Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:02

Çingiz Abdullayev: «Yanukovych bu vəziyyətdən çıxacaq»


Çingiz Abdullayev
Çingiz Abdullayev
-
«Kiyev Gömrük ittifaqına qoşulsa, onda yeni bir SSRİ yaranacaq. Ukrayna qoşulmasa, ittifaq dağılacaq. Ona görə də bütün məsələlər, o cümlədən Rusiyanın taleyi Ukraynada həll olunur».

Bunu Ukrayna prezidenti haqqında yazılmış «Əfsanəyə çevrilmə haqqı» kitabının müəllifi Çingiz Abdullayev Media forum saytına müsahibəsində deyib:

«Avropa son prosesləri qəsdən təşkil edib ki, Ukrayna Rusiya ilə birlikdə olmasın. Vəziyyət çətindir».

Amma yazıçı Ukrayna prezidenti Viktor Yanukovych-in yaranmış vəziyyətdən çıxa biləcəyini deyir:

«Çünki o, prosesləri obyektiv formada qiymətləndirə bilir. Hesab edirəm ki, dövlət başçısı bu məsələləri yavaş-yavaş həll edə biləcək. Amma Yanukovych də oyun oynayır, həm Rusiya, həm də Qərblə yaxşı əlaqələr qurmaq, dost, müttəfiq olmaq, balanslı siyasət aparmaq istəyir, heç kimin xətrinə dəyməməyə çalışır».

İLHAM ƏLİYEV: «BAKI NADİR BİR ŞƏHƏRDİR»

«Bakı nadir bir şəhərdir. Təkcə gözəlliyinə görə yox, ona görə ki, Bakıda bir neçə mərkəz var. Adətən, şəhərlərdə, hətta böyük şəhərlərdə bir, ya iki mərkəz olur, ancaq Bakıda bir neçə mərkəz var».

«Azərbaycan» qəzetinin yazdığına görə, bunu prezident İlham Əliyev Bakıda «Dədə Qorqud» parkının açılışında deyib:
İlham Əliyev Dədə Qorqud parkının açılışında
İlham Əliyev Dədə Qorqud parkının açılışında

«Bakı şəhəri artıq parklar, bağlar şəhərinə çevrilib. İçərişəhər Bakının mərkəzidir. Azadlıq Meydanı, Bulvar şəhərin mərkəzidir. Yeni Bulvar, tikilməkdə olan Ağ Şəhər Bulvarı, Heydər Əliyev Mərkəzi artıq şəhərin mərkəzinə çevrilib. Heydər Əliyev Sarayının önündə və arxa hissəsində salınmış yeni parklar, - onların uzunluğu bir kilometrdən çoxdur, - mərkəzə çevrilib. Yəni, bu, şəhərimizin xüsusiyyətidir. Əlbəttə, bu parkın açılması həm insanların istirahəti üçün yeni imkanlar yaradacaq, eyni zamanda, şəhərin bu hissəsinin abadlaşdırılmasına xidmət göstərəcək. Biz gözəl şəhərimizin daha da gözəlləşdirilməsi işində bundan sonra daha böyük işlər görəcəyik».

İBRAHİMBƏYOVUN GƏLMƏMƏSİ İLƏ PERSPEKTİVİNƏ SON QOYULAN MİLLİ ŞURA

«Milli Şuranın perspektivi prezident seçkilərindən əvvəl Rüstəm İbrahimbəyovun Azərbaycana gələ bilməməsi ilə müəyyən olunub. İndi təzədən perspektivdən danışmağa dəyməz».

Bunu «Kaspi» qəzetinə müsahibəsində Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib:

«O zaman ümid var idi ki, Rüstəm bəy Azərbaycana gələcək və hansısa ciddi dəyişikliklər olacaq. Lakin bu ümidlər özünü doğrultmadı».

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
İsa Qəmbərin Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsinə qarşı çıxmasını isə ADP sədri bəhanə sayır:

«Yaşananların iki əsas səbəbi var. Birincisi, Rüstəm İbrahimbəyovun Müsavatla digər qüvvələrə olan münasibətindəki ayrı-seçkilikdir. Açıq-aşkar hiss olunur ki, Rüstəm bəy Müsavata tamam fərqli yanaşır. O, deyir ki, Müsavat Milli Şuradan gedirsə-getsin, bununla heç nə dəyişməyəcək. İkincisi isə, Müsavatın öz fəaliyyətini, hərəkətini əsaslandırmaq cəhdi, Rüstəm İbrahimbəyova münasibətidir».

«ÇOXSAYLI MƏMURLAR HƏBS EDİLƏ BİLƏR»

«Azadlıq» qəzeti yazır ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ünvanlı sosial yardım alan vətəndaşların siyahısını açıqlanmasından sonra çoxsaylı məmurlar həbs edilə bilər.

«Siyahının açıqlanmasından sonra bəlli olub ki, bəzi vətəndaşların özlərindən xəbərsiz onların adına ünvanlı sosial yardım yazılıb. Bu hal daha çox bölgələrdə müşahidə olunub. Məlumatlara görə, ünvanlı sosial yardımlarının verilməsi ilə bağlı bu maxinasiyada icra hakimiyyətlərinin də müstəsna rolu var. Hazırda bu məsələ ilə bağlı ciddi araşdırmaların aparılır. Araşdırmaların nəticəsi olaraq kütləvi məmur həbsi gözlənilir».

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
«QANUN» NAZİRLİKLƏ 2-Cİ MƏHKƏMƏYƏ HAZIRLAŞIR

Vergilər Nazirliyi «Qanun» nəşriyyatında aparılan yoxlama işlərinin müddətini daha bir ay uzadıb.

Bu barədə Modern.az-a nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məlumat verib:

«...işlərimizi görürük, xarici müəlliflər və nəşriyyatlarla müqaviləmiz var. İşlər davam edir. Ancaq yenə də yoxlama işlərinin yaratdığı narahatlıq qalmaqdadır».

Ş.Xuduoğlu deyir ki, Vergilər Nazirliyi yanında olan Audit İdarəsini məhkəməyə veriblər:

«Səbəb budur ki, dövlət məmuru səlahiyyətindən istifadə edərək, zorakı üsulla sənədləri götürüb. Artıq birinci məhkəmə iclası olub, ikinci məhkəmə iclasında gələn həftə olmalıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG