Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:14

Ankaranın üç əngəli


Ahmet Davutoğlu Yerevanda, 12 dekabr 2013
Ahmet Davutoğlu Yerevanda, 12 dekabr 2013
-
Türkiyə xarici işlər naziri Ahmet Davutoğlu Yerevanda həmkarı Edward Nalbandian-la görüşdü. Görüşdən sonra geniş açıqlama verilmədi. «Nə oldu? Necə oldu? Hansı məsələlər dartışıldı? Nədə ortaq məxrəc alındı?» və s. suallar Türkiyə və Ermənistan olduğu kimi, Azərbaycanda da maraq doğurur.

Davutoğlu Yerevana getməzdən öncə Türkiyə mediası yazırdı ki, Ermənistan işğal etdiyi rayonlardan, azı, ikisini Azərbaycana qaytararsa, Ermənistanla sərhədlər açılacaq və qarşılıqlı alış-veriş canlanacaq. Sonradan həm Ankara – Davutoğlu-nun dilindən, həm də onun erməni həmkarı bu xəbəri yalanlamışdılar.

İstanbulda erməni dilində çıxan «Jamanak» qəzetinin baş redaktoru Ara Gochunyan AzadlıqRadiosunun erməni xidmətinə məlumatında Yerevanda gerçəkləşən görüş barədə bəzi bilgilər verib. Gochunyan da Davutoğlu ilə birgə Ermənistan paytaxtında olub. O, iki nazir arasında görüşün isti keçdiyini dilə gətirib:

«Davutoğlu dedi ki, tərəflərin mövqeyində fərqliliklər var, ancaq Türkiyə tərəfi, belə görüşlər tez-tez keçirilərsə, müsbət nəticə ola biləcəyini düşünür. Ankara Yerevanla ən yaxşı səviyyədə münasibət qurmaq istəyir. Nazirlər arasında açıq və səmimi söhbət olub. Aydındır ki, hər şeyi dərhal həll etmək imkansızdır, amma heç görüşmədən problemləri çözmək mümkün deyil. Dialoq aparmaq vacibdir».

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda «Ermənistan Türkiyə ilə münasibətlərinin qeyd-şərtsiz tənzimlənməsinə dair prinsipial mövqeyini bir daha təsdiqləyib» sözləri vurğulanır və görüşün «isti» atmosferindən söz açılmır.

ANKARANIN ÖNÜNDƏ 3 CİDDİ ƏNGƏL VAR

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanla münasibətləri nizamlamaq üçün Ankaranın yol xəritəsi hazırladığını xatırladır:

«Həmin yol xəritəsində də ilk maddə Ermənistanın Qarabağ ətrafındakı iki rayonu boşaltmasıdır. Bundan sonra Türkiyə-Ermənistan münasibətləri nizamlanmalıdır. Nalbandyan qeyri-şərtsiz Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarı olduğunu deyirsə, bu o deməkdir ki, Ermənistan hakimiyyəti iki rayonun azad olunması şərtini qəbul etmir».

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Şahinoğlunun fikrincə, demək əngəllər var və bu əngəllər aşılmadan Ankaranın yol xəritəsinin işə düşəcəyi və iki rayonun azad olunacağı gözlənilən deyil:

«Ankaranın qarşısında 3 ciddi əngəl var. Birinci əngəl elə Azərbaycan hakimiyyətidir. Böyük ehtimalla Ankara bu dəfə Ermənistanla münasibətlər məsələsini rəsmi Bakı ilə razılaşdırıb. Ancaq Azərbaycan Ermənistandan iki yox, beş rayonun azad edilməsini tələb edir. İkinci maneə də Ermənistan hakimiyyətinin özüdür. Çünki Ermənistan prezidenti Serzh Sargsyan daxildəki millətçi qüvvələrlə hesablaşmalıdır. Əks halda Sargsyan daxildəki qüvvələrlə üz-üzə qalacaq. Üçüncü əngəlsə Rusiyadır. Bu ölkə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasını istəmir. Axı bu halda Ermənistanın Rusiyadan asılılığı azalacaq. Rusiyanın hərbi və siyasi dairələri bununla razılaşmaz».

DAVUTOĞLU AXTARIŞDA, ERMƏNİSTAN TƏMKİNLİ

Ahmet Davutoğlu ilə birlikdə Yerevana getmiş Robert Koptaş bugünkü məqaləsinin adını belə qoyub – «Davudoğlu axtarışda, Ermənistan təmkinli». O, İstanbulda çıxan «Agos» qəzetinin baş redaktorudur.

Robert Koptaş yazır ki, Davutoğlu təyyarədə jurnalistlərlə söhbətində maraqlı mesajlar verib. Nazir bildirib ki, başlıca hədəfləri Ermənistanla sərhədlərin açılması deyil, Qafqazda sülhün bərqərar olmasıdır.

Koptaş da onu da yazır ki, Davutoğlu Ermənistana Qarabağ ətrafındakı erməni nəzarətində olan bölgələrdən ikisindən çəkilmə təklifi ilə getməsi xəbərləri yalanlayıb:
Edward Nalbandian və Ahmet Davutoglu, Yerevan, 12 dekabr 2013.
Edward Nalbandian və Ahmet Davutoglu, Yerevan, 12 dekabr 2013.

«Davutoğlu əllərində hazır bir forma olmadığını, dialoq yolu ilə bölgədəki donmuş sualların yenidən müzakirə edilə biləcəyi bir ortamı yaratmağa çalışdıqlarını dedi».

«Agos»un redaktoru Yerevanda da həmkarlarının ona tez-tez Davutoğlu-nun Nalbandian-la iki rayondan çəkilmə mövzusunda təklifi və bu səfərin niyə indi baş tutması haqqında suallar verib.

DAVUTOĞLU: «HƏDƏFİMİZ, SADƏCƏ, TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDİNİN AÇILMASI DEYİL»

«Hürriyet» qəzeti yazır ki, Ahmet Davutoğlu təkcə Türkiyə-Ermənistan sərhədinin açılmasını deyil, Qafqazda sülh şəraitinin formalaşmasını düşünür.

Davutoğlu deyib ki, «Bu işin 3 ayağı var. Birincisi, Türkiyə-Ermənistan əlaqələri. Biz Bashar Assad ilə dost idik. Ancaq bu gün mən Ermənistana gəldiyim kimi, Dəməşqə gedə bilmərəm. Salamlaşmağımız belə çətindir. İkincisi, Azərbaycan-Ermənistan əlaqələridir. Buna, əslində, Cənubi Qafqazda etnik sülh deyə bilərik. Gürcü-abxaz əlaqələri də buna daxildir. Önəmli olan bölgədə gərginliyin aradan qalxmasıdır. Üçüncüsü, türk-erməni əlaqələridir. Yəni, Los-Ancelesdə, Parisdə, Moskvada – harada olursa olsun, türklərlə ermənilər arasındakı problemin ortaq nöqtəyə çatdırılmasıdır».

«MÜHARİBƏ BAŞLASA, YENƏ SƏRHƏDİ BAĞLAMAQ MƏCBURİYYƏTİNDƏ QALACAĞIQ»

Türkiyənin xarici işlər naziri sadaladığı üç məsələdən heç birinə xələl gəlməməsini şərt sayır:
Türkiyə - Ermənistan sərhədi
Türkiyə - Ermənistan sərhədi

«Deyək ki, biz sərhədi açdıq. Sabah Azərbaycan-Ermənistan sərhədində müharibə başlasa, yenə bağlamaq məcburiyyətində qalacağıq. Ən çətin şey donmuş status-kvonun buzunu əritməkdir. Bu zaman yeni bir müharibə də başlaya bilərsiniz. Buzu bir anda əridim deyərkən, buz elə sınar ki, siz də altında qalarsınız».

Davutoğlu «işin irəli getməsi üçün» nə vaxt xaricə getsə, erməni diasporu nümayəndələri ilə görüşməyə önəm verdiyini də söyləyib.

Türkiyə xarici işlər naziri Yerevanda isti qarşılanmayıb. Qalacağı otelin qarşısında onu 1915-ci il hadisələrini soyqırımı kimi tanımağı tələb edən etirazçılar gözləyib. Türkiyə mediasının yazdığına görə, bu səbəbdən Davutoğlu otelə arxa qapıdan girməyə məcbur qalıb. Nalbandian-la görüşsə bir saatdan çox çəkib.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində «Diplomatik münasibətlərin təsisi» və «İkitərəfli əlaqələrin inkişafı» protokollarını imzalayıblar. Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tutmuşdu. İkinci protokol hər iki ölkənin parlamentində ratifikasiya olunandan sonra iki ay içində Türkiyə ilə Ermənistan arasındakı sərhədlər açılmalıydı.
Sözügedən razılaşma Azərbaycanın kəskin etirazı ilə qarşılandı. Bundan sonra Ankara protokolların parlamentdə təsdiqlənməsi üçün Dağlıq Qarabağ probleminin həllinin əsas götürüləcəyini bildirdi.
XS
SM
MD
LG