Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:17

Ramiz Rövşənin ilk dəfə çap olunan şeiri


Ramiz Rövşən
Ramiz Rövşən
-

Ay bu yükün yiyəsi

Gör bir nə tez xərclədim günləri manat kimi,
Əvəzində nə aldım –
heç xəbərim olmadı.
Çox yerdə başa keçdim hörmətli qonaq kimi,
Amma ayaq qoymağa
heç öz yerim olmadı.

Dünyada hərə bir cür qocalmağa başlayır;
Başdanmı qocalan çox, ayaqdanmı?
Kim bilir.
Hansı pisdi –
yerişi, yoxsa ağlı itirmək?
Axsaqdanmı soruşaq, axmaqdanmı?
Kim bilir.

Mən nəsə ayağımdan qocalmağa başladım,
Ağıllı başım çətin köməyimə yetişə.
Ayağımın ucundan başlayan şiş yeriyib
Yavaş-yavaş haçansa ürəyimə yetişər.

Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq,
Ayaqlarım zay olub lap sıradan çıxsa da.
Çox dostlarla günbəgün aram soyuyur, –
ancaq
Mən aradan çıxmaram, kim aradan çıxsa da.

Bir vaxt iri köpəklər hürərdilər üstümə,
İndi xırda küçüklər hürüşür addımbaşı.
Hürməkdə o köpəklər
yaman ustaydı, usta,
Bu küçüklər hələ ki,
bir az naşıdı, naşı.

İt hürər, karvan keçər...
Yox, mən karvan deyiləm,
Mən – karvanı talanmış
tənha, yorğun bir dəvə.
Dörd tərəfi bürüyən toz-dumanın içində
Baş götürüb gedirəm
ağlım kəsən tərəfə.

Yük altında göynəyir kürəyimin qabarı,
Yük altında təngiyir hər addımda nəfəsim.
Nə atmağa qıyıram,
nə gücüm var – aparım,
Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!..


"Mediaforum"


“Ay bu yükün yiyəsi” 2008-ci ildə yazılıb. İlk dəfə çap olunur. 2013-cü ilin dekabrında bu şeirin işıq üzü görməsinə “Media forum” saytının şair Ramiz Rövşənə müraciəti səbəb olub. “Media forum”un müraciəti şairin ad günü ilə bağlıdır.

Dekabrın 15-i Azərbaycanın böyük şairi Ramiz Rövşənin 67 yaşı tamam olur. 1946-cı ildə Bakının Əmircan kəndində doğulan Ramiz Rövşən Bakı Dövlət Universitetinin filologiya fakültəsini və Moskva Kinematoqrafiya İnstitutunun ali ssenari kursunu bitirib.

“Bir yağışlı nəğmə” (1970-ci il), “Göy üzü daş saxlamaz” (1987-ci il), “Kəpənək qanadları” (1999-cu il), “Nəfəs - kitablar kitabı” (2006-cı il) kitablarının müəllifidir.

Ramiz Rövşən ədəbi aləmdə həm də bir sıra hekayələrin və məşhur “Daş” povestinin müəllifi kimi tanınır. Uzun illər kinostudiyada çalışan şairin ssenariləri əsasında bir neçə film, o cümlədən “Babamın babasının babası”, “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Özgə vaxt” (Hüseyn Mehdiyevlə birgə) bədii filmləri çəkilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG