən cərimə mənbəyi kimi istifadə edirlər.

Piyada xətləri olmayan bu yerlərdən 3-4 məhəllə aşağıda - Bül-Bül prospektində keçid olduğunu bildirən işarə də qoyulmayıb. Nəzərə alsaq ki, Bakı enişli- yoxuşlu yollarla “zəngindir”, belə çıxır ki, Xareoqrafiya institunun yanında yaşayan və bazardan əlidolu gələn piyada 3-4 məhəllə enib keçidə düşməli, əks istiqamətə keçib həmin məsafəni əliyüklü üzüyuxarı geri qayıtmalıdır. Halbuki problemi həmin ərazidə bir-iki yerdə piyada xətləri çəkməklə həll etmək mümkündür ki, piyadalar əziyyət çəkməsin”.

YARIMÇIQ PROTOKOL

Şikayətçi deyir, piyadaların cərimələnməsi ilə bağlı tərtib olunan protokol da yarımçıqdır:

“Məni cərimələyəndə protokolu nəzərdən keçirtdim və şikayətimi yazmaq istədim. Baxmayaraq ki, həmin protokol inzibati xəta haqqındadır, cərimələnən piyadanın şikayəti və qeyd yeri protokolda yoxdur. Əvvəllər var idi, indi yoxdur”.

Şikayətçi deyir, Bakıda yollardakı asfalt üzlükləri dəyişdirildikcə, “zebra” deyilən piyada xətləri də yoxa çıxmaqdadır. Halbuki, bütün hallarda avtomobil yollarında üstünlük piyadada olmalıdır.

Bakı Yol Polisindən deyirlər ki, keçidlərin yaxınlığında xidmətdə olan yol polisinin vəzifəsi yol qaydalarını pozan piyadanı cərimələməkdir. Piyada keçidi məsələsinə isə “Azəryolservis” baxır.

“KİFAYƏT QƏDƏR PİYADA KEÇİDİ VAR”

“Azəryolservis” ASC hesab edir ki, Bül-bül prospektində və ətraf küçələrdə kifayət qədər yeraltı keçidlər tikildiyinə görə əksər küçələrdəki “zebra” piyada xətləri ləğv edilib. Bu məsələyə dəfələrlə münasibət bildirən “Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin fikri belədir:

“Şəhərin mərkəzində kifayət qədər piyada keçidləri var. Son illər Bakıda 60-a yaxın yeraltı və yerüstü piyada keçidi tikilib istifadəyə verilib, 10-a yaxın keçid əsaslı təmir olunub. Adamlar özləri keçidlərdən istifadə etməyə maraqlı deyillər. Keçidə enib-düşməkdənsə yolun hərəkət hissəsindən istifadə etməyə üstünlük verirlər”.
XS
SM
MD
LG